Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8025/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri XəzərRayon Məhkəməsinin 2(003)-5417/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 qızma, Cavabdeh5 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 11054,42 ABŞ dolları məbləğində əsas borcun, 2094,05 ABŞ dolları məbləğində faiz borcunun, 3363,70 ABŞ dolları cərimənin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxx 2014-cüil tarixdə bağlanmış Kredit müqaviləsinə əsasən cavabdehə aylıq 2,1667% olmaqla 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 (zaminlər) arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir, lakin o, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5417/2016 saylı, xx xxxxxxxx 2016cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh3 birgə qaydada əsas borc üzrə 11054,42 ABŞ dolları, faiz borcu üzrə 2094,05 ABŞ dolları, cərimə üzrə 300 ABŞ dolları olmaqla, cəmi 13448,47(on üç min dörd yüz qırx səkkiz, qırx yeddi) ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat tutularaq “xxxxxxxxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin eidlən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir.Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh3 şikayəti qismən təmin olunaraq qətnamə ona münasibətdə ləğv edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli Kredit xətti müqaviləsindən aydın olur ki, Cavabdeh1 istehlak məqsədi ilə 60 ay müddətinə illik 15000 ABŞ dolları kredit xətti açılmışdır.İş materiallarında olan “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cti il tarixli razılaşmadan aydın olur ki, Kredit xətti müqaviləsinin müddəti və məbləği artırılaraq 50000 ABŞ dolları və 168 ay müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cüil tarixli Kredit razılaşmasından aydın olur ki, Cavabdeh1 istehlak məqsədi ilə 24 ay müddətinə illik 2,1667 % olmaqla 20000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” QSC ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrindən aydın olur ki, Zaminlər, borclunun xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2016-cı il tarixə “xxxxxxxxxx” QSC 11054,42 ABŞ dolları məbləğində əsas, 2094,05 ABŞ dolları məbləğində faiz, 3363,70 ABŞ dollarıcərimə borcu olmaqla, cəmi 16512,17 ABŞ dolları məbləğində borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, iddiaçı bankın istinad etdiyi kredit xətti və Cavabdeh3 ilə bağladığı zaminlik müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, kredit razılaşmasında təsbit edilən faiz dərəcəsi ilə bağlı isə onun razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, həmin zaminlik müqaviləsi etibarlı müqavilə olmamaqla Cavabdeh3 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçının istinad etdiyi zaminlik müqaviləsinin zamin tərəfindən ayrıca mübahisələndirilməsinə ehtiyac yoxdur; çünkü qanunun tələbinə görə işə baxan məhkəmə hər bir halda irəli sürülmüş iddia tələbinin qanuni əsasını yoxlamağa borcludur. Hazırkı halda iddiaçının zaminə qarşı yönəlmiş iddia tələbinin qanuni əsasını onunla bağlanmış zaminlik müqaviləsi təşkil etdiyindən, məhkəmə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq həmin müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hərgah şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur. Cavabdeh3 apellyasiya şikayətini bu mövqedən əsaslandırmaması da kollegiyanın fərqli nəticəyə gəlməsinə səbəb ola bilməz; çünki yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı olmadan qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini Cavabdeh3 münasibətdə təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5417/2016 saylı, xx xxxxxxxx 2016cı il tarixli qətnaməsi “Cavabdeh3 birgə qaydada əsas borc üzrə 11054,42 ABŞ dolları, faiz borcu üzrə 2094,05 ABŞ dolları, cərimə üzrə 300 ABŞ dolları olmaqla, cəmi 13448,47 (on üç min dörd yüz qırx səkkiz dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 (otuz) manat tutularaq “xxxxxxxxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi” hissələrində ləğv edilsin. İddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbləri Cavabdeh3 aid hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8025/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8025/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver