Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7994/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər-Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, iş üzrə Cavabdeh2 ilə aralarında 11 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən tərəfindən cavabdehlərə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. Müqavilənin şərtlərinə əsasən pul 31 oktyabr 2015-ci il tarixədək tam şəkildə geri qaytarılmalı idi. Cavabdeh2 atası Cavabdeh1 ilə ümumi bir tanışları vasitəsilə tanış olmuş, bir müddət münasibət yarandıqdan sonra İlqar Qulivev iddiaçıya zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Cavabdeh1 bildirmişdir ki, Latviya Respublikasında oğlu yüksək gəlir gətirən bir iş qurub və hazırda ora əlavə vəsait yatırılarsa, daha çox gəlir əldə etmək imkanı vardır. İddiaçı qeyd edir ki, əvvəlcədən onların Bakı şəhərində yerləşən evlərini satdıqlarını və əlində pulun olduğunu bildiyindən Cavabdeh1 ona belə bir təklif etmişdir. Beləliklə də, tərəfindən cavabdehlərə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. İddiaçı tərəfindən 27 iyul 2018ci il tarixdə rəsmi olaraq cavabdehlərə xəbərdarlıq göndərilsə də, heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 72.300 ABŞ dolları məbləğində pul vəsaiti tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 11.09.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona heç bir məbləğ verilməmişdir. Ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında yaranmış borc münsibəti müqavilə bağlanmamışdan qabaq mövcud olmuş həmin borc da onun tərəfindən ödənilmişdir. Bununla bağlı sübut məhkəməyə təqdim edilmişdir. Hal-hazırda mülki işə baxıla bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndinə əsasən “tərəflərin müqavilə iizrə mübahisələri tərəflərin razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir”. İddiaçı tərəf iddia ərizəsinə xəbərdarlıq ərizəsini əlavə etsə də, xəbərdarlğın çatdırılması ilə və ya göndərilməsi ilə bağlı hər hansı poçt qəbzi əlavə etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil3 apelyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 11.09.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 72.300 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh2 borc verən İddiaçı tərəfindən xəbərdarlıq edilmiş, 3 gün ərzində borcu ödəməyəcəyi halda aidiyyəti üzrə məhkəməyə ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh2 müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçıya olan 72.300 ABŞ dolları borcunu qaytarmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı pritenziya qaydalarına əməl etmiş və borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin şəxsi mülahizələrinə əsaslanır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin nəticə hissəsində pul vəsaitinin ABŞ dollarının manata olan məzənnəsinə uyğun tutulmasını qeyd etməsə də, nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi icra edilərkən, pul vəsaiti ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7994/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7994/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver