Məhkəmə qərarları › İş №2(103)-7981/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7981/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7981/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan iddiaçı Bankın ləğvedicisi olan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin hüquq varisi müəyyən edilənə kimi hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Sonradan Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh adına ölkə daxilində fəaliyyət göstərən notariat ofislərində vərəsəlik işi açılmamışdır. Bunu nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə Bankın irəli sürdüyü iddia ərizəsinə dair mülki işin icraatına xitam vermişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, lakin barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki işin icraatına başqa əsasla xitam verilməlidir. Belə ki, barəsində şikayət verilmiş qərardadı Rayon Məhkəməsi onunla əsaslandırmışdır Cavabdeh vəfat etdiyindən və onun hüquq varisləri olmadığından iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Həmin qərardaddan iddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, çünki mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi düzgün müəyyən edilməmişdir. Məhkəmə nə Rayon Məhkəməsinin nə də ki, Fondun əsaslanması ilə razılaşmır. Belə ki, MPM-nin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 928433 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddia ərizəsində adı cavabdeh kimi qeyd olunmuş Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bankın iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Bununla da, müəyyən edilir ki, Cavabdeh iddiaçı Bank hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etməmişdən 13 ay əvvəl ölmüşdür. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. MPM-nin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü maddəsinə görə, iddia tələbi yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh artıq 13 ay əvvəl öldüyündən o, hazırki iş üzrə tərəf olmamışdır. Belə olan halda Rayon Məhkəməsi bu halı müəyyən etdiyi andan iş üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsasən, yəni işə bu qaydada baxıla bilməz əsası ilə xitam verməli idi. Çünki MPM-nin yuxarıda artıq qeyd olunmuş maddi və prosessual hüququ normalarının tələbinə görə Cavabdeh hazırki iş üzrə cavabdeh olmamışdır. Qeyd olunan halı nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi prosessual hüquq normanın tətbiqində səhvə yol vermişdir. Odur ki, göstərilənlərə və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş üzrə icraata, yuxarıda qeyd edilən əsasla, xitam verilməlidir. Eyni zamanda Məhkəmə iddiaçı Banka izah edir ki, Bank, mərhum Cavabdeh vərəsələrini müəyyən etdikdən sonra vərəsələrə qarşı müvafiq iddia tələbləri irəli sürərək müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-nin 365, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə xitam verilsin. İddiaçı ASC-yə izah edilsin ki, o, mərhum Cavabdeh vərəsələrini müəyyən etdikdən sonra vərəsələrə qarşı müvafiq tələbləri irəli sürərək müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar