Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8012/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 Təsərrüfatı Mərkəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mərkəz cavabdehlərə qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin qəbul etdiyi 31.03.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Cavabdehlər ayrılıqda həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişlər. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadlar ilə şikayətləri təmin edilməmiş və baxılması üçün şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətlərə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qərardadla şikayətləri qismən təmin edərək Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qərardadını ləğv etmiş və mülki işi, məhkəmə aidiyyəti məsələsinin müzakirə edilməsi üçün işi həmin məhkəməyə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli qərardadına əsasən Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qərardadı ilə iddiaçı Mərkəzin cavabdehlərə qarşı irəli sürdüyü “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasını icraata qəbul etmiş və hazırki işin məhkəmə aidiyyəti məsələsini müzakirə edərək müəyyən etmişdir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz, işə inzibata mühakimə icraatı qaydasına inzibati məhkəmə tərəfindən baxılmalıdır. Bunu müəyyən etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.06.2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam vermiş və iddiaçıya izah etmişdir ki, eyni iddia tələbləri ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaya baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzin ona və digər cavabdehə qarşı irəli sürdüyü “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.07.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Mərkəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbi ondan ibarətdir ki, X2 aid torpaq sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindədir və cavabdehlərin həmin ərazidə inşa etdikləri qeyri-qanuni tikililər sökülməli, cavabdehlər həmin torpaq sahələrindən çıxarılmalı, vurulmuş ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Göründüyü kimi iddiaçı Mərkəz inzibati fəaliyyətindən irəli gələn səlahiyyətlərindən çıxış edərək hazırki iddianı irəli sürmüşdür. Buna görə də iddiaçı ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və bu tələbin ümumi məhkəməyə verilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1 və 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.4. maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 06.10.2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə görə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilənlərə və MPM-nin 261.0.1-ci maddəsinin tələbinə istinad etməklə hazırki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Qərardaddan verilmiş şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan, habelə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8012/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8012/2021
04.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver