Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8012/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Emil Həsənovun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin edilməsi barədə” ərizə təmin edilməsin. Bu qərardad daha əvvəl qəbul edilmiş başqa qərardadla - xx.xx.2018-ci il tarixli qərardadla əlaqəlidir. Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadda əsas kimi ona istinad olunub ki, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 259.0.6-cı maddəsinin göstərişinə istinad edilib. Həmin maddəyə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şkayətdə tələb olunub ki, xx.xx.2020-ci il tarixli qərardad ləğv edilsin. Şikayət daha əvvəl verilmiş ərizə ilə əlaqəlidir. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərardadın qəbul edilməsindən 2 il 5 ay sonra iddiaçı “iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə əsas kimi ona istinad edilib ki, iddiaçı xx.xx.2018-ci il tarixə təyin edilmiş iclasda üzrlü səbəbdən iştirak edə bilməyib. Belə ki, iddiaçı (bank) məhkəmə qərarı ilə müflis elan edilib, X1 bankın ləğvedicisi təyin edilib. Bundan sonra bank ilə Fondun arasında texniki-təşkilati məsələlərin müəyyən edilməsi, etibarnamələrin hazırlanması və digər istiqamətlərdə işlərin aparılması müəyyən vaxt tələb edib. Ərizədə hüquqi əsas kimi MPM-in 260.5-ci maddəsinin göstərişinə istinad edilib. Həmin maddəyə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Ərizədə istinad olunan hallara eynilə şikayətdə də istinad olunub. Qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, əgər işdə iştirak edən şəxs “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” qərardadın ləğv edilməsi üçün MPM-in 260.5-ci maddəsinə əsaslanaraq vəsatət verirsə onun üzərinə 2 halı sübut etmək vəzifəsi düşür: 1) iclasda iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini; 2) bu səbəb haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəbdən baş verdiyini. Lakin iddiaçı nə 1-ci halı, nə də 2-ci halı sübut edə bilmir. İddiaçının istinad etdiyi hal (bankın müflis elan edilməsi, banka ləğvedici təyin edilməsi və s.) üzrlü səbəb kimi qəbul oluna bilməz. İddiaçının “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” qərardadın qəbul edilməsindən 2 il 5 ay sonra ərizə (vəsatət) ilə məhkəməyə müraciət etməsi də onu təsdiq edir ki, həmin hal üzrlü səbəb sayıla bilməz. Beləliklə, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8012/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8012/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver