Məhkəmə qərarları › İş №2(103)-801/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-801/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-801/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin iddiası, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: «icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi, müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh MMC-nin direktoru Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2634/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən və e-2(005)-2634/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İcarəyə verən İddiaçı əvəzinə X1 ilə icarəyə götürən Cavabdeh MMC adından Onal Varis arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 A ünvanında yerləşən ümumi 3645,9 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi icarəyə verən tərəfindən Cavabdeh MMC-yə iki il müddətinə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətə uzadılmış hesab edilir (3-cü b.). “İcarəyə götürən” Cavabdeh MMC “İcarəyə verən” İddiaçı xx.xx.2022-ci tarixdən başlamaqla aylıq 10000 manat icarə haqqı ödəyir (4-cü b.). “İcarəçilər” “icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz (8-ci b.).

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarındakı xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 20000 (iyirmi min) manat, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800000 (səkkiz yüz min) manat, əldən çıxmış fayda şəklində 20.000 manat olmaqla cəmi 848.979 (səkkiz yüz qırx səkkiz min doqquz yüz yetmiş doqquz) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanında yerləşən, ümumi sahəsi 3645.90 kv.m təşkil edən 5(+1) mərtəbəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. (Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış). Mülkiyyətində olan qeyri-yaşayış binası otel kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il ildə Cavabdeh MMC ilə aralarında ona məxsus qeyri-yaşayış binasının (otel) ona icarəyə verilməsinə dair notarial qaydada müqavilə bağlamışlar. Müqaviləni onun adından etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi Varis Onal imzalamışdır. Müqaviləyə əsasən mülkiyyətindəki qeyri-yaşayış binası otel kimi istifadə edilməsi məqsədilə cavabdehə icarəyə verilmişdir. Müqavilədə icarə müddəti 2 il - xx.xx.2024-cü il tarixədək nəzərdə tutulmuşdu. Müqavilənin 4-cü bəndinə əsasən, İcarəyə verilən sahənin istifadəsinə görə “İcarəçi” ona xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 10.000 (on min) manat icarə haqqı ödəməlidir. Müqavilənin 8-ci bəndinə əsasən, “İcarəçi” “İcarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Müqavilənin 9-cu bəndinə əsasən, aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə hər ay vergi ödəmək “İcarəçi”nin vəzifəsidir. İcarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “İcarəçi” tərəfindən həyata keçirilir (10-cu bənd). Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi” tərəfindən ödənilir (11-ci bənd). Müqavilə üzrə razılığa uyğun olaarq, mülkiyyətində olan qeyri-yaşayış sahəsi “İcarəçi”yə tam təhvil verilmişdir. Müqavilə ilə üzərinə düşən öhdəlik tərəfindən layiqincə icra edilməsinə baxmayaraq, cavabdeh müəssisə tərəfindən müqavilə öhdəliklərinə riayət edilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsini istifadəsinə qəbul edən “İcarəçi”, müqavilədə razılaşdığı kimi, aprel ayı üçün icarə haqqını ödəməmişdir. Eyni zamanda, aprelin ilk ongünlüyündə tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirərəkən məlum olmuşdur ki, Cavabdeh MMC-nin direktoru Varis Onalın təşəbbüsü və göstərişi ilə, əmlakın mülkiyyətçisi kimi ona məlumat verilmədən və icazə alınmadan icarə obyektində əsaslı söküntü işlərinə başlanılmışdır. Əslində təmir adı ilə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bütün mərtəbələrində müxtəlif söküntü işləri aparılmış, arakəsmə divarlar götürülməklə konstruktiv dəyişikliklər edilmişdir. Eyni zamanda, müxtəlif otaqların mövcud vəziyyətinə əsaslı xələl gətirilməklə yararsız hala salınmış, otel otaqlarında, otelin yeməkxanasında, hollda olan avadanlıqlar dağıdılaraq məhv edilmişdir. Cavabdehin nümayəndələri və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin birgə iştirakı ilə baxış keçirərkən aparılmış söküntülərin, əmlak və avadanlıqların yararsız hala salınmasının aralarındakı müqavilə şərtlərinə və razılığına kobud zidd olduğu, bu halda icarə münasibətlərinin davam etdirilməsinin mümkünsüz olduğu cavabdehin diqqətinə çatdırılmışdır. Cavabdehin rəhbəri Nümayəndə2 törətdiyi qanuna və müqaviləyə zidd əməlləri etiraf etmiş və müqavilənin vaxtından əvvəl xitamına razılığını bildirmişdir. Müqaviləyə xitam verilməsinə dair qarşılıqlı razılığa gəlinmiş və xx.xx.2022-ci il tarixdə “Müqaviləyə əlavə” imzalanmaqla Cavabdeh MMC öhdəsinə götürür ki, müqaviləyə xitam verilmə haqqında bildirişi aldıqdan sonra obyekti öncəki halına qaytarılması haqqında təmir-bərpa işlərinə başlasın və 1(bir) aya yekunlaşdırsın. Təmir-bərpa müddəti zamanı İddiaçı və nümayəndələrinin nəzarətində aparılsın, işlər yekunlaşdırıldıqdan sonra İddiaçı və nümayəndələrinə təhvil verilsin. Təhvil-təslim mütəxəssis rəyi ilə aparılsın. “Müqaviləyə əlavə” R.Haşımov və Cavabdeh MMC adından X2 tərəfindən imzalanmışdır. Eyni zamanda, tərəfindən xx.xx.2022-ci ildə qeyri-yaşayış sahəsinin vaxtından əvvəl müqaviləyə xitam verilib boşaldılması haqqında “Xəbərdarlıq” verilmiş, Cavabdeh MMC adından X2 şəxsən imzalayaraq qəbul etmişdir. Sözügedən “Xəbərdarlıq”da da qeyriyaşayış sahəsinin 1 ay ərzində təmir-bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması və təhvil verilməsi bildirilmiş, əks təqdirdə qanunverciliyin tələblərinə uyğun olaraq məhkəmə orqanlarına müraciət olunacağı diqqətə çatdırılmışdır. Bununla yanaşı, razılığa əsasən, Nərimanov rayon İcra Hakimiyyətinin MKTB-nin 53 saylı MKİS-in mühəndisi, Nərimanov rayon Bələdiyyəsinin şöbə müdiri, Nərimanov rayon Polis Şöbəsinin 16-cı PB ərazi üzrə sahə müvəkkili əvəzinin, Cavabdeh MMC-nin işçisinin və nümayəndəsinin iştirakı ilə yaradılmış Komissiya qeyri-yaşayış binasına baxış keçirmiş, binanın 5 mərtəbəsində və zirzəmi sahəsində icarəçi tərəfindən aparılmış söküntü işlərinin nəticəsində avadanlığa və sahəyə dəymiş ziyan komissiyanın katibi M.Sadıqov tərəfindən əlyazması ilə qeydə alınmış və komissiya üzvlərinin imzaladığı xx.xx.2022-ci il tarixli Aktla təsdiqlənmişdir. Bütün söküntü-dağıntı işləri, vurulmuş ziyan, avadanlıqların yararsız hala salınması fotovideo vasitəsilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdən keçən müddət ərzində Cavabdeh MMC-nin direktoru Nümayəndə2 obyekti bərpa edib əvvəlki vəziyyətinə qaytaracağını vəd etsə də, yalnız cüzi təmir işləri (bəzi arakəsmə divarların kərpiclə qismən hörülməsi) aparmış, dəfələrlə təkidli tələblərə baxmayaraq, başqa heç bir bərpa işləri aparmamış, öhdəliyinin icrasından növbəti dəfə yayınmışdır. Cavabdehin yuxarıda sadalanan qanunsuz, müqavilə şərtlərinə və işgüzar praktikaya zidd davranışları nəticəsində icarəyə götürdüyü sahəyə görə icarə haqqı ödəməməsindən əlavə, yuxarıda sadalanan və iş materialları ilə təsdiqlənən söküntü-dağıntı ilə mülkiyyətimdə olan əmlaka ciddi zərər vurulmuşdur. Cavabdehin sonuncu dəfə üzərinə götürdüyü 1 aylıq müddətin keçməsi ilə öhdəliklərindən təkrar yayınması həm də onunla təsdiqlənir ki, MMC-nin direktoru xx.xx.2022-ci il tarixdə (müqavilənin ləğv edilməsi və sair tələbləri barədə) Pretenziya göndərmiş, guya, tərəfindən öhdəliklərə əməl edilməməsi və ona ziyan vurulması barədə həqiqətə uyğun olmayan qərəzli mülahizələrini yazmışdır. Tərəfindən (nümayəndənin imzası ilə) Pretenziyaya cavab verilərək mülkiyyətində olan qeyri-yaşayış binasının (otelin) əvvəlki vəziyyətə qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi cavabdehin diqqətinə çatdırılmışdır. Yuxarıda sadalananlardan aydın olur ki, cavabdeh aralarındakı icarə müqaviləsinin şərtlərini və qanunvericiliyin tələblərini kobudcasına pozduğu kimi, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə və xəbərdarlığa da əməl etməməklə, faktiki olaraq, vurduğu ziyanı aralarındakı razılığa uyğun könüllü qaydada bərpa etmək niyyətində deyildir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət zərurəti yaranmışdır. Eyni zamanda, qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olduğu müddətdə cavabdeh tərəfindən kommunal ödənişlər də həyata keçirilməmiş və icarə obyektinə icarə müddətində hesablanmış 8979 manat məbləğ ödənilməmişdir. Obyektdə işıq və digər kommunal xidmətlərin dayandırılmaması üçün ödənilməmiş məbləğlər məcburi olaraq tərəfindən ödənilir. Yuxarıda istinad olunan xx.xx.2022-ci il tarixli Aktda müəyyən edilən söküntü-dağıntı işləri və avadanlıqlara vurulmuş ziyanın aradan qaldırılması və bərpası, əmlakın əvvəlki vəziyyəti qaytarılması çəkilməli olan xərcin məbləğinin müəyyənləşdirilməsi üçün ixtisaslaşmış qiymətləndirici müəssisəyə müraciət olunmuş və qiymətləndirmə hesabatı alınmışdır. Müstəqil qiymətləndirici şirkət tərəfindən aparılmış hesablamalarla cavabdeh MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yuxarıda göstərilən qaydada vurduğu maddi ziyanın aradan qaldırılması, əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri 800000 (səkkiz yüz min) manat müəyyənləşdirilmişdir. Mütəxəssislərin ilkin rəyinə görə bu işlərin görülüb, obyektin əvvəlki vəziyyətinə bərpa edilməsi üçün azı 2 ay vaxt tələb olunur.

4. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı əvəzinə X1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr, ev 116C saylı qeyri-yaşayış obyektində təmir-tikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manat vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, cavabdeh İddiaçı əldən çıxmış faydaya görə 50.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 540 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddiada göstərilir ki, İddiaçı iddiası əsassız və qanunsuzdur. Belə ki, "ASENA 2021” MMC-nin direktoru Onal Varisə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektini işlətməyi həmin obyektin mülkiyyətçisi İddiaçı nümayəndəsi X1 təklif etdi. Nümayəndə2 tərəfindən isə həmin qeyri-yaşayış obyektinə baxış keçirildikdən sonra X1 ilə həmin obyektdə restoran kimi fəaliyyət göstərməyə razı olduğunu ona bildirdi və bununla da Nümayəndə2 həmin qeyri-yaşayış obyektində yeni restoran kimi fəaliyyətə başladığını nəzərə alaraq "ASENA 2021” MMC-ni təsis etdi və İcarə müqaviləsini də MMC-nin direktoru kimi Nümayəndə2 ilə həmin obyektin mülkiyyətçisi İddiaçı nümayəndəsi X1 bağladı. X1 ilə Nümayəndə2 arasında olan şifahi razılaşmaya əsasən obyekt Nümayəndə2ə 2021-ci ilin noyabr ayından təhvil verilib və Onal Varis orada 2022-ci ilin yanvar ayının sonunadək, yəni 3 ay müddətində təmir-tikinti işləri aparılması nəzərdə tutulmuşdur. Tərəflər arasında qarşılıqlı razılıq ilə 2022-ci ilin yanvar ayından isə rəsmi qaydada icarə müqaviləsinin bağlanması və restoranın faktiki açılışının edilməsi, ilkin 3 ay müddətinə icarə haqqının hesablanmaması və yalnız xx.xx.2022-ci il tarixdən aylıq 10.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə razılığa gəlinmişdir. Təmir-tikinti işləri artıq 2022-ci ilin yanvar ayının ortasında başa çatmış və restoran açılışa tam hazır olduğu üçün icarə müqaviləsinin bağlanması mərhələsinə çatmışdır. İcarə müqaviləsinin məzmununa nəzər yetirilsə də, görünür ki, müqavilə xx.xx.2022-ci il tarixdən bağlanmış, lakin icarə haqqının ödənilməsinin başlanması isə xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. Başqa sözlə desə, təmir-tikinti işləri başa çatdıqdan sonra 22 yanvar 2022-ci il tarixdən icarə müqaviləsi bağlanmış və həmin tarixdən sonra icarə obyektində heç bir təmir işləri aparılmamışdır. Tərəflər arasında olan razılaşmaya görə müqavilə 5 illik müddətinə bağlanacaq idi və həmin müddət ərzində Nümayəndə2 obyektdən çıxarıla bilməzdi. Müqavilənin mətni cavabdehlər tərəfindən hazırlandığı və tərəflər arasında olan bütün şərtlər müqaviləyə daxil edildiyi halda Ruslan Haşımov "ASENA 2021” MMC-nin direktoru Nümayəndə2 aldadaraq belə məzmunda notarius müqavilə bağlamayacağını bildirdi və adi şablon qaydada müqavilə bağlanıldı. Həmin müqavilədə isə onlar arasında olan şərtlərin heç biri qeyd edilmədi. İlkin razılaşma əsasında "ASENA 2021” MMC tərəfindən icarə obyekti 2021-ci ilin noyabr ayında təhvil-təslim alıb otel layihəsini restoran layihəsinə dönüşdürmək üçün öz vəsaiti hesabına təmir-tikinti işlərinə başlanılmışdır. Bir müddət sonra Nümayəndə2 yeni təsis etdiyi "ASENA 2021” MMC-nin direktoru kimi notariat kontorunda xx.xx.2022-ci il tarixdə icarə müqaviləsini bağlamışdır. Notariat Kontorunda icarə haqqının ödənişi xx.xx.2022-ci il tarixindən başlanacağı qeyd olunmuş və digər hüquq və öhdəliklər öz əksini tapmışdır. "ASENA 2021” MMC kifayət qədər ciddi insanlarla, özlərini dövlətə və qanunlara bağlı olduqlarını göstərən bu cavabdehlərlə, həmçinin aralarında bağladıqları müqavilənin şərtlərinə əməl olunacağına inanaraq ümumilikdə 200000 (iki yüz min) manat məbləğində vəsaitlərini əhatə edən mal və avadanlıqlar almış və təmir tikinti işlərini aparmış, 30 dan çox iş yeri ştatı açmış və restoran kimi xx.xx.2022-ci il tarixdən fəaliyyətə başlamışdır. Həmin tarixdə restoranın açılışında tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və salahiyyətli səfiri cənab Cahit Bağçının başçılığı ilə və bir çox diplomatlar, Türkiyə iş adamları, Milli Məclisin deputatları və digər ictimai şəxslər iştirak etmişlər. "ASENA 2021” MMC bu yeni məkanda, təkcə müqəddəs Ramazan ayında ölkəyə gələn işgüzar səfərdə olan qonaqlara və diplomatik korpus nümayəndələrinə kifayət qədər iftar ziyafətləri və tədbirləri təşkil edirdi. Qısa zamanda ciddi müştəri və qonaq portfeyi ilə məşhurlaşan məkanda hər şey çox yaxşı yüksələn istiqamətdə göstəriciləri inanılmaz rezonans doğurmuşdur. Milli mənəvi dəyərləri ön planda tutub ictimai iaşə sahəsində yeni standart və kriterilər gətirməkləri hər kəsdə qürurverici hiss doğururdu. Lakin xx.xx.2022-ci il tarixdə məkana Nümayəndə2 müqavilə bağladığı şəxs X1 (mülk sahibinin hüquqi nümayəndəsi) bir neçə şəxslə gəlib onları məkandan 30 dəqiqə ərzində qeyri-şərtsiz çıxmaqlarını tələb etdi. Cavabdehlər "ASENA 2021” MMC-nin mal və avadanlıqlarına, həmçinin orada yerləşən MMC-yə məxsus ofis avadanlıqlarına, sənədlərə, əl qoymuşdur. "ASENA 2021” MMC-nin direktoru Nümayəndə2 və işçilər məkanı tərk etdikdən sonra Nümayəndə2ə və onun 20-dən çox işçilərinə həmin məkana daxil olmaqlarına qadağa qoyulmuşdur. Ruslan adlı şəxsin bu prosesdə kimləsə tez-tez telefon əlaqəsi qurub onun təlimatlarını yerinə yetirməsi, hüquqlarının tapdalandığı qeyd edən işçilərinə "gedin hara istəyirsiz şikayət edin” bildirməsi, həmçinin də, Nümayəndə2 hədələyərək icarə müqaviləsinə xitam verilməsinə dair bildirişə qol çəkdirməsi, qanuna saymamazlıq etməsi bir daha özünü təsdiqləyir. xx.xx.2022-ci il tarixdə iddiaçı MMC-nin direktoru Nümayəndə2n məcburiyyət altında imzaladığı xəbərdarlıq məktubunun sonuncu tərəfindən möhürlənməməsi də həmin xəbərdarlıq məktubunun heç bir əsasının olmamasını göstərir. Həmin xəbərdarlıq məktubunda qarşı tərəf Mülki Məcəllənin 329-cu maddəsinə əsaslanmışdır ki, Mülki Məcəllənin 329-cu maddəsinin tələbinə uyğun olaraq bağlanılan yazılı və sözlü əqdə uyğun olaraq hərəkət edilməmişdir. Həmin xəbərdarlıq məktubundan belə görünür ki, cavabdehin xəbərdarlıq məktubunda 329-cu maddəsinə istinad etməsi, yazılı və sözlü əqdə uyğun hərəkət etməməsini qeyd etməsi qarşı tərəfin əslində dolayı yolla olsa belə "ASENA 2021” MMC ilə aralarında olan şifahi danışıqlara əsasən razılaşdıqlarının etirafını edir. Belə ki, "xxxx" MMC-nin direktoru Nümayəndə2 ilə cavabdeh və onun nümayəndəsi Ruslan Haşımov arasında olan mülki qanunvericilikdə nəzərdə tutulan şifahi razılaşmaya əsasən həmin qeyri-yaşayış obyektində təmir-tikinti işləri "xxxx" MMC tərəfindən həyata keçiriləcəkdir və həmin obyektə restorana aid olan bir çox əşyalar alınacaqdır. Cavabdeh MMC tərəfindən təmir-tikinti islərinə və zəruri əşyaların alınmasına 200.000 manat məbləğində vəsait xərclənmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının direktoru Nümayəndə2 tərəfindən imzalanmış müqaviləyə əlavənin də heç bir hüquqi qüvvəsi və əsası yoxdur. Çünki, həmin müqavilədə qeyd edilən bildiriş və əlavənin özü belə "ASENA 2021” MMC tərəfindən məcburiyyət altında imzalanmışdır və həmin əlavə də "ASENA 2021” MMC tərəfindən möhürlənməmişdir. Həmin müqaviləyə əlavədə belə cavabdehin iddiaçı tərəfindən həmin qeyri-yaşayış obyektində təmir-tikinti işlərinin aparılması barədə məlumatının olduğunu bir daha etiraf edir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2634/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanda yerləşən, qeyri-yaşayış (otel) binasına dair İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi; Cavabdeh MMC-dən 5000 (beş min) manat icarə haqqının və 365627,0 (üç yüz altmış beş min altı yüz iyirmi yeddi) manat təmir xərcinin İddiaçı xeyrinə tutulması; hər iki iddia tələbinin qalan hissədə rədd edilməsi; iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 manat məbləğində pul məbləğinin Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi; ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2634/2022 saylı, 21 oktyabr 2022ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə” tələbinə dair ilk iddia tələbi «qeyri-yaşayış sahəsində əşyalara vurulmuş zərərin tutulması» hissəsində təmin edilməsi; qeyri-yaşayış sahəsinə dəymiş zərər olaraq 206.145.50 (iki yüz altı min yüz qırx beş manat əlli qəpik) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini belə əsaslandırıb ki, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq pr. 116A ünvanında yerləşən, ümumi sahəsi 3645.90 kv.m təşkil edən 5(+1) mərtəbəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı oğuna məxsus olmaqla qeyri-yaşayış binası otel kimi fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il ildə iddiaçı A.Abdulalyev ilə Cavabdeh MMC ilə arasında qeyri-yaşayış binasının (otel) ona icarəyə verilməsinə dair notarial qaydada müqavilə bağlanmışdır. Müqaviləni onun adından etibarnamə ilə səlahiyyətl nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi Varis Onal imzalamışdır. Müqaviləyə əsasən mülkiyyətindəki qeyri-yaşayış binası otel kimi istifadə edilməsi məqsədilə cavabdehə icarəyə verilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 20000 (iyirmi min) manat, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800 000 (səkkiz yüz min) manat, əldən çıxmış fayda şəklində 20.000 manat olmaqla cəmi 848.979 (səkkiz yüz qırx səkkiz min doqquz yüz yetmiş doqquz) manat pulun tutularaq ona ödənilməsini tələb edir. Göründüyü kimi, ilk iddia üzrə Cavabdeh MMC icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “icarə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış,icarə haqqının 01 aprel 2022-ci il tarixdən başlayaraq 10000 manat olmaqla ödənilməsi barədə tərəflər razılaşmışdır. Tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, icarəyə verilən əmlakdan icarəçi 15 aprel 2022- ci il tarixdə çıxmışdır. Belə olan halda iddiaçının tələbi qismən təmin olunmalı, 5000 (beş min ) manat icarə haqqı ilk İddiaçı ödənilmədir. İlk iddia üzrə iddiaçının digər tələbi təmir-bərpa xərclərinin əvəzi kimi 800000 manat məbləğində pulun ödənilməsidir. Məhkəmə bu hissədə iddia tələbini qismən əsaslı hesab edərək ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 365627,0 manat məbləğində əsaslı hesab edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən “İcarəçilər” “icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində təmir-söküntü işləri aparılmlş, divarlar, arakəsmələ sökülməklə qeyri-yaşayış sahəsində dəyişikliklər edilmişdir. Bu hal qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən də etiraf edilmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4386-9/4902 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanda yerləşən, qeyri-yaşayış (otel) binasının cavabdeh tərəfindən söküntü işləri aparılmamışdan əvvəlki yararlı vəziyyətinə gətirilməsi üçün və ya dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri təqribən 365627,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanda yerləşən, qeyri-yaşayış (otel) binasına yerli baxış keçirmiş, ümumi sahəsi 3645.90 kv.m təşkil edən 5(+1) mərtəbəli qeyri-yaşayış sahəsində aparılmış söküntü, tikinti işləri ilə vizual olaraq tanış olmuş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir. İlk iddia tələbinin ödənilməmiş kommunal xidmətlərin tutulması hissədində məhkəmə iddia ərizəsini əsaslı hesab qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının “İcarəçi” tərəfindən ödənilməsi öhdəliyi götürülmüşdür. Buna baxmayaraq, məhkəmə hesab edir ki, icarəçi öz öhdəliklərinin tam həcmdə icrası üçün cavabdeh olsa da, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat borcun mövcudluğu, eləcə də həmin borcun icarəyə verilən dövrü əhatə etməsi, həmin məbləğin ilk iddiaçı tərəfindən ödənilməsinə dair məhkəməyə hər hansı sübut əlavə edilməmişdir. Buna görə də, ilk iddia bu hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin "20000 manat əldən çıxmış fayda" hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar əldən çıxmış fayda kimi ona vurulmuş zərər olaraq cavabdehdən 20000 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir (həmin əmlakın icarəyə verilməsi barədə müraciətlər və sair). Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halı sübuta yetirmək iddiaçının üzərindədir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı təmir-tikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manat və əldən çıxmış faydaya görə 50.000 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutulmasını tələb edir. Qarşılıqlı iddia tələbi göstərilən hissədə əsassızdır. Belə ki, iş materialları və mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış sayəsi icarəyə verilərkən istismara yararlı halda olmuş, təmirə ehtiyacı olmamışdır. Qarşılıqlı iddiaçı özü qeyriyaşayış sahəsinə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərinə zidd olaraq dəyişikliklər etmişdir. Göstərilən halda, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı bir zərərin dəymiş olması mümkün deyil. Digər tərəfdən, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr, ev 116C saylı qeyri-yaşayış obyektində hansı təmirtikinti işlərinin görülməsi, hansı əşyaların alınmasını qeyri-dəqiq göstərmiş, buna dair məhkəməyə sübutlar təqdim olunmamışdır. Buna görə də, keçirilmiş ekspertiza zamanı qarşılıqlı iddiaçının smeta sənədlərinin mövcud olmaması əsası ilə rəy verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi əlavə qətnamə üzrə gəldiyi qənaətində göstərir ki, iş üzrə çıxarılmış qətnamə ilə dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri təqribən 365627.0 manat tutulması qət edilsə də, məhkəmə ilk iddia tələbinin «qeyri yaşayış sahəsində olan əşyalara vurulmuş zərərin tutulması hissəsinə» hüquqi qiymət verməmişdir. Bu baxımdan, MPM-in 229.1-ci maddəsinin tələbi baxımından, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, həmin tələblər barədə qətnamə çıxarılmamışsa, məhkəmə əlavə qətnamə çıxara bilər. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspert rəyi işə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr, ev 116C saylı qeyri-yaşayış sahəsi təhvil verilən zaman icarəçiyə (cavabdehə) təhvil verilmiş və cavabdeh tərəfindən qaytarılmayan avadanlıq, ləvazimat və malların dəyəri (hər birinin dəyəri siyahıda göstərilməklə) – 206.145.50 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qeyd olunan hissədə təmin olunmalı, dəymiş zərər olaraq 206.145.50 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayəti, eləcə də apellyasiya şikayətinə əlavədə qətnamənin, eləcə də əlavə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh MMC-nin direktoru Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin və əlavə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin və qarşılıqlı iddialar qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməyən, ilkin iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin sözügedən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə ilk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin qeyd olunan hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissələrdə ilk iddia ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan tam qalxmadığı üçün haqlı sayılsa da, qarşılıqlı iddia ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün haqlı sayılmır.

22. Qarşılıqlı iddiaçı şikayətində həm ilkin iddianın təmin edilən hissəsini, həm də qarşılıqlı iddianın təmin edilməyən hissəsini mübahisələndirir. Ona görə də, hər iki iddia tələbləri üzrə mübahisələndirilən hissələrinə qarşılıqlı şəkildə hüquqi qiymət verilməsi zəruri və vacibdir. 23.Belə ki, ilk iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800000 (səkkiz yüz min) manatın, qarşılıqlı iddiaçı isə həmin qeyri-yaşayış obyektində təmirtikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manatın ödənilməsini tələb edir. İlk iddiaçı icarə müqaviləsinin 8-ci bəndinə, yəni icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərinin apara bilmədiyi şərtinə istinad edərək, qarşılıqlı iddiaçı isə hələ 2021-ci ilin noyabr ayında ilk iddiaçının nümayəndəsi olan şəxslə şifahi olaraq qeyri-yaşayış sahəsinin təyinatını oteldən restorana dəyişmək barədə razılığa gəlib həmin vaxtdan 2022-ci ilin yanvar ayının ortalarınadək apardığı təmir-tikintiyə və əşyaların alınmasına vəsait xərclədiyinə görə bu iddiaları irəli sürüblər.

24. Göründüyü kimi, ilk iddiaçı notarial qaydada təsdiq edilmiş müqaviləyə, qarşılıqlı iddiaçı isə şifahi razılaşmaya istinad edir. Demək, qeyd olunan tələblərin əsaslı-əsassız və təmin edilməli yaxud edilməməli olması bir-birindən asılı olmuşdur.Yəni, birinin təmin edilməsi, mütləq ki, digərinin rədd eilməsi ilə nəticələnməli idi ki, birinci instansiya məhkəməsi də bu hissələr üzrə də düzgün nəticəyə gəlmişdi.

25. Qarşılıqlı iddiaçı müqavilənin həmin bəndinin formal olduğunu, çünki, müqavilə bağlananadək qeyri-yaşayış sahəsinin təyinatının dəyişməsi ilə bağlı artıq təmir-tikinti işlərinin başa çatdığını, qarşı tərəfin də bundan məlumatlı olduğunu və buna görə də müqavilənin hər hansı bir şərtini pozmadığını, əksinə ilk iddiaçının və nümayəndəsinin müqavilə şərtlərini pozduğunu göstərsə də, bu dəlillər mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, qarşılıqlı iddiaçı ilk iddiaçı ilə razılaşdırdıqları şərtlərin müqaviləyə daxil edilməməsini qarşı tərəfin nümayəndəsinin MMC-nin direktorunu aldatması ilə, yəni razılaşdıqları şərtin müqaviləyə daxil edəcəkləri halda notariusun bu cur müqaviləni bağlmayacaqları ilə izah edir. Ancaq bu dəlillər inandırıcı və ağlabatan sayıla bilməz. Çünki, icarə müqaviləsinə bəyan etdiyi şərtlərin salınması qanuna zidd sayılmırdı. Əksinə qarşılıqlı iddiaçının müqavilənin 8-ci bəndi ilə razılaşıb onu imzalaması ona dəlalət edir ki, MMC-nin rəhbəri qeyri-yaşayış sahəsində təmir-tikinti aparmaması yaxud təyinatının tamamilə dəyişəcək şəkildə bu işləri görməyəcəyi barədə öhdəlik götürmüşdür. Ona görə də tərəflərin notarial qaydada təsdiq olunmuş icarə müqaviləsindəki şərti nəzərə alıb, eyni məzmunlu, hər iki iddianın bu hissələri üzrə ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsinin nəticəsi əsassız olmamış, yəni müqavilə şərtlərinə uyğun olmuşdur.

26. Qarşılıqlı iddianın qeyri-yaşayış obyektinə əşyaların alınmasına xərclənmiş vəsaitin tələb edilməsi hissəsi də əsassız olmuşdur. Çünki, hər hansı bir əşya alınmışdırsa, ilk növbədə əşyanın özü, mövcud olmadıqda isə dəyəri tələb edilə bilər. Qarşılıqlı iddiaçı apellyasiya şikayətinə əlavədə də göstərir ki, ilk iddiaçının nümayəndəsi və vəkili, eləcə də icarə müqaviləsini mülkiyyətçinin nümayəndəsi kimi imzalamış və şahid qismində dindirilmiş Ruslan Haşımov da qeyd olunan əşyaların bəzilərinin qeyri-yaşayış sahəsində olduğunu və mübahisə bitdikdən sonra həmin avadanlıqların MMC-yə qaytarılacağını etiraf etmişdir. Bu halın doğruluğu belə qarşılıqlı iddianın bu hissəsini təmin etmək üçün əsas ola bilməzdi. Çünki, ən azından qarşılıqlı iddiaçının qeyri-yaşayış sahəsi üçün aldığını iddia etdiyi əşyaların bir qisminin qarşı tərəfdə olduğu təsdiq olunur. Bu cür vəziyyətdə, yəni fiziki cəhətdən mövcud olan əşyanın özünü deyil, birbaşa, özüdə yalnız onların alınmasına sərf edilmiş vəsaitin tələb edilməsi mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.

27. Qarşılıqlı iddia üzrə əldən çıxmış faydaya görə 50000 manatın tələb edilməsi ilə bağlı iddianın rədd edilməsi də düzgün olmuşdur. Çünki, qarşılıqlı iddiaçı da buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

28. İlk iddianın icarə haqqı hissəsinin qismən təmin edilməsi də müqavilə şərtlərinə uyğun olmuşdur. Çünki, icarəçi xx.xx.2022-ci ildən başlayaraq hər ay icarəverənə 10000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektində icarəçinin 15 aprel 2022-ci ilədək fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Çünki, qarşılıqlı iddiaçı tərəf də bu faktı inkar etmir. Ona görə də, məhkəmə 15 gün üçün aylıq icarə haqqının yarısının, yəni 5000 manatın tutulmasını qət etməklə haqlı olmuşdur.

29. İlk iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800000 (səkkiz yüz min) manatı tələb edərkən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmışdır. Həmin rəyə görə qeyri-yaşayış(otel)binasına dəymiş ziyanın və avadanlıqların birgə bazar dəyəri 780000(yeddi yüz səksən min) manat müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edib rəy almışdır. Ekspertiza rəyinə əsasən qeyriyaşayış(otel) binasının söküntü aparılmamışdan əvvəlki yararlı vəziyyətə gətirilməsi üçün və ya dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri 365627,0 (üç yüz altmış beş min altı yüz iyirmi yeddi) manat, otelə aid yararsız vəziyyətə düşmüş əşyaların, eləcə də çatışmayan və zədələnmiş əşyaların ümumi dəyəri isə 206.145.50 (iki yüz altı min yüz qırx beş manat əlli qəpik) manat müəyyən edilmişdir.

30. Göründüyü kimi, ilk iddiaçı tərəfindən qiymətləndirici rəyi təqdim edilsə də birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış binasına və orada olmuş avadanlıqlara dəymiş ziyanın yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertlərin köməyindən istifadə edilmişdir. Ekspertlər də tədqiqat obyektlərinə real baxış keçirib tədqiqat aparmaqla rəy vermişdir. Lakin qarşılıqlı iddiaçı tərəf ekspert rəyinin özünü mübahisələndirir. Ekspertlər bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. 31.Apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçı tərəf yazılı vəsatətlə əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizanın keçirilməsi barədə məhkəməyə müraciət etsə də bu vəsatət yuxarıda qeyd olunanlar səbəbindən təmin edilə bilməz. Çünki, vəsatətdə göstərilən 1 və 2-ci suallarda göstərilən işlərin aparıldığı və dəyəri həqiqi olsa belə bu qarşılıqlı iddianın qeyd olunan hissəsinin təmin edilməsi üçün əsas ola bilməz. Əks halda ilk iddianın eyni məzmunlu hissəsinin təmin edilməsi hissəsi əhəmiyyətini itirmiş olar və ziddiyyətli vəziyyət yaranar. 3-cü sualda göstərilən əşyaların dəyərinin müəyyən edilməsinin isə hazırki qarşılıqlı iddianın predmeti baxımından əhəmiyyəti olmayacaqdır. Çünki, qarşılıqlı iddiaçı iddia etdiyi əşyaların özünü deyil, birbaşa onların dəyərini tələb edir ki, buda hazırki icraatda yolverilməz sayılır.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın qismən təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda icarə münasibətləri, müqavilə azadlığı, müqavilənin dispozitiv şərtləri institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2634/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi və e-2(005)-2634/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsindən qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2634/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi və e-2(005)-2634/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli əlavə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar