Məhkəmə qərarları › İş №2(103)-8022/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8022/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8022/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-8022/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 20 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3007/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada (ödədiyi 50 manat dövlət rüsumu nəzərə alınmaqla) tutulmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyanın ona - İddiaçı ödənilməsi, cavabdehlərin hər ikisinin ondan üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,164 ha torpaq sahəsi onun (İddiaçı) xüsusi mülkiyyətindədir. Mülkiyyətindəki torpaq sahəsini uzun müddətdir ki, istifadə etdiyindən həmin sahədə tərəfindən müxtəlif sortlu meyvə ağacları olmaqla, ümumilikdə 76 ədəd ağac əkilmiş və onlara qulluq edilmişdir. Cavabdehlər Lənkəran rayon sakinləri olsalar da, onların hər ikisi Bakı şəhərində qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh2 halhazırda Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır. Digər Cavabdeh1 1-ci Cavabdeh2 oğludur və Bakı şəhərində yaşayır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsində illərlə əkib-becərdiyi ağacları məhv edilmiş və nəticədə ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 övladı - Cavabdeh1 adından (guya onun hansısa vəzifədə işləməsindən) istifadə edərək, onun torpaq sahənin məcburi qaydada ona verməli olduğunu qarşısına şərt qoymaqla məqsədli şəkildə ona maddi ziyan vurmuşdur. Cavabdeh2 ona maddi ziyan vurmaq məqsədilə qərəzli şəkildə dəfələrlə səhər vaxtları kənd sakinlərə məxsus mal-qaranı onun çəpərlənmiş torpaq sahəsinin qapısını qırıb-sındırmaqla torpaq sahəsinə salmış və mal-qaranın onun təsərrüfatına, əkdiyi ağacların məhv edilməsinə nail olmuşdur. Cavabdeh2 dəfələrlə iradını bildirsə də və ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, ikinci Cavabdeh1 ona zəng edib hədə-qorxu gələrək anası ilə birlikdə ona ziyanın vurulmasına səbəb olmuşdur. Cavadehlərin hər ikisi onu əsassız təhdid etməklə, ona qarşı hörmətsiz davranmaqla və yol verdikləri ağır ifadələri ilə ona mənəvi zərər vurmuş və onu iztirab və sarsıtınya məruz qoymuşlar. O, uzun illərdir ki, doğma kəndi - Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır, təsərrüfatçıdır, təsərrüfat işləri ilə özünü və ailəsini dolandırır. Cavadehlərin hərəkəti nəticəsində o, həm çəkdiyi xərclərdən, həm də gələcək gəlirlərindən mərhum olmuşdur. Cavadehlər qanunsuz hərəkətləri ilə nəinki ona, təbiətəağaclara da böyük ziyan vurmuşlar. Ona dəymiş maddi ziyanın açıqlaması kimi qeyd edir ki, 2018-ci ildən həmin 16 sot torpaq sahəsində əkdiyi 76 ədəd ağacın hər birini 17 manatdan almaqla 1292 manat (76 ədəd x 17 manat = 1292 manat), ağacların əkilməsinə və onlara ötən müddət ərzində qulluğa görə 600 manat sərf etmiş, hazırda minimum surətdə əldən çıxan fayda və məhkəməyədək xərcləri, ödədiyi dövlət rüsumu da daxil olmaqla, ümumilikdə 3000 manat məbləğində ona maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə cavabdehlərə şifahi surətdə bildirsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehlər indi də ona qarşı qərəzli-ədavətli davrandığından və ona dəymiş maddi ziyanı könüllü şəkildə ödəmək niyyətində olmadığından, o, qanunla qorunan hüquqlarının müdafiəsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdehlərin ona qanunsuz yerə narahat etmələri və ona mənəvi ziyan vurmaları nəticəsində o, əsəb-sarsıntılar keçirmişdir. Yaşadığı kənddə bu cür xoşagəlməz hallarla rastlaşmağı onu hələ də çox narahat edir və hesab edir ki, cavadehlə ona qarşı bu əsassız hərəkətlərinə görə ondan üzr istəməlidirlər. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin əvəzi olaraq hesab edir ki, cavabdehlərin hər ikisi ondan üzr istəməlidirlər.

3. İddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı 7600 (yeddi min atlı yüz) manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 96 manat dövlət rüsumunun alınaraq o - Cavabdeh2 Ağası qızına ödənilməsi, İddiaçı onun və oğlu Cavabdeh1 şərəf və ləyaqətini alçatdığına görə ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və o - Cavabdeh2 Ağası qızından müştərək qaydada tutulmaqla ümumilikdə 3000 manat məbləğində maddi ziyanın İddiaçı ödənilməsini və onlardan üzr istəməkləri barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirir ki, mərhum X12 onun əridir. O, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, **********, ********** və ********** saylı çıxarışlara əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahələri mərhum əri X7 və ona məxsusdur. Həmin torpaq sahələri onların birgə nikah dövründə alınmışdır. Həmin torpaq sahələri 2018-ci ilin may ayından 2021-ci ilin iyul ayının əvvəlinə qədər İddiaçı tərəfindən zəbt edilərək, istifadə olunmuşdur. Belə ki, İddiaçı həmin torpaq sahələrində ot yetişdirib, həmin otları presləyərək mal-qara yiyələrinə satmaqla yüksək gəlir əldə etmişdir. O, dəfələrlə İddiaçı müraciət edərək, torpaq sahələrindən istifadəni dayındırmasını tələb etsə də, lakin o onun və oğlu Cavabdeh1 şərəf və ləyəqətini alçaldaraq təhqir etmiş, tələblərinə məhəl qoymadan torpaqlarından istifadəni 2021-ci ilin iyul ayına qədər davam etdirmiş və yüksək gəlir əldə etmişdir. Belə olan halda aydın olur ki, İddiaçı hüquqi əsas olmadan gəlir əldə etməklə əsassız olaraq varlanmışdır. Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahəsinin 1 aylıq icarə haqqı ən azından 200 manat təşkil edir. İddiaçı torpaq sahələrimizi zəbt etdiyi müddət 38 aydır. Belə olan halda İddiaçı mənə ümumilikdə 7600 manat pul ödəməlidir. Bu səbəbdən də hesab edir ki, mərhum X7 və ona məxsus Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahəsinin 38 aylıq icarə haqqı məbləğində pul, yəni 7600 manat İddiaçı tutularaq, ona ödənilməlidir. İddiaçı onun və oğlu Cavabdeh1 şərəf ləyaqətini təhqir etdiyinə, alçaltdığına görə, mənəvi zərərin əvəzi olaraq ondan üzr istəməlidir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3007/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət edilmişdir (Hakim: Nilufər Cəfərli). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,164 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyətindəki torpaq sahəsini uzun müddətdir ki, istifadə etdiyindən həmin sahədə müxtəlif sortlu meyvə ağacları olmaqla, ümumilikdə 76 ədəd ağac əkilmiş və onlara qulluq edilmişdir. Cavabdehlər Lənkəran rayon sakinləri olsalar da, onların hər ikisi Bakı şəhərində qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh2 hal-hazırda Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır. Digər Cavabdeh1 1-ci Cavabdeh2 oğludur və Bakı şəhərində yaşayır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində illərlə əkibbecərdiyi ağaclar məhv edilmiş və nəticədə ilkin iddiaçı kimi ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 övladı - Cavabdeh1 adından (oğlunun hansısa vəzifədə işləməsindən) istifadə edərək, iddiaçının torpaq sahəsinin məcburi qaydada ona verməli olduğunu qarşısına şərt qoymaqla məqsədli şəkildə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh2 iddiaçıya maddi ziyan vurmaq məqsədilə qərəzli şəkildə dəfələrlə səhər vaxtları kənd sakinlərinə məxsus mal-qaranı onun çəpərlənmiş torpaq sahəsinin qapısını qırıb-sındırmaqla torpaq sahəsinə salmış və mal-qaranın iddiaçının təsərrüfatına, əkdiyi ağacların məhv edilməsinə nail olmuşdur. Cavabdeh2 dəfələrlə iradını bildirsə də və iddiaçıya dəymiş ziyanın ödənilməsini tələb etsə də, o bundan imtina etmiş, bu azmış kimi əvəzində ikinci Cavabdeh1 iddiaçıya zəng edib hədə-qorxu gələrək anası ilə birlikdə ona ziyanın vurulmasına səbəb olmuşdur. Cavadehlərin hər ikisi iddiaçını əsassız təhdid etməklə və hörmətsiz davranmaqla, yol verdikləri ağır ifadələri ilə iddiaçıya mənəvi zərər vurmuş və iddiaçıyıya iztirab və sarsıtınya məruz qoymuşlar. Mübahisəli torpaq sahəsini 2-ci Qarabağ Müharibəsi iştirakçısı olan oğlu üçün almışdır. Cavabdehlərin hərəkəti nəticəsində iddiaçı, həm çəkdiyi xərclərdən, həm də gələcək gəlirlərdən mərhum olmuşdur. Cavadehlər qanunsuz hərəkətləri ilə nəinki iddiaçıya, təbiətə-ağaclara da böyük ziyan vurmuşlar. Ümumilikdə iddiaçıya minimum halda 3000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda cavabdehlərin onu qanunsuz yerə narahat etmələri və ona mənəvi ziyan vurmaları nəticəsində o, əsəb-sarsıntılar keçirmişəmdir. Buna görə məhkəmə mənə dəymiş zərərin əvəzini cavabdehlərdən iddiaçının xeyrinə tutmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədr iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq o, səhhətində problem olmasını təsdiq edən hət hansı arayışı ərizəyə əlavə etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yalnız ilkin iddia tələbinə dair hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Kollegiya aşağıdakılara istinad etməyi zəruri sayır:

16. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 222 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.164 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi İddiaçıdur.

17. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.66 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r.

18. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.44 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r.

19. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.49 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r.

20. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin A 643490 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpağın hüquqi sahibi X8r.

21. V-ЖГ 352913 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Cavabdeh2 Ağası qızı arasında xx.xx.1990-cı il tarixində rəsmi nikah bağlanmışdır.

22. 29.06.2022-ciil tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş – X6 vərəsəsi Cavabdeh2 və o miras əmlakdan tam hissədə pay almalı olduğu qeyd edilmişdir.

23. Lənkəran Rayon Məhkməsinin 2(049)-1632/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Terkəkəran kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.1122 ha torpaq sahəsinin 0.035 ha hissəsi cavabdeh X2 və X21 zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərindən cavabdehlər tərəfindən qanunsuz tikilmiş bir mərtəbəli eni 4.2 metr, uzunluğu 6.5 metr olan mişar daşından olan fərdi yaşayış evi cavabdehlərin hesabına sökülməli, zəbt edilmiş torpaq sahəsi cavabdehlər X3 və X16 alınıb iddiaçı Cavabdeh2 Ağası qızına verilməsi və bununla bağlı cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın 100 manatı və mütəxəssis rəyinə görə ödənilmiş 400 manat cavabdehlər X3 və X16 müştərək qaydada alınıb iddiaçı Cavabdeh2 ödənilməsi qərara alınmışdır.

24. Lənkəran rayon Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixdə təqdim etmiş olduğu arayışdan görünür ki, X4 rayonu Türkəkəran kəndində yaşayır və onun özünə məxsus 0.164 ha torpaq sahəsində 76 ədəd meyvə ağacaları əkilmişdir.

25. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, tərəflər ilə o qonşudurlar. Cavabdeh2 ilə İddiaçı torpaq sahələri bir yerdədirlər. İddiaçı özünə məxsus torpaq sahəsində ağac əkmişdir. Zabit ilə Nailə xanımın torpaq sahəsində dəmir qapı qoyulmuşdur. Bir gün o gələndə görmüşdür ki, bütün qonşuların heyvanları Zabit və Nailə xanıma məxsus olan torpaq sahəsinə daxil olaraq orada otlayır. O oraya gələn zaman artıq orda qapı yox idi. Qapının kimin götürdüyünü o özü görməmişdir. Lakin, digər qonşular qapının Nailə xanımın götürdüyünü bidirmişdilər. Hətta Nailə xanım onada onun malını ona məxsus olan torpaq sahəsinə otlamağa salmasını təklif etdi. Lakin o malı həmin torpaq sahəsinə salmamışdır. Bu hadisə təxminən bir neçə ay belə davam etdi.

26. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşına məxsus torpaq sahəsi ilə Nailə xanıma məxsus torpaq sahəsi bir hasarın içində olmuşdur və ora dəmir qapı qoyulmuşdur. Qapı Nailə xanımla Zabitin razılığı ilə qoyulmuşdur. O bir gün eşitmişdir ki, Nail xanım dəmir qapını götürərək bütün qonşuların mallarını torpaq sahəsinə salmışdır. O qapının kimin götürdüyüynü özü görməmişdir. Ancaq heyvanları hər gün Nailə xanım həmin torpaq sahəsinə saldığını görmüşdür. Mallar hələdə həmin torpaq sahəsinə girir. Torpaq sahəsində qardaşı tərəfindən ağaclar əkilmişdir. Onun özüdə həmin torpaq sahəsinə yaxın yaşayır. Heyvanlar bütün ağacların hamısını yemişlər. O özü malların həmin torpaq sahəsinə salınmasına və ağacların heyvanlar tərəfindən yeyilməsinə qarşısının alınması üçün heç bir şey etməmişdir. Çünki Nailə xanım ilə aralarında mübahisə çıxmasını isdəməmişdir.

27. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o İddiaçı ilə sinifyoldaşı olmuşdur. Nailə xanım isə sinifyoldaşının arvadıdır. Nailə ilə zabitə məxsus torpaq sahəsi bir hasarın içində olmuşdur. Həmin torpaq sahəsində heç ot da bitmir, su da yoxdur. O, öz torpaq sahəsinə gedəndə Zabitə və Nailəyə məxsus torpaq sahəsində mal-qara oduğunu görmüşdür. Mal-qara demək olarki, hər gün həmin torpaq sahəsinə gəlir.

28. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X1 Şamid Şahəddin oğlu, X14, X10 və X17 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, X5 miras qalan Cavabdeh2 məxsus Lənkaran rayonu, Tükəkəran kəndində 1.59 hektar torpaq sahəsi mövcud olduğu, həmin torpaq sahəsinin 2018-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək İddiaçı tərəfindən zəbt edildiyi, orada ot yetişditildiyi qeyd edilmişdir.

29. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X13, X9, X14 tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, xx.xx.2022ci il tarixli ərizədə qeyd edilənlərə həqiqətə uyğun olmadığından etibarsız hesab edilməsi xahiş edilmişdir.

30. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus bağ sahəsində ağacların məhv olmasını və bunun nəticəsində ona 3000 manat maddi zərər dəymiş olduğunu bildirsə də, iddiaçı bu halları təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir.

31. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin ərindən miras qalmış torpaq sahəsi bir hasarın daxilində yerləşir, iddiaçı məhz ona məxsus torpaq sahəsinə Cavabdeh2 tərəfindən mal-qaranın salınmasını, həmin mal-qaranın onun əkdiyi ağacları yeməsini və ağacların dəyərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

32. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahidlər də, Əsəsdov Zabitə məxsus torpaq sahəsinə mal-qaranın məhz ilkin iddia üzrə cavabdehin tərəfindən salınmasını təsdiq etmədilər. Bundan başqa iddiaçı məhkəmə iclasında mal-qara qeyd edilən torpaq sahəsinə bir gün deyildə mütamadi olaraq daxil olmasına baxmayaraq nə üçün bunun qarşısının alınmasına dair aktiv hərəkət etmədiyini izah edə bilməmişdir.

33. Bundan başqa ilkin iddia üzrə iddiaçı cavabdehlərdən ondan üzr istəmələrinə dair qətnamə çıxarılmasını xahiş etsə də, cavabdehlərin hansı hərəkəti nəticəsində onun şərəf və ləyaqətini ləkləndiyini məhkəmədə sübut edə bilməmişdir.

34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir.

36. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir.

37. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və apellyasiya şikayətinin dəlilləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

38. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

39. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

40. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilk iddianın və apellyasiya şikayətinin əsasları kimi istinad etdiyi hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

41. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələblərinin və apellyasiya şikayətinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edir və iddia tələbini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

42. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, ilkin iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3007/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar