Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7997/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi evdən istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına dair evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanda zəbt etdiyi mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-262/21) ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, vaxtilə rəhmətlik atası X5 icarədarı olduğu Bakı şəhəri, ünvan 1 mənzildə yaşayır. Hal-hazırda həmin evin icarədarı qardaşı Cavabdehdur. Lakin bütün bunlara baxmayaraq mənzilin icarədarı onu həmin ünvanın qeydiyyatına salmasını müxtəlif bəhanələrlə uzadır. Onun həmin mənzildə 35 il ərzində yaşaması nəzərə alınaraq mübahisəli evdən istifadə hüququnun tanınması tələbi tam qanunidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən sahəsi 30.0 kv.m. mübahisələndirilən mənzil ilk iddia tələbində qeyd edildiyi kimi fərdi ev deyil, dövlət mənzil fonduna aid olmaqla Bakı şəhəri, MKTD-nə məxsusdur. 19 iyun 1998ci il tarixli 33 nömrəli qərarla ailə üzvlərinin razılığı ilə mənzilin şəxsi hesabı atasının adından dəyişdirilərək onun adına keçirilmişdir. Mənzildə ailə üzvlərinin say çoxluğu baxımından sıxlıq olduğundan ailənin digər üzvləri mənzil növbəsinə dayanmaqla növbəlilik əsasında başqa ünvanlardan mənzil alıb köşmüşlər. Cavabdehlə anası da eyni əsasla İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışlar. 1989-cu ildə anası və cavabdehə birlikdə dövlət mənzil fondundan order əsasında Bakı şəhəri, Babək prospekti, 62 saylı evin 44 saylı 2 otaqlı mənzili verilmişdir. Həmin vaxtdan da cavabdeh anası ilə birlikdə mübahisəli mənzildən qeydiyyatdan çıxmaqla köçüb getmişlər. Bundan sonra da cavabdeh bir neçə dəfə yaşayış yerini dəyişməklə müxtəlif ünvanlarda qeydiyyatda olmaqla yaşamışdır (bu faktı təsdiq edən arayışlar qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Mənzildə isə atası, qardaşının ailəsi və onun ailə üzvləri qalıb yaşamaqda davam etmişlər. Kommunal xərclər də onun tərəfindən ödənilmişdir (bu barədə arayış qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Mənzildən köçüb getdikdən sonra cavabdeh İddiaçı həmin mənzillə heç bir əlaqəsi olmamışdır. Sevinc son vaxtlarda atasının yaşadığı otağı ələ keçirmək məqsədi ilə gəlib həmin otaqda onunla birlikdə yaşamağa cəhd göstərsə də atası buna imkan verməmiş, onu mənzilə buraxmamaışdır. Buna görə hətta yaşlı və xəstə olan atasına əl qaldıraraq hörmətsizlik etdiyindən atası onun bu hərəkətlərindən Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Bölməsinə şikayətlər də etmişdir. Cavabdehin də atasına qarşı şikayətləri olmuşdur (bu barədə 25-ci PB-nin məlumatı qarşılıqlı iddia ərizəsinə əlavə edilr). O isə cavabdehi heç vaxt ailə üzvü kimi qəbul etməmişdir. Cavabdeh deyiləsi mümkün olmayan hərəkətləri ilə dözülməz vəziyyət yaratmış, 29.02.2020-ci il tarixdə atası vəfat etmişdir. Bundan sonra həmin otağın açarını götürüb özündə saxlamaqla mənzildə yaşamasa da ara-sıra gəlib qonşulara və ailə üzvlərinə qarşı ciddi narahatçılıqlar yaratmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə dəfələrlə onun ailə üzvü olmadığını və icarədarı olduğu mənzilə heç bir aidiyyəti və hüququ olmadığını, zəbt etməyə cəhd göstərdiyi mənzilin açarını ona qaytarmasını tələb etsə də buna məhəl qoymur. Cavabdeh 1989-cu ildən mənzil alaraq anası ilə birlikdə başqa ünvana köçməklə həmin vaxtdan da mənzilə olan hüququnu itirmişdir. Hazırkı qanunsuz hərəkətləri ilə ailədə dözülməz vəziyyət yaratmışdır. Mənzildən getdiyi 31 il ərzində cavabdeh müxtəlif ünvanlarda bir neçə dəfə mənzil dəyişmişdir. Mübahisələndirdiyi mənzilə heç bir hüququ olmadığı halda qanunsuz yollarla mənzilə istifadə hüququ əldə etməyə çalışaraq 10 nəfərdən ibarət ailəni mənzilsiz qoymağı planlaşdırır. Göründüyü kimi, cavabdehin 1989-cu ilədək mübahisəli mənzildən istifadə hüququ olub, həmin vaxt mənzilin icarədarı atası olmuş, cavabdeh də onun ailə üzvü olmuşdur. Bundan 10 il sonra yəni, 1998-ci il tarixdə ailə üzvlərinin razılığı ilə mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Cavabdeh onun ailə üzvü olmamışdır. O, mənzilin icaradarı olduqdan sonra da cavabdeh heç vaxt onunla birlikdə mübahisəli mənzildə yaşayıb birgə təsərrüfat aparmamışdır. Cavabdehin mənzilə heç bir hüququ da yoxdur. Cavabdeh 31 il əvvəl daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüququnu itirmişdir. Hazırda da mənzildə yaşamır sadəcə atasının vəfat etməsindən istifadə edərək açarı ələ keçirməklə mənzilin bir hissəsini bağlı saxlamaqla zəbt etmişdir. Otağın açarını qaytaracağına söz verib onları aldadaraq vaxt qazanmaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mən və ailə üzvləri də cavabdehin mənzildə köçüb yaşamasına razı deyillər. Tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. Xətai rayon MKTB-nin 29 saylı MKİS-nin 07.08.2020ci il tarixli 262 saylı arayışından da görünür ki,cavabdeh İddiaçı Babək pr., 62 saylı evin 44 saylı mənzilində 16.09.1993-cü ildən 19.08.1997-ci il tarixədək qeydiyyatda olmuşdur (arayış qarşılıqlı iddia ərizəsinə əlavə olunur). Mənzilə qeydiyyata gec düşsə də cavabdeh və anasına həmin ünvündakı mənzil sıxlaşdırılmış mənzildən növbəlilik əsasında orderlə verilmişdir və 1989-cu ildən həmin mənzilə köçməklə orada yaşamışdır. Sonradan Bakı şəhəri, Naxçıvanski küçəsindəki 79 saylı evin 44-cü mənzilinə köçüb orada yaşamışdır. Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 84 saylı Mənzil Komunal İstismar Sahəsinin 21.08.2020-ci il tarixli, 441 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri Naxçıvanski küçəsi 79 saylı evin 44 saylı mənzilinə 04.08.2006-cı il tarixdə qeydiyyata düşüb, 08.05.2012-ci il tarixdə isə qeydiyyatdan çıxmışdır (arayış qarşılıqlı iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi cavabdeh mübahisəli ünvandan köçüb getdikdən sonra bir neçə dəfə yeni mənzil əldə edib bir müddət həmin ünvanlarda yaşayıb. Hazırda da yaşadığı mənzildən qeydiyyatdan çıxmaqla 31 il əvvəl qeydiyyatdan çıxıb getdiyi icarədarı olduğu mənzildən bu üsulla mənzil əldə etmək istəyir. Bu məqsədlə də planlı şəkildə yaşadığı mənzildən formal olaraq qeydiyyatdan çıxmışdır. 1 saylı Xüsusi təyinatlı MKTBnin 120 saylı MKİS- nin təsdiq etdiyi 24.06.2020-ci il tarixli aktında da qeyd edilmişdir ki, İddiaçı 1989-cu ildən yeni mənzil alması ilə əlaqadar gedib bu günədək Azər Manafov 24də yaşamamışdır. Həmçinin də MKTB-nin arayışından da görünür ki, Mənzil Bakı şəhəri, MKTB-nə məxsusdur, icarədarı isə o olmaqla mənzildə 10 nəfərdən ibarət qeydiyyatda olan ailə üzvləri yaşayır. Cavabdehin mübahisəli mənzildə yaşamadığını, həmin mənzildən növbəlilik əsasında mənzillə təmin edilərək 1989-cu ildən həmişəlik başqa mənzilə köçüb getməsini və həmin vaxtdan da mübahisəli mənzillə heç bir əlaqəsinin olmadığını bütün qonşular da təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində ilk İddiaçı iddia təlbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, 1985-ci ildən orada yaşayır. Onun hüquqları pozulur. Onun yaşamağa yeri yoxdur. Göstərdiklərinin nəzərə alınmasını, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının vəkili Vəkil1 ilkin iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ilkin iddiaçı həmin sahədə yaşamır. Oraya gətirib dovşanlar salıb, dovşanlar yaşayır həmin sahədə. Qeyd olunnaların nəzərə alınmasını, ilkin iddianın rədd olunmsaını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. O həmçinin bildirmişdir ki, Sevinc anası ilə Babək prospektində başqa yaşayış yeri əldə edərək mübahisəli evdən köçmüşdür. Onun köçdüyü evi anası bacısı Sevdaya, Sevda isə öz növbəsində evi öz qızı Əliyeva Fərqanəyə bağışlamışdır. Beləliklə, Sevda öz bacısını yaşadığı yerdən məhrum etmiş və hazırda onu istifadə hüququnu illər öncə itirdiyi evə köçürməyə cəhd edir. Sevinc Babək prospektində yaşamışdır. Sonra o, Nizami rayonunda Naxçivanski Prospektində qeydiyyatda olmaqla yaşamışdır. Sevinc hazırda polisin inzibati binasında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində X6 şahid qsimində ifadə verərək göstərmişdir ki, İddiaçı uşaq vaxtı orada yaşamışdır. Lakin uzun müddətdir ki, Sevinc orada yaşamamışdır. Atası Adillə anası ayrıldıqdan sonra Sevinc anası ilə başqa yerə köçmüşdür. O, qonşularla mübahisə edir. Rəhmətlik atası ilə də mübahisələri çox düşürdü. Birinci instansiya məhkəməsində X2 şahid qsimində ifadə verərək şahid X1 ifadəsinə uyğun izahat vermişdir. O, həmçinin bildirmişdir ki, Sevinc hamı ilə mübahisə etdiyi üçün qonşular onun mübahisəli evə köçməsini istəmirlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, cavabdehə məxsus olan evin ilkin mülkiyyətçisinin ilk iddiaçının atası olması, cavabdehlə onun yaxın qohumluq münasibətlərinin olması və həmin ünvanda 35 il ərzində daimi olaraq yaşaağı ilə əlaqədar yaranan hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nizami Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər bacı-qardaşdır. Mübahisə predmeti isə Bakı şəhəri, ünvan 1 ünavnında yerləşən 30 kvm sahəsi olan iki otaqlı mənzildir. Həmin mənzilin icarədarı ilkin olaraq tərəflərin atası X8 olmuşdur. Lakin 19 iyun 1998-ci ildə ailə üzvlərinin razılığı ilə mənzilin şəxsi hesabı Cavabdeh adına dəyişdirilmiş və onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Yəni, 19 iyun 1998-ci ildən etibarən mübahisəli mənzilin icarədarı Cavabdehdur. Mənzildə yalnız icarədar Cavabdeh və ailə üzvləri qeydiyyatdır. İddiaçı mübahisəli mənzilə qeydiyyatı yoxdur. İddiaçı mübahisəli mənzildə 35 ildir daimi yaşadığına istinad edərək mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və öz növbəsində qarşılıqlı iddia verərək İddiaçı mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində İddiaçı 1989-cu ildə mübahisəli mənzili başqa yaşayış sahəsinə daimi köçməsi ilə əlaqədar tərk etdiyi və bu günədək mübahisəli mənzildə yaşamadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddianı əsassız sayaraq rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1985-ci il tarixdə mübahisəli ünvana qeydiyyata alınsa da, 1989-cu ildə həmin yaşayış sahəsini tərk etmiş və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Mübahisəli mənzilin icarədarı ilkin olaraq tərəflərin atası X8 olsa da, 19 iyun 1998-ci il tarixdə, yəni İddiaçı mənzili tərk etdikdən 9 il sonra mənzilin şəxsi hesabı Cavabdeh adına dəyişdirilmiş və icarədar o olmuşdur. Məhkəmə daha sonra müəyyən etmişdir ki, İddiaçı 1989-cu ildə mübahisəli mənzili tərk etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki 62 saylı evin 44-cü mənzilində yaşamışdır. Həmin mənzil 30,14 kvm sahəsi olan iki otaqdan ibarət olmuşdur. Mənzilin orderi iddiaçının anası X3 adına olmuş və orderdə mənzildə yaşamaq hüququ olan şəxs kimi İddiaçı da adı qeyd olunmuşdur. İddiaçı 19.08.1997-ci il tarixədək həmin mənzildə qeydiyyatda olmuş və hazırda mənzil bağışlama müqaviləsi əsasında onun bacısı X4 Əliyevanın mülkiyyətindədir. Bundan sonra, İddiaçı 08.05.2012-ci il tarixədək ünvan 4 ünvanında qeydiyatda olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmin münasibətlərin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53, 87-ci maddələrini tətbiq etmiş və bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehin sahibliyində olan mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi sübut olunduğundan iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin yaranlığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı mübahisəli mənzili daimi əsaslarla tərk etmiş, müxtəlif ünvanlarda müxəlif illərdə qeydiyyata düşərək yaşamışdır. İddiaçı bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübuta yetirmişdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması və bu əsasla maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7997/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7997/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver