Məhkəmə qərarları › İş №2(103)-802/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-802/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-802/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinin düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il 2(005) -156/2017 saylı əmri, xx xxxxxx 2016-cı il 2(007)-5567/2016 saylı əmri, xx xxxx 2017-ci il 2(007)- 1609/2017 saylı əmri, xx xxxxxx 2016-cı il 2(007)-8470/2016 saylı əmri iddia ərizəsində göstərməklə, "Cavabdeh" ASC-yə olan kredit borcunun MBNP-nin xx xxxx 2019-cu il qaydalarına əsasən düzgün müəyyən edilməklə 1176, 37 (bir min yüz yetmiş altı manat 37 qəpik) AZN məbləğində borcunun olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun faktiki nə qədər kreditin borcunun qalması dəqiqləşdirilməmişdir. Belə ki, Bankın xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli məktublarında iddiaçının xx.xx.2013-cü il tarixli müqavilə üzrə xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 787.96 (yeddi yüz səksən yeddi, doxsan altı) manat və xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 2442.44 (iki min dörd yüz qırx dörd, qırx dörd) manat olmaqla, cəmi 3230.40 (üç min iki yüz otuz, qırx) manat borcunun olması qeyd edilmişdir. Daha sonra, MBNP-nin Problemli kreditlərin restrukturizasiyası barədə məlumatında isə onun müvafiq olaraq 628.53 (altı yüz iyirmi səkkiz, əlli üç) manat və 1536.12 (min beş yüz otuz altı, on iki) manat olmaqla, cəmi 2164.65 (iki min yüz altmış dörd, altmış beş) manat borcunun olması qeyd edilmiş, lakin həmin borcun necə yaranması barədə heç bir açıqlama verilməmişdir. Halbuki Prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanı və MBNP-nin xx xxxx 2019-cu ildə təsdiq edilmiş Qaydalarına əsasən iddiaçının Banka cəmi 1176.32 (min yüz yetmiş altı, otuz yeddi) manat məbləğində borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.İsmayılov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, iddiaçı ilə Bank arasında dörd kredit müqaviləsi olmuşdur ki, onlardan ikisi artıq bağlanmışdır, aktiv olan digər iki kredit borcları isə Prezidentin Fərmanına əsasən fazi borcu silinib, həmin müqavilələrin restrukturizasiyaya yönəldilməsi üçün iddiaçıya təklif olunmuş, lakin o imtina etmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli Baş sazişə əsasən borcluya xx.xx.2014- cü il tarixli, illik 28% olmaqla 36 ay müddətinə 2549 manat kredit verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli əmrindən görünür ki, kreditor ilə Borclu İddiaçı arasında xx.xx.2014-cü il tarixdə tərəflər arasında kağız daşıyıcıda və ya bankın sayıt vasitəsi ilə, həmçinin digər vasitələrlə təklif edəcəyi (oferta) əqdlərin müştəri tərəfindən imzalanma və ya təsdiq edilmə yolu ilə (aksept) bağlanmasının ümumi şərtlərini müəyyən edən əqdlərin bağlanma şərtlərinə dair Baş saziş imzalanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı müraciəti əsasında sonuncu ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli əmrindən görünür ki, İddiaçı müraciəti əsasında sonuncu ilə «Bank ofBaku» Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013- cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir. Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixli müraciətinizə cavab olaraqbildirilir ki, müraciətiniz əsasında Sizinlə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, PCO11221/13 saylı müqaviləyə əsasən 1000 AZN məbləğində kart kredit və xx.xx.2014- cü il tarixli, R-BS-DK086231/14 saylı razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində 2549 AZN məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. Siz Cavabdeh ASC qarşısında üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında və lazımınca icra etmədiyiniz üçün Bank tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Bankın müraciəti müvafiq məhkəmə orqanı tərəfindən xx.xx.2017-ci il tarixli 2(007)-4609/2017 saylı və xx.xx.2016-cı il tarixli 2(007)-5567/2016 saylı məhkəmə əmrləri ilə təmin edilmişdir. Qeyd etmək istərdik ki, Sizin kredit xərcləri üzrə hesablamalar müvafiq müqavilələrin şərtlərinə əsaslanaraq bankdaxili qaydalara uyğun olaraq düzgün aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının icrası ilə bağlı xx xxxxx 2019-cu il tarixində Sizin kreditləriniz hesabına kredit kartı üzrə 353,92 AZN və nağd pul krediti üzrə 864,96 AZN olmaqla ümumi 1218,88 AZN kompensasiya məbləği köçürülmüşdür. Əlavə olaraq qeyd edirik ki, Sizin cari tarixə Bank qarşısında kredit kartı üzrə 787,96 AZN və nağd pul krediti üzrə 2442,44 AZN borc öhdəliyiniz mövcuddur. Sonda müvafiq fərmanın icrasına uyğun olaraq Sizə cari əsas borc öhdəliklərinizin restrukturizasiya edilməsi təklif olunur. Mülki iş materiallarında olan 8425 saylı qərardan görünür ki, İddiaçı müraciətinə X4 X1 baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X3 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Barənizdə aparılmış hesablama zamanı hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, kredit məbləğinin qalıqları ilə bağlı müvafiq kredit təşkilatına və ya Azərbaycan Kredit Bürosuna müraciət edə bilərsiniz. Cavabdeh ASC-nin məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 1536,12 manat əsas, 886,32 manat faiz borcu və 20 manat məhkəmə xərci üzrə borcu vardır. Cavabdeh ASC-nin məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-yə xx.xx.2020-ci il tarixdə 628,53 manat əsas, 159,43 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 1472 saylı rəyinə əsasən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli məhkəmə əmrlərində göstərilən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə cavabdehin banka olan borcunu müəyyən etmək mümkün olmadı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mülki iş üzrə kredit müqavilələri həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə münasibətdə Fərmanın təsiri altına düşsə də, hazırkı iddia tələbi Fərmanın 8.6-cı bəndinin tələblərinə uyğun deyil. Belə ki, 8.6-cı bəndə əsasən, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Bu baxımdan, hazırkı işdən göründüyü kimi kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar siyahısına daxil deyildir. Belə ki, xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi və xx.xx.2014-cü il tarixdə bağlanmış baş saziş üzrə borc İddiaçı tərəfindən tam ödənilmişdir. Borc məbləği ödənilməyən digər iki müqavilə üzrə isə bank faiz və cərimə borclarını silməklə iddiaçıya yeni güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etsə də, o, bundan imtina edir. Beləliklə, hazırkı işdə məhkəmə əmrləri üzrə xitam verilmiş borc məbləğlərinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunması üçün əsaslar mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-528/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar