Məhkəmə qərarları › İş №2(103)-7988/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7988/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7988/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-745/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra MTK) qarşı “mənzilin və açarların təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının, giriş B blokunun 9-cu mərtəbəsində, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan B02 nömrəli üç otaqlı mənzilin və açarlarının iddiaçı şəxsə təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. MTK cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3 gırişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 1302 nömrəli mənzilə dair MTK ilə cavabdeh arasında bağlanmış 03 noyabr 2018-ci il tarixli B-061/09 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-745/2021 saylı, 20 aprel 2021ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili və mənzilin açarları İddiaçı təhvil verilmiş, qalan hissədə ilk iddia təmin olunmamış, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İddiaçı və cavabdeh MTK qətnaməni mübahisələndirməmişlər. Qətnamədən üçüncü şəxs MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: MMC qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Belə ki, MMC ilə MTK arasında podrat müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, MMC sifarişçi, Cavabdeh MTK podratçıdır. Həmin podrat müqaviləsi ilə MTK-nın iddiaçı ilə bağladığı müqavilənin birbaşa əlaqəsi yoxdur. İkincisi, MMC MTK-nın binadan sahələri özgəninkiləşdirmək hüququ olmaya-olmaya həmin sahələrə dair alqı-satqı müqaviləsi bağlamasından xəbər tutduqdan sonra MTK-ya dəfələrlə xəbərdarlıq etmiş, bundan sonra MMC-nin müraciəti əsasında AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində MTK-nın vəzifəli şəxsi barəsində CM-in 178.3.2, 308.1 və 313-cü maddələrinə əsasən cinayət işi başlanamış və istintaqı gedir. Nəhayət, iddiaçı ilə MTK arasında bağlanmış müqavilədən MMC-nin məlumatı olmamışdır ki, buna razılıq da versin. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət formal xarakterlidir, göründüyü kimi, cavabdeh qətnaməni mübahisələndirməmiş, üçüncü şəxs şikayət versə də, iclaslara gəlmir, MTK ilə MMC-nin arasında ilk gündən belə bir razılıq olub, əks halda MTK həmin binada onlarla mənzili heç cürə sata bilməzdi, sonradan onların arasında hansısa ixtilafın olması, alıcı kimi vətəndaşın hüququnun pozulması üçün əsas ola bilməz, nümayəndə MMC ilə MTK arasında sonradan bağlanmış təhvil-təslim aktı və üçtərəfli müqavilənin surətini təqdim etdi, eyni zamanda həmin sənədlərin əslinin AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işi materialarında olduğunu bildirdi, göstərdi ki, həmin sənədlərin surəti də bunu təsdiq edir ki, onlar mənzilləri əldə olunmuş birgə razılığa əsasən vətəndaşlara satmışlar, ona görə də şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, MTK və MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasından yayınmışlar. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-sifarişçi ilə Cavabdehpodratçı arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 2 ünvanda yerləşən üç bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri il bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəldilər. Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 03 noyabr 2018-ci il tarixli B-61/09 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.300 (bir min üç yüz) manat təşkil edir (2.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 198.159 (bir yüz doxsan səkkiz min bir yüz əlli doqquz) manat təşkil etmişdir (2.2-ci bənd). Mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri payçı tərəfindən tam ödənildikdə kooperativ payçıya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışını) təqdim etməlidir (2.7-ci bənd). Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə payçıya təhvil verilməsini təmin edir (3.1-ci bənd). Payçı almış olduğu üç otaqlı tam sahəsi eyvanla birlikdə 152,43 kv.metr olan mənzilin sahəsinin hər kvadrat metri üçün 1.300 (bir min üç yüz) manat olmaqla, cəmi 198.159 (bir yüz doxsan səkkiz min bir yüz əlli doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür (4.1-ci bənd). Cavabdeh 07.12.2018-ci il tarixli kassa mədaxil orderinin №0055 saylı qəbzindən məlum olur ki, V.Zeynalov tərəfindən mənzilə görə 198.159 manat kassaya mədaxil olunmuşdur. Cavabdeh 03 noyabr 2018-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh ünvan 1 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun doqquzuncu mərtəbəsində yerləşən B02 nömrəli mənzil, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan üç otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil-Tikinti Kopperativinə B-61/09 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi: -Sifarişçi MMC ilə podratçı MTK arasında 21.01.2020-ci il tarixli “Mənzillərin bölgü akt”ı imzalanmışdır. Həmin aktdan məlum olur ki, tərəflər 07.01.2020-ci il tarixdə imzaladıqları “Təhvil-təslim AKT”-ına əsasən sifarişçi podratçıya görülmüş işlərin əvəzi kimi natura formasında 62 ədəd (6700 kv.m.ümumi sahəsi olan) mənzilin verilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq edirlər ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi "xxxx" MMC tərəfindən A bloku üzrə, ümumi sahəsi 1672,92 kv.m olan olan 24 ədəd mənzilin podratçı Cavabdeh MTK-ya verilməsi barədə razılığa gəldilər. - 25.02.2020-ci il tarixli Mənzillərin bölgü “Akt”ının surətindən görünür ki, razılaşdırılmış bölgüyə əsasən, sifarişçi "xxxx" MMC tərəfindən B bloku üzrə, ümumi sahəsi 3574,97 kv.m olan olan 27 ədəd mənzilin podratçı Cavabdeh MTK-ya verilməsi barədə razılığa gəldilər. -04.07.2021-ci il tarixli “Mənzilin təhvil-təslim aktı”nın surətindən görünür ki, bundan sonra məntndə “mülkiyyətçi” göstərilən "xxxx" MMC ilə bir tərəfdən “alıcı” İddiaçı, digər tərəfdən mətndə “podratçı” göstərilən Cavabdeh MTK-nın iştirakı ilə bu aktı tərtib etdilər. 1.Mülkiyyətçi ilə Podratçı arasında bağlanılmış 05 İyul 2018-ci il tarixli müqaviləyə əsasən Mülkiyyətçiyə məxsus,Bakı şəhəri,Nərimanov rayonu,Möhsün Sənani küçəsi,ev. 13/15 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi Podratçıya həvalə olunub. Mülkiyyətçi ilə Podratçı arasında bağlanmış 01 iyul 2021 -ci il tarixli müqaviləyə 'əsasən orada göstərilən sayda mənzillər Podratçıya onun bağladığı alqı-satqı müqavilələri əsasında verilib,o şərtlə ki, həmin müqavilələr qeydiyyat üçün Mülkiyyətçiyə təqdim edilsin və Mülkiyyətçi tərəfindən qeydiyyata alınsın.

2. Podratçı və Alıcı arasında bağlanılmış “03 noyabr 2018-ci il” tarixli müqaviləyə əsasən Alıcı ünvan 4 ünvanında inşa edilmiş yaşayış evinin giriş “B” blokunda “09-cu” mərtəbədə yerləşən ümumi sahəsi “152.43 kvadrat metr,yaşayış sahəsi “136.40” kvadrat metr olan izola olunmuş “3” otaqdan ibarət “B02” saylı mənzilin Alıcıya verilməsini, Payçı isə Jıəmiıı mənzilin dəyərinin Podratçıya ödənilməsini öhdəsinə götürüb. Podratçının təqdim etdiyi maliyyə arayışından göründüyü kimi, Alıcı göstərilən mənzilin dəyərini tam ödəyib.01 iyul 2021 -ci il tarixli müqaviləyə əsasən Podratçı və Alıcı arasında bağlanılmış “03 noyabr 2018-ci il” tarixli müqavilə qeydiyyat üçün Mülkiyyətçiyə təqdim edilib və Mülkiyyətçi tərəfindən qeydiyyata alınıb.

3. Alıcının Podratçı ilə bağladığı alqı-satqı müqaviləsi Mülkiyyətçi və Podratçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğundur və mənzilin dəyəri tam ödənilib.Buna əsasən Mülkiyyətçi ünvan 5 ünvanında inşa edilmiş yaşayış evinin giriş “B” blokunda “09-cu” mərtəbədə yerləşən ümumi sahəsi “152.43” kvadrat metr, yaşayış sahəsi “136.40” kvadrat metr olan “3” otaqdan ibarət “B02” saylı mənzilin açarları ilə birgə Alıcıya verdi, Alıcı isə qəbul etdi.

4. Mənzilin dəyəri tam şəkildə Podratçıya ödənilib, həmin vəsait Mülkiyyətçi və Podratçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən Podratçının binanın inşası ilə bağlı çəkilmiş xərclərə aid edildiyinə və podratçının həmin məznil barəsində bağladığı müqavilə mülkiyyətçi tərəfindən təsdiq eidldiyindiyinə görə mənzilin dəyəri taç ödənilmiş hesab edilir.

5. Aktı imzalayanlar bir-birlərinə qarşı heç bir maddi tələbi tələb və iddiaları yoxdur. 6.Bu akt alıcının məznilə dair daşınmaz əlakın dövlət reyestrindən çıxarış alınması üçün hüquqi əsasdır. Həmin akt üç tərəf, "xxxx" MMC, Cavabdeh MTK və İddiaçı tərəfindən imzalanmış və möhürlənmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, üçüncü şəxsin apellaysiya şikayətinin məzmunundan və “xahiş etdi” hissəsindəki tələbindən məlum olur ki, o, qətnaməni yalnız ilkin iddia tələbi hissədə mübahisələndirmişdir. Bu səbəbdən, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs MMC-nin apellyasiya şikayətinə əsasən ilkin iddia tələbi hissəsində tam yoxlayır. Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbi üzrə cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış 03 noyabr 2018-ci il tarixli B61/09 nömrəli müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməyərək, iddiaçıya təhvil verməli olduğu ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili sonuncuya təhvil verməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozduğundan ilkin iddia tələbini qismən təmin edərək, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin açarları ilə birlikdə iddiaçıya təhvil verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Çünki, apellyatorun qətnaməni mübahisləndirərkən şikayətinin yeganə dəlili ondan ibarət olmuşdur ki, həmin binanın tikintisində onlar sifarişçi, MTK isə podratçı olmuş, podratçının mənzilləri satmaq səlahiyyəti olmamış, həmin mənzilin iddiaçıya satılmasından onların məlumatı və razılığı olmamışdır. Aparılmış araşdırmalar zamanı apellyasiya şikayətinin bu dəlili təkzib olunmuş və onun aşkar əsassız olduğu müəyyən olunmuşdur. Belə ki, sifarişçi MMC ilə podratçı MTK arasında 21.01.2020-ci il tarixli “Mənzillərin bölgü akt”ı imzalanmışdır. Həmin aktdan məlum olur ki, tərəflər 07.01.2020-ci il tarixdə imzaladıqları “Təhvil-təslim AKT”-ına əsasən sifarişçi podratçıya görülmüş işlərin əvəzi kimi natura formasında 62 ədəd (6700 kv.m.ümumi sahəsi olan) mənzilin verilməsi barədə razılığa gəlmişlər. Mənzillərin bölgüsü barədə tərəflərin imzaladığı həmin aktdan həmçinin də müəyyən olunur ki, inşa olunmuş binanın “B” blokundan podratçı üçün 27 ədəd, o cümlədən də 8 ədəd ölçüsü 152.43 kv.m. olan mənzil verilmişdir. Bundan başqa, sifarişçi MMC, podratçı MTK və alıcı V.Zeynalov arasında arasında 04.07. 2021-ci il tarixdə bağlanmış üçtərəfli “Mənzilin təhvil-təslim aktı”-dan görünür ki, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun doqquzuncu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili alıcıya satılması Sifarişçi ilə Podratçı arasında bağlanmış müqavilənin şərtlərinə tam uyğundur, mənzil açarları ilə birlikdə alıcıya təhvil verilir, alıcı mənzilin dəyərini tam olaraq ödəmişdir və o, mənzili qəbul edir. Həmin razılaşma hər üç tərəfin imzası, eləcə də sifarişçi MMC və podratçı MTK-nın möhürləri ilə təsdiq olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən əqdin bağlanılmasınnın bəyənilməsi (sonradan verilən razılıq) geriyə təsir qüvvəsinə malikdir (MM, maddə 357.). Demək ki, hazırda mübahisələndirilən müqavilə qeyd olunan normanın tələbləri baxımından etibarlı müqavilə olmaqla, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr əmələ gətirmiş, alıcı kimi V.Zeynalov həmin müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirərək 198.159 manat pulu satıcıya ödəmiş (bu işin mübahisəsiz halıdır), müqavilənin digər tərəfi isə satdığı mənzilin alıcıya təhvil verilməsindən ibarət müqavilə öhdəliyini icra etməmişdir. Halbuki, alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (maddə 567.1.). Qanunun tələbinə görə satıcı müqavilədə nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur( maddə 568.1). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilən hisəsində iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş MMC-nin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-745/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu üçüncü şəxs "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar