Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı X1 cavabdehlər İddiaçı1 və başqalarına qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması ilə mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2016-cı il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı N.Cəbrayılovun cavabdehlərə qarşı irəli sürdüyü “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması, mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.01. 2016-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 15.09.2016-cı il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası iş üzrə qəbul etdiyi 22 .02.2017-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Göstərilən səbəbdən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə apellyasiya qaydasında yenidən baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Nəriman Cəbrayılov 04.09.2017-ci il tarixdə ölmüşdür. Bu hal, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. MPM-nin 58.1-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı “Həmid-95” firmasının nizamnamə kapitalında olan 100 faiz payın Cavabdeh1 Əliövsət oğlu tərəfindən Cavabdeh2 satılması haqqında 14.03.2013-cü il tarixli və Cavabdeh3 satılması haqqında 11.04.2014-cü il tarixli “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilərək ləğv olunmasını, 15.12.2014-cü il tarixdə bağlanmış borcun etirafı haqqında müqavilə üzrə öhdəlik yerinə yetirilməklə “Həmid-95” firmasının adına 26.12.1997-ci il tarixdə verilmiş MH seriyalı, 134987 nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunmasını xahiş edir ki, bu hüquq münasibətlərində hüquq varisliyinə yol verilmir. MPM “İş üzrə icraata xitam verilməsi” adlı 20-ci Fəslinə aid “İcraata xitam verilmə əsasları” adlı 261-ci maddəsinin mənasına görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir (maddə 261.0.7.). Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbinin “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və qeydiyyat vəsiqəsinin ləğv olunması barədə” hissəsinə iddiaçının ölməsi əsası ilə xitam verilməlidir. Bundan başqa Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi iddia tələbinin “ümumi sahəsi 3.665,7 kv.metr olan 3 tikilidən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Belə ki, iddia ərizəsində mərhum iddiaçı bildirmişdir ki, İddiaçı1 ona 1.100.000 manat borcu olduğunu, 29.12.1997-ci il tarixdə bağlanmış müqavilədə borcun qaytarılması üçün təyin edilmiş 15 illik müddətin ötürülməsini, firmanın təsis payının və 3.102 kv.metr qeyri-yaşayış sahəsinin 50 faizi onun adına rəsmiləşdirilməli olduğunu etiraf etmişdir. “Həmid-95” firmasının məhkəmə prosesi tam bitdikdən sonra 20 gün müddətinə firmanın təsis payının və 3.102 kv.metr qeyri-yaşayış sahəsinin 50 faizi onun adına rəsmiləşdirilməyi öhdəliyinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə “Həmid-95” firmasına 26.12.1997-ci il tarixində verilmiş qeydiyyat vəsiqəsi üzrə firmaya məxsus olan 3.102 kv.metr qeyri-yaşayış sahəsinin bütövlükdə onun öz adına rəsmiləşdirmək hüququnun yaranmasını razılaşdırmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmək istəyən iddiaçı bu məqsədlə məhkəmələrə deyil, müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, müraciəti təmin olunmadığı təqdirdə isə həmin orqanın vəzifəli şəxsinin hərəkət (hərəkətsizliyindən) və ya vəzifəli şəxsin qərarından şikayətlə məhkəməyə müraciət etməli idi. Lakin qeyd edilən bu hal Rayon Məhkəməsinin diqqətindən yayınmış, Rayon Məhkəməsi ona aid olmayan iddianı icraata götürərək ona mahiyyəti üzrə baxmışdır. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinə görə, işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 387.2.8-ci maddəsinin mənasına görə isə, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün MPM-də müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263-cü maddəsinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2016-cı il tarixli qətnamə ləğv edilsin. İddiaçı X1 cavabdehlər İddiaçı1 və başqalarına qarşı irəli sürdüyü iddianın “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi barədə” hissəsinin həll edilməsi hissəsində iş üzrə icraata iddiaçının ölməsi əsası ilə, iddia tələbinin “mübahisəli sahə üzərində mülkiyyət hüququnun tanınması barədə” hissəsinin həll edilməsi hissəsində iş üzrə icraata həmin tələbə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver