Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8008/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Hüseynov Şaiq Yusif oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Əliyev Arif Sabir oğlunun iştirakı ilə İddiaçı Quliyev Elvin Natiq oğlunun cavabdeh Əliyev Camal Hüseynqulu oğluna qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2399/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Quliyev Elvin Natiq oğlu cavabdeh Əliyev Camal Hüseynqulu oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2010-cu il buraxılışlı, “Volksvagen Jetta” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilə cavabdeh Camal Hüseynqulu oğlu Əliyevin vurduğu maddi ziyanın məbləği olan 37695 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6052/2019 saylı qərardadı ilə iddiaçı Elvin Kərimovun cavabdeh Camal Əliyevə qarşı eyni predmet və eyni əsasla iddiası baxılmamış saxlanılmışdır. Həmin işə baxılarkən birinci instansiya məhkəməsi qanunvericiliyə əsasən həmin iş üzrə iddiaçı Elvin Kərimovun istifadəsində olan avtomobilə mülkiyyət, o cümlədən sahiblik və istifadə hüququnun olmadığına əsaslanaraq müvafiq subyektiv hüquqa, yəni dəymiş zərəri tələb etmək hüququna malik olmaması qənaətinə gəlmiş, eyni zamanda müvafiq subyektiv hüquqa, hadisə baş verən zaman avtomobilə mülkiyyət hüququ olmuş Elvin Quliyevin dəymiş zərəri tələb etmək hüququna malik olması qənaətinə gəlmişdir. Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6052/2019 saylı iş üzrə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Həmin qərardada əsasən ƏN MEM-nin xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə 2010-cu il buraxılışlı “Volksvagen Jetta” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərşəkmişə dəymiş maddi zərərin məbləği təxminən 13.000 manat müəyyən edilir. Eyni zamanda həmin işə baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında cavabdeh Camal Əliyev avtomobilə dəymiş zərərin məbləği 13.000 manat müəyyən edilməsinin real olduğunu və bu məbləği qəbul etdiyini, lakin “Evro style LTD”-ninxx.xx.2019-cu il tarixli “Qüsur Aktı” ilə müəyyən edilmiş 37.695 manat məbləğində pulun real olmadığını və həmin məbləğin 3 dəfə şişirdildiyindən qəbul etmədiyini bildirmişdir. Həmin proses zamanı Camal Əliyev fikrini həm də onunla əsaslandırmışdır ki, onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2019-cu il tarixli 063187 saylı “Sığorta Aktı” ilə də avtomobilə dəymiş zərərin məbləği 12000 manat müəyyən edilmişdir və bu səbəbdən avtomobilə məhz 13.000 manat məbləğində zərər dəyməsi barədə ekspert rəyi daha düzgündür. Lakin bildirir ki, o, həmin ekspert rəyi ilə müəyyən edilmiş 13000 manatı deyil, məhz xx.xx.2019cu il tarixli “Qüsur Aktı” ilə müəyyən edilmiş 37695 manat məbləğində pulu real hesab edir. Belə ki, elə həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur. Cavabdeh Camal Əliyev xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində “Mercedes-Benz” markalı **- HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələblərini pozaraq, zərərçəkmiş şəxs Elvin Kərimova yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati xəta haqqında ış üzrə xx.xx.2019-cu il tarixli 3(006)-1713/2019 saylı qərarı ilə Camal Əliyev İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 9 ay müddətinə məhdudalşdırılmışdır. Hadisədən dərhal sonra avtomobilə baxış keçirilmiş və “Evro style LTD”-nin xx.xx.2019-cu il tarixli “Qüsur Aktı” tərtib edilmişdir. Həmin “Qusur Akt”ından görünür ki, 2010-cu il buraxılışlı “Volksvagen Jetta” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilə 37695 manat məbləğində ziyan dəymişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2399/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Əliyev Camal Hüseynqulu oğlundan 9832 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Quliyev Elvin Natiq oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini; iddiaçıya dəymiş maddi ziyanın məbləğinin dəqiqləşdirilməsi və iddiaçı E.Quliyevə məxsus avtomobil tam yararsız hala düşdüyündən onun dəyəri cavabdeh C.Əliyevdən tam tutulduğu halda, həmin avtomobilin cavabdehə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsaslandığı ekstertizanın xx.xx.2019-cu il tarixli 27385 saylı rəyi iddiaçıya vurulmuş ziyanı düzgün, dəqiq müəyyən etməmiş, dəymiş ziyanı təxmini 13.000 manat məbləğində qiymətləndirməklə, real ziyanı müəyyən etməmiş, mülahizəyə əsaslanmışdır. Həmçinin, məhkəmə iddiaçının avtomobilinin tam yararsız hala düşdüyünü, onun təmirinin rentabilli olmaması qənaətinə gəlib buna görə həmin avtomobilin tam dəyərinin cavabdehdən tutulmasını qət etdiyi halda, həmin avtomobilin cavabdehə verilməsinə dair qərar qəhııl etməmiş, cavabdehi əlavə ziyana salmışdır. Cavabdeh həmin avtomobilin dəyərini tam ödədiyi halda, ona mülkiyyət hüququ əldə etmiş olur. Məhkəmə həmin epizodla bağlı mülkiyyət hüquq normalarını tətbiq etməli olduğu halda, bunu etməmişdir. Həmin yararsız avtomobil dəyəri tam ödənildiyindən cavabdeh C.Əliyevin mülkiyyəti olduğundan cavabdeh həmin avtomobilə özünün mülkiyyət hüququnun tanınmasını və jəmin avtomobili öz sahibliyinə almaq hüququ əldə etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən yalnız cavabdeh şikayət vermişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Əliyev Camal Hüseynqulu oğlu xx.xx.2019-cu il tarixdə, saat 23:30 radələrində «Mercedes Benz» markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quliyev Elvin Natiq oğluna məxsus “Volkswagen Jetta” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(004)- 1713/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, Camal Əliyev AR İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müddətinə məhdudlaşdırılmışdır. Eyni predmetlə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-6052/2019 saylı mülki iş üzrə keçirilmiş və iş materiallarına əlavə edilmiş 27385 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, tədqiq edilən 2010-cü il buraxılışlı, “Volkswagen Jetta” minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği təxminən 13000 manat müəyyən edilmiş və həmin məbləğdən 3168 manat məbləğində icbari sığorta ödənişi iddiaçıya ödənilmişdir. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh avtomobilin onun mülkiyyətinə qaytarılmasını xahiş etsə də, bununla bağlı tələb irəli sürməmişdir. Digər tərəfdən iddiaçıya məxsus nəqliyyat vasitəsinə daha az ziyan dəyməsi ilə bağlı məhkəməyə hər-hansı bir sübut və bu halın yenidən yoxlanılması ilə bağlı heç bir əsas təqdim edilməmişdir Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Əliyev Camal Hüseynqulu oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2399/2020 saylı, xx xxxx 2020-ci il tarixliqətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8008/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8008/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver