Məhkəmə qərarları › İş №2(103)-8027/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8027/2021

20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8027/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment miqdarının artırılması” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-2873/2021 saylı işi üzrə 18 may 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.12.2007-ci il təvəllüdlü X2, 17.12.2010-cu il təvəllüdlü X4 və 23.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək tutulan aliment miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən eilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9767/2014 saylı, 08.10.2014-cü il tarixli qətnaməsinə əsasən, 27.12.2007-ci il təvəllüdlü X2 və 17.12.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 206 manat məbləğində alimentin tutulması qət edilmişdir (səh.3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2873/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın tələbinin qismən təmin edilməsi, Cavabdeh 27.12.2007-ci il təvəllüdlü X2, 17.12.2010-cu il təvəllüdlü X4 və 23.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4780/2015 saylı, 21.04.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 27.12.2007-ci il təvəllüdlü X2, 17.12.2010-cu il təvəllüdlü X4 və 23.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə "Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 13; "Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18; "Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdehdən tutulacaq alimentin hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun hesab edir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)- 2873/2021 saylı iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385, 357, 358, 369, 361-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamədə yalnız hakimin şəxsi mülahizəsi, iddiaçının mənafeyi əsas götürülmüş, cavabdeh kimi mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmiş, işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Faktiki olaraq apellyasiya məhkəməsi mübahisəni araşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənləri qərtnaməyə köçürməklə kifayətlənmişdir.İşə iştirakı olmadan birtərəfli qaydada baxılmış, tərəf kimi hüquqları pozulmuşdur. Binəqədi rayon məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə ondan Ağgülün və Ramalın saxlanması üçün hər ay hər uşağa 103 manat aliment alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin məhkəmənin 21 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən 3-cü uşağın-Gülərin saxlanması üçün ondan hər ay 108 manat aliment alınıb Elnarəyə ödənilməsi müəyyən edilmişdir. Beləliklə,əvvəlki qətnamələrlə 314 manat aliment qət olunub.alimenti tam ödəyə bilmədiyi üçün 10000 manat borc əmələ gəlib. O, həmin borcdan hissə 4000 manat ödəmişdir. 6000 manata kimi borc qalır.Onun bu qədər alimenti verməyi mümkün olmadığına, ailə və maddi vəziyyətinin daha da ağırlaşmasına baxmayaraq, məhkəmə alimenti artırmışdır ki, bu da ədalətsizlikdir.O, məcburi köçkün, xəstədir, cərrahiyyə əməliyyatına məruz qalmışdır yenə sağlamlığı bərpa olunmayıb. Təkrar cərrahiyyə əməliyyatına ehtiyac vardır,məşğulluq qurumuna dəfələrlə müraciət etmişdir, işlə təmin etməyiblər. Onun heç bir gəliri yoxdur, kasıbçılıq həddində,qohumların köməyi ilə yaşayır, ayda necə 450 manat verə bilər . Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək,heç bir yerdə işləmədiyini və hal-hazırda xəstə olduğunu, ikinci dəfə əməliyyat olunmalı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 81, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, apellyasiya şikayətində qeyd edilən dəlillər valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2873/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar