Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-799/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5846/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2564,76 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı’’ Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-627 saylı, 23.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Qaradağ filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında 28.07.2009-cu il tarixli, 102 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 12 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 28.07.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 3 otaqlı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus ünvan 1 ünvanında olan 3 otaqlı mənzilin çıxarışından müvafiq qeydiyyat aparılmış və 11.08.2009-cu il tarixli, MH seriyalı, ******* №li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələb ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. 11.06.2020-ci il tarixli, 2(103)-4158/2020 saylı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.04.2019-cu il tarixli, 16095 saylı rəyinə əsaslanaraq cavabdehdən iddiaçı “Aqrarkredit" QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək 2990 ABŞ dolları əsas borcdan, 93,80 ABŞ dolları isə faiz borcu olmaqla cəmi 3083,80 ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 04.06.2021-ci il tarixinədək əsas məbləğ 2990 ABŞ dollarına 2564,76 ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5846/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(011)-5846/2021saylı qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 və 443.2 maddələrinin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisləndirilən qətnamədə məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf cavabdehin kredit ödənişini gecikdirməsi nəticəsində ona zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən iddia əsaslı hesab edilmir.Buna görə də iddia tələbi təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(103)- 6245/2021 saylı qətnaməsində də qeyd edilən hal nəzərə alınmış, (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uygun faiz dərəcələrininin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uygun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”) iddiaçının əldən çıxmış faydanı Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablayıb, bu hesablama Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə zidd olmadığını bildirmişdir. Bundan əlavə iş materiallarında 04.06.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 04.06.2021-ci il tarixədək əsas məbləğ 2990 (iki min doqquz yüz doxsan) ABŞ dollarına 2564,76 (iki min beş yüz altmış dörd ABŞ dolları, 76 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablandığı açıq şəkildə göstərilsədə, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, cavabdehin 04.06.2021-ci il tarxədək öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldilmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.05.2021-ci il tarixli 2(102)- 392/2021 saylı qərarından görünür ki, iddiaçı “X7 Edilməsi Agentliyi” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4158/2020 nömrəli iş üzrə 11.06.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2439,79 ABŞ dolları əsas, 93,80 ABŞ dolları faiz borcu olmaqla cəmi 2533,59 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 9,90 manat hissəsinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, cavabdeh X2 məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 60 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 47,85 manat hissəsinin Cavabdeh, 97,15 manat hissəsinin İddiaçı QSC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2020-ci il tarixli, 2(103)- 4158/2020 nömrəli qətnaməsi ilə “X6 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-121/2020 saylı iş üzrə 06.02.2020-ci il tarixli qətnaməsi Cavabdeh 2439,79 ABŞ dolları əsas borcun tutulması hissəsində dəyişdirilərək Cavabdeh tutulmalı olan əsas borcun məbləği 2990 ABŞ dolları müəyyən edilmiş, Cavabdeh apelyasiya şikayətinin təmin olunmaması və qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı cavabdehin kredit ödənişini gecikdirməsi nəticəsində ona zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddiası əsaslı hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş və mübahisə üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli, 2(102)-392/2021 nömrəli qərar qəbul edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, bundan sonra həmin iş üzrə 28.05.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-4158/2020 nömrəli icra vərəqəsi verilmişdir. İddiaçı isə qeyd edilən icra sənədi üzrə icra hərəkətlərinin nəticəsini gözləmədən 06.07.2021-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin borc məbləğinin gecikdirilməsi (MM 445.7) halının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5846/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-799/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-799/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver