Məhkəmə qərarları › İş №2(103)-8031/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8031/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8031/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2021-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən onun mənzilinə su axıdılması nəticəsində onun əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 16.520 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan hazırkı mübahisə ərazi aidiyyətinə görə Xətai Rayon Məhkəməsinə aiddir. Lakin iddia ərizəsi səhvən və aidiyyət qaydaları pozulmaqla Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Çünki, cavabdehin rəsmi qeydə alındığı yer Xətai rayon ərazisinə aiddir. Bu səbəbdən də mövcud iddia ərizəsi əsasında başlanmış mülki işi aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Vəsatətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 25.06.2021-ci il tarixli qərardadı ilə vəsatəti təmin etməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və baxılması üçün işin Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. İşə cavabdehin yaşadığı yer üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.07.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 39.1-ci maddəsinin tələbinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddianın məzmunundan görünür ki, iddiaçı, cavabdehin hərəkətləri nəticəsində onun mənzilini su basması nəticəsində dəymiş ziyana görə pul tələb edir. Göründüyü kimi, tələb, aidiyyət qaydaları baxımından MPM-nin 35.1-ci maddəsinin deyil, MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda, prosessual qanun iddianın cavabdehin yaşayış yeri üzrə verilməsini istisna edir. İşdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonun ərazisində yerləşir. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, vəsatətin və şikayətin təmin edilməsi üçün əsas yoxdur, Rayon Məhkəməsi vəsatəti və şikayəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar