Məhkəmə qərarları › İş №2(103)-7975/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7975/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7975/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(011)-3590/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 34/76 saylı binanın «B» bloku, 2 otaqlı, 31 saylı mənzilə (bundan sonra – Mənzil) onun istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 17 yanvar 2018-ci ildə nikaha daxil olmuş və Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 13.10.2020-ci il tarixdə nikahları ləğv edilmişdir. Cavabdeh birinci Qarabağ döyüşlərinin iştirakçısı olaraq mənzil növbəsində olmuş və 20 iyul 2020-ci il tarixdə Xətai rayonu, İ.İsmayılov küçəsi 34/76 saylı evin «B» blok 31 saylı 2 otaqlı mənzilini almışdır. Onunla nikahda olduğu zaman mənzil növbəsində ailə üzvü olaraq onun barəsində aidiyyatı qurumlara lazımi məlumat verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(011)-3590/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmuşdur, belə ki, mənzil növbəsinə tələb olunan sənədləri təqdim edərkən 17.01.2018-ci il tarixindən sonra cavabdehin hansı səbəbdən ailə tərkibində dəyişiklik olması barədə aidiyyəti qurumlara məlumat verməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, cavabdeh həmin ünvana 20 iyul 2020-ci il tarixində rəsmi order almışdır, həmin tarixdən ora köçə bilərdi. Cavabdehin mənzil növbəsi olması ona məlum olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, cavabdeh ikinci qrup Qarabağ müharibəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı) əlilidir. Bununla bağlı, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2011-ci il tarixli, 414 nömrəli Sərəncamı əsasında ailə tərkibi dörd nəfər olmaqla (özü, həyat yoldaşı (keçmiş), qızı, oğlu) ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmiş, 21 iyul 2021-ci il tarixdə isə iki nəfər ailə üzvü (övladları X1 və X2) nəzərə alınmaqla mənzillə təmin edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 17.01.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahı Ağsu Rayon Məhkəməsinin 2(016)-189/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, iddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1862/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış və tərəflər arasında 17.01.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 131 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdeh 12.10.2020-ci il tarixdə Bünyatova (Rzayeva) Ramilə Rza qızı ilə yenidən nikaha daxil olmuşdur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdehin ailə tərkibində dəyişiklik olması barədə aidiyyəti qurumlara məlumat verməməsinin əsassız olmasına, qəsdən onun adının mənzil növbəsinə təqdim edilməməsinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər 17.01.2018-ci il tarixdə nikaha daxil olmuşlar və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1862/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, mənzil cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı ikinci qrup Qarabağ müharibəsi əlili olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (sosial məqsədlə) verilmişdir. Bununla bağlı AR ƏƏSMN-nin tabeliyində Sosial Xitmələr Ağentliyinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərdiyi 01.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2011-ci il tarixli, 414 nömrəli Sərəncamı ilə ailə tərkibi dörd nəfər olmaqla (özü, həyat yoldaşı (keçmiş) Bünyatova (Rzayeva) Ramilə Ramiz qızı, qızı – X1, oğlu-X2) olmaqla, ikinci qrup Qarabağ əlili kimi mənzil növbəsinə qəbul edilmiş və Sərəncamın icrası çərçivəsində A.Bünyatov 21.07.2020-ci il tarixində iki nəfər ailə üzvü (X1 və X2) nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 34/76 saylı binanın «B» bloku, 2 otaqlı, 31 nömrəli mənzillə təmin edilmişdir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsində müəyyən edilmişdir ki, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. İşin şərh edilən faktiki hallarından və adı çəkilən müddəalardan da göründüyü kimi cavabdeh qanunla müəyyən edilmiş qaydada uçota alındığı mənzil növbəsi üzrə mübahisəli mənzillə təmin edilmişdir. Bu halda, cavabdeh sosial kirayə müqaviləsinin tərəfi olaraq, yəni kirayəci kimi öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır (Mənzil Məcəlləsinin 69.1-ci maddəsi). İddiaçı da, məhz cavabdehin ailə üzvü kimi mənzilə istifadə hüququnun tanınmalı olmasını hesab edir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri Mənzil Məcəlləsinin 68-ci maddəsi tənzimlənir. Həmin maddəyə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (68.1-ci maddə). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (68.2-ci maddə). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (maddə 68.3-cü maddə). Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin nikahı 13 oktyabr 2020-ci il tarixdə pozulmuş, mənzil isə cavabdehə 21 iyul 2021-ci il tarixdə verilmişdir. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş faktiki hallardan görünür ki, mübahisəli mənzil cavabdehə verilməmişdən əvvəl iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulmuş və onlar birlikdə yaşamamışlar. Bundan başqa, iş materiallarında olan AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin 01.06.2021-ci il tarixli məktubunda da Mənzilin cavabdehə iki nəfər ailə üzvü - X1 və X2 nəzərə alınmaqla verildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol verməmiş və mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(011)-3590/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar