Məhkəmə qərarları › İş №2(103)-7980/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7980/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7980/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 47 200 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-yə olan borcunu bağlamaq üçün cavabdehlərlə razılaşmaya görə 18.08.2010 tarixli alqı-satqı müqaviləsinə əsasən onların ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.m olan mənzili 80 000 manata satmış, həmin məbləği borcunun ödənilməsi üçün banka ödəmiş, mənzilin satışından sonra cavabdehlər və onların valideynləri onun ünvan 2 ünvandakı mənzilində yaşamış, valideynlərinin ölümündən 2-3 ay sonra isə - 2012-ci ildə - mənzildən çıxaraq oranı boşaltmışlar. Razılaşmaya görə cavabdehlər onun mənzilini 2012-ci ildən 2018-ci ilədək Ukrayna vətəndaşı Kuçmenko Alekseyə icarəyə vermiş, 2012-ci ilin oktyabr ayından 2014-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə 500 manat olmuş, cavabdehlər borcun əvəzi kimi ümumilikdə 39 200 manatı mənzilin aylıq kirayə haqqından almışlar. Bu hal Bakı şəhəri Səbail RPİ-də X4 ərizəsinə əsasən aparılan araşdırma zamanı öz təsdiqini tapmış, araşdırma nəticəsində evdə kirayə qalan Ukrayna vətəndaşlarının izahatlarından sonra cinayət işinin başlanması barədə rədd qərarı verilmişdir. Mənzildə kirayə qalan Ukrayna vətəndaşı Kuçmenko Aleksey aparılan həmin araşdırma zamanı polisdə verdiyi izahatında bildirmişdir ki, ondan mənzil kirayə haqlarını X8 almışdır. Bundan əlavə, cavabdehlərə borc məbləğini ödəmək üçün öz adına depozit hesabı açmış, hər ay həmin hesaba min manat qoymuş, Cavabdeh1 Beybala qızı bankda hesab açandan sonra öz hesabından onun bank hesabına 5000 manat köçürmüşdür. Eyni zamanda o, Cavabdeh2 Beybala oğlunun xahişi ilə onun tanışı olan Nəzakət adlı xanımın əvəzinə sonuncunun banka olan 3000 manat borcunu ödəmiş, beləliklə də, tərəfindən cavabdehlərə ümumilikdə 47 200 manat verilmişdir. Cavabdeh1 Beybala qızının ona qarşı Bakı şəhəri Səbaıl rayon Məhkəməsinə verdiyi iddia həmin məhkəmənin 30.10.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, məhkəmənin verdiyi bu qərara görə ondan Cavabdeh1 xeyrinə 80 000 ABŞ dolları tutulması, həmin məbləğdən 44 200 manat çıxılmaqla qalan məbləğin Cavabdeh1 Beybala qızına ödənilməsi qət olunmuşdur. Həmin birinci instansiya məhkəmə iclasında Cavabdeh1 kirayə haqqı kimi Kuçmenko Alekseydən ümumilikdə 39 200 manat aldığını etiraf etmiş və bu, məhkəmə iclas protokolunda əks olunmuşdur. Bu qətnamədən verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmə kollegiyasının 11.03.2020-ci il tarixli qətnaməsi ilə İradə Abbasovanın iddia ərizəsi qismən təmin edilərək, ondan Cavabdeh1 xeyrinə 80 000 manat tutulması qət edilmiş, kirayə haqqına görə ayrıca iddia vermək hüququnun olduğu ona izah olunmuşdur. Ali Məhkəmənin 22.02.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehlərə olan borc öhdəliyinin məbləği məhkəmə qərarı ilə 80 000 manat müəyyən edilmişdir və belə olan halda cavabdehlərə ödəmi olduğu pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul olmaqla onlar onun hesabına 47 200 manat məbləğində əsassız varlanmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 4999 (dörd min doqquz yüz doxsan doqquz) manatın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, işi tam və hərtərəfli araşdırmadığını, əsassız qərar çıxardığını irəli sürmüşdür. Qətnamədən cavabdehlər də apellyasiya şikayəti verərək onun iddianın qismən təmin olunan hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətlərini, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, 4999 manatın əvvəlki məhkəmə mübahisələri zamanı faktiki olaraq İddiaçı xeyrinə hesablandığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışlar. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər onun mənzilini kirayəyə vermək barədə onunla məsləhət edəndə, o bu şərtlə mənzilinin kirayəyə verilməsinə razı olmuşdur ki, onlar aldıqları kirayə haqqını həmin mənzili onun borcuna görə bankda girovda olduğu üçün banka köçürsünlər. Cavabdehlər bu şərtlə razılaşaraq ünvan 2 ünvandakı mənzilini 2012-ci ildən 2018-ci ilin iyun ayınadək kirayə vermiş, ümumilikdə 39 200 manat kirayə haqqı almış, lakin razılaşmaya əməl etməyərək, aldıqları kirayə haqqlarını onun banka olan borcunun ödənilməsinə görə banka köçürməmiş, əsassız varlanmışlar. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X6 da apellyasiya şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İradə Abbasova öz apellyasiya şikayətlərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı onun qardaşı Cavabdeh2 yaxın dostu, evlərinə gedib-gələn adam olmuş, 2010-cu ildə banka olan borclarını ödəməsinə kömək etmək üçün ataları, professor X7 (Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü) mənzillərin dəyişdirilməsi təklifi ilə üz tutmuş, əks halda üç evinin hamısı borcu ödəmədiyinə görə tamamilə bankın əlinə keçəcəyini bildirmi, o və qardaşı, atası və anası uzun müddət razılaşmasalar da, sonradan, iddiaçının onlara təklif etdiyi mənzilin sahəsi onların mənzilindən 20 kv.m. daha böyük olduğu üçün yaşadıqları yeganə özəlləşdirilmiş mənzillərini (A. Ələkbərov küçəsi 508 məhəllə, ev 12, m. 8) satmaq və borclarını ödəmək üçün iddiaçıya verərək onun evinə köçmüş, oraya pasport qeydiyyatına alınmışlar. Onların yeganə mənzilini iddiaçı 85 000 ABŞ dollarına sataraq banka olan borcunu ödəmişdir. İddiaçının onları aldatmağa çalışacağını gözləməmiş, ondan bir neçə dəfə xahiş etmişlər ki, evlərinin eyni qiymətinə malik bir mənzil qaytarsın. İddiaçı onlara “Sizə pul verim yaxud mənzil alım?” deye-deyə icranı uzatmış, 2010-cu ilin oktyabr ayında anaları, 16.02.2012-ci ildə isə ataları rəhmətə getmiş, iddiaçının onlara verdiyi mənzilin sənədini iddiaçıdan almaq üçün pul toplamağa başlamışlar. Mənzil məsələsinin həllindən iddiaçının boyun qaçırmasını gördükdə, Xruşov lahiyəli mənzillərinin dəyərinin onlara ödənilməsi ilə bağlı borc qəbzi verməsi üçün iddiaçıya müraciət etmiş, sonuncu ödənişin 3 il uzadılmasını istəyərək qəbzi imzalamışdır. Lakin iddiaçı onların xəbərləri və iştirakları olmadan evi satmış, məhkəmə işlərinə başlamış, 2018-ci ilin yanvar ayında onları pasport qeydiyyatindan çıxarmışdır. İddiaçı qarşı qaldırdıqları iddia Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin olunmuş, xeyirlərinə 80 000 manat pul tutulmuş, həmin işə baxılarkən məhkəmələr Elmanın ona ödədiyi 5000 manatı nəzərə almışlar. Buna görə də bu məbləğin təkrarən ondan tutulması qanunsuzdur. Bacı-qardaş olaraq uzun müddətdir ki, mənzillsizdirlər və iddiaçı məhkəmə qərarı ilə onlara ödəməli olduğu pulu ödəməmək üçün yenə bir bəhanə ilə hazırki iddianı irəli sürmüşdür. 2012-ci ildə onlar özgə mənzilində yaşamaq istəməyərək iddiaçının mənzilindən çıxmış, mənzili iddiaçının razılığı ilə kirayəyə vermiş, lakin aralarında həmin kirayə haqqını iddiaçının borcuna görə banka köçürmələri haqqında hər hansı bir razılaşma olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da bacısının izahatı ilə razılaşdığını bildirmiş, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, cavabdehlərin atalarına məxsus olmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.m olan mənzil İddiaçı tərəfindən satılaraq əldə olunan məbləğ onun (İddiaçı) banka olan borcunun ödənilməsinə yönəldilmiş, mənzillərinin satılmasından sonra cavabdehlər və onların valideynləri İddiaçı məxsus ünvan 3 ünvandakı mənzildə yaşamış, 2012-ci ildə oradan çıxaraq mənzili iddiaçının razılığı ilə Ukrayna vətəndaşı Kuçmenko Alekseyə icarəyə vermiş, 2012-ci ilin oktyabr ayından 2014-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə 500 manat olmuş, kirayə pulları İradə Abbasovaya ödənilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı cavabdehlər qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyindən İradə Abbasova ona qarşı “borcun ödənilməsi və zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı Cavabdeh1 xeyrinə 80 000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğdən 44 200 manat çıxılmaqla yerdə qalan məbləğin Cavabdeh1 ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunaraq İddiaçı Cavabdeh1 xeyrinə 80 000 manat tutulması barədə yeni qətnamə çıxarılmış, həmin qətnamə Ali Məhkəmənin 22.02.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Elman X1 adından etibarnamə əsasında çıxış edərək Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanılmış 18 avqust 2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncunun mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili X3 80 000 manata satmış, 08.02.2014-cü il tarixdə yazdığı “Borc qəbzi” adlı sənədlə İradə Abbasovadan həmin mənzili borc olaraq götürdüyü və ona 3 il müddətində təmirli özəlləşdirilmiş mənzil qaytaracağı barədə iltizam vermiş, 18.02.2019-cu il tarixdə yazdığı və şahidlər tərəfindən imzalanmış “İltizam” adlı sənəddə də cavabdehlərdən mənzil götürüb satdığını göstərməklə üç il ərzində eyni vəziyyətdə mənzili, ya da o mənzili almaq üçün pul ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçının iddiasına görə cavabdehlərlə, mənzilinin kirayəyə verilməsi nəticəsində əldə olunan pulun onun banka olan borcunun ödənilməsinə yönəldiləcəyi barədə razılaşma olsa da, cavabdehlər razılaşmaya əməl etməmiş, o isə İradə Abbasovaya olan borcuna görə 5000 manat, eyni zamanda Cavabdeh2 xahişi ilə onun tanışı Nəzakət adlı xanımın əvəzinə sonuncunun banka olan 3000 manat borcunu ödəmiş, beləliklə də, tərəfindən cavabdehlərə ümumilikdə 47 200 manat verilmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini İradə Abbasovaya və digər cavabdeh İlham Abbasovun xahişi ilə başqa şəxsə verdiyini, həmçinin cavabdehlərlə, mənzilinin kirayəyə verilməsi nəticəsində əldə olunan pulun onun banka olan borcunun ödənilməsinə yönəldiləcəyi barədə razılaşma olduğu halda, cavabdehlərin bu razılaşmanı pozaraq kirayə pulu hesabına əsassız varlandıqlarını sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, tələb etdiyi 39 200 manat kirayə pulu baxımından iddiaçı həmin halı sübuta yetirə bilməmişdir; əksinə, Ali Məhkəmənin iş materiallarında olan 22.02.2021-ci il tarixli qərarından görünür ki, İradə Abbasovanın həmin iş üzrə irəli sürdüyü iddia tələbinə məhz eyni arqumentlə (mənzilinin kirayəyə verilməsi nəticəsində əldə olunan pulun onun banka olan borcunun ödənilməsinə yönəldiləcəyi barədə razılaşmanın olması) etiraz edən İddiaçı bu etirazına aşağıdakı kimi münasibət bildirilmişdir: “İddiaçıya (İradə Abbasovaya) həmin məbləğlərin ödənilməsi qəbul edilsə də, onların borcun ödənilməsinə hesablanmasına dair sübutlar mövcud deyildir. Əksinə iş materiallarında olan 18 fevral 2019-cu il tarixli iltizamda cavabdeh (İddiaçı) iddiaçıya (İradə Abbasovaya) yeni mənzil alınmasını və ya bu məqsədlə pul ödənilməsini öhdəsinə götürmüş, mülkiyyətində olmuş mənzilin kirayəyə verilməsi nəticəsində alınan vəsaitin borcdan çıxılacağını qeyd etməmişdir.” Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktı ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələyə qiymət verilmiş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının “39 200 manat pulun cavabdehlərdən tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya iddiaçının, “3000 manatın tutulması” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünkü iddiaçı, həmin tələbinin araşdırılmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir. Cavabdehlərin apellyasiya şikayəti ilə bağlı isə qeyd olunmalıdır ki, İddiaçı İradə Abbasovanın hesabına 01.10.2019-cu il tarixdə 4999 manat köçürdüyü işin materialları ilə müəyyən olunur və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 11.03.2020-ci il tarixli qətnaməsində gəlinən, “məhz bu münasibətlərdən irəli gələn İddiaçı tərəfindən ödənişlərin edilməsi və ya əvəzləşdirilməsi sübuta yetirilmir” qənaəti əsas götürüldüyündə, həmin vəsait X12 Məmmədovun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1298/2021 saylı iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar