Məhkəmə qərarları › İş №2(103)-8024/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8024/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8024/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(001)-4435/2022 saylı qərardadından cavabdeh Bakı şəhəri BPİnin X4 İdarəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi və Bakı şəhər X4 İdarəsinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4435/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, 62,03 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Vəkil tərəfindən imzalanmış Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(001)- 4435/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4435/2022 saylı qətnaməsindən cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi (vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad ilə razı olmayan cavabdeh Bakı şəhəri BPİ-nin X4 İdarəsi tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunun tələblərinə əməl edilmiş və apellyasiya şikayəti vaxtında, müddət ötürülməməklə verilmişdir. Belə ki, qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alındığı xx.xx.2022-ci il tarix həftənin altıncı gününə təsadüf edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(001)-4435/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alındığı xx.xx.2022-ci il tarixin həftənin altıncı gününə təsadüf etdiyindən, prosessual müddətin ötməməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. İş materiallarından göründüyü kimi, prosessual müddətin son günü - qeyri-iş günü olmayan xx.xx.2022-ci il tarixə təsadüf edir. Hazırkı apellyasiya şikayəti isə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə verilmişdir. Kollegiya eyni zamanda şikayətin digər dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən Vəkil verilmiş etibarnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4435/2022 saylı qərardadı qəbul edilərkən etibarnamə iş materiallarında mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(001)-4435/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri BPİ-nin X4 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(001)-4435/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar