Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8033/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)-773/2021 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7827,30 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)-773/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat ekspertiza xərci “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülməsi qət edilmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm iddia ərizəsindən, həm də AGİS proqramı üzrə də göründüyü kimi tələb edilən borc məbləği təkcə aktlar üzrə borcdan və qalıq borcdan deyil, həm də 03/2020-06/2020-ci il tarixləri üçün 175.50 manat sərfiyyat borcundan (19.03.2020-ci il tarixdə quraşdırılmış ZENNER G4T mexaniki tipli, **********4 nömrəli qaz sayğacı üzrə qeydə alınmış sərfiyyat üzrə) ibarətdir. 13.03.2020-ci il tarixdə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmçinin qaynaq vasitəsi ilə qanunsuz qoşulma ləğv edilmiş, kəsim barədə 13.03.2020-ci il tarixdə 1752 nömrəli akt tərtib edilmişdir. Ekspertizanın keçirildiyi 2021-ci ilin mart ayında qanunsuz qoşulma halı hələ bir il əvəldən aradan qaldırılmış olduğu üçün sayğacdankənar qanunsuz qoşulma halı həmin tarix üçün təbii ki, aşkar edilə bilməzdi. Lakin məhkəmə digər sübutlarla yanaşı ekspert rəyini abonentin istifadə etdiyi qaz cihazlarının sayına, istehlakçının saldosunda ödəniş və sərfiyyat hissələrinə diqqət yetirməklə, qanunsuz qoşulmanın aktlar tərtib edildiyi bütün müddət ərzində ( qaynaq və ya plombla kəsim həyata keçirilməyinə, bu barədə kəsim aktları tərtib edilməsinə baxmayaraq) bir dəfə də olsa ödəniş etməməsi kimi hallarla, işdə olan digər sübutlarla (şəkil, akt, AGİS və GASREP proqramı üzrə saldolar) ilə birgə qiymətləndirsəydi iş üzrə yanlış nəticəyə gəlməyəcəkdi. İddia təmin edilmədiyi zaman məhkəmə iddia ərizəsində ümumi borcun tərkibində qeyd edilmiş 752.50 manat qalıq borcuna və 2020-ci ilin mart-iyun ayları üçün 175.50 manat sərfiyyat borcunun tutulması tələbinə də münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, cavabdehin yeni mexaniki sayğac üzrə 2020-ci ilin mart ayından sonra 175.50 manat sərfiyyat borcu yaranmışdır. 752.50 manat isə 2013-cü ildən qalan borcdur. 6899,3 manat isə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanın məbləğidir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın tam rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********00150) ünvanında qaz saygacına baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və buna uyğun olaraq aktlar tərtib edilmişdir. Lakin həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olubolmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin 175.50 manat sərfiyyat borcu hissəsində faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da iddianı bu hissədə də rədd etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Əvvəla, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan bəlli olur ki, iddiaçı cavabdehdən 7827,30 manat tələb etsə də bu məbləğin 175.50 manat hissəsi sərfiyyat borcuna görə, 752.50 manat isə 2013-cü ildən qalan borcuna görə, 6899,3 manat isə qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi tələb edilir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını və bu halı təsbitləyən yalnız işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkil əlavə edilmişdir(bax.i.v.71-75). İddiaçı tərəfindən mübahisəli ünvanda 13.03.2020-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” həqiqətən ******* nömrəli akt tərtib edilmiş və həmçinin qaynaq vasitəsi ilə qanunsuz qoşulma ləğv edilmiş, kəsim barədə 13.03.2020-ci il tarixdə 1752 nömrəli akt tərtib edilmişdirsə ən azından iddiaçı tərəf bunun mötəbərliliyi üçün video çəkiliş edə bilərdi. Yəni, həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirildiyi 2021-ci ilin mart ayında qanunsuz qoşulma halı hələ bir il əvəldən aradan qaldırılmış olduğu üçün sayğacdankənar qanunsuz qoşulma halı həmin tarix üçün təbii ki, aşkar edilə bilməzdi kimi dəlillər də əsassızdır. Çünki, ekspert rəyində dəqiq göstərir ki, fərdi yaşayış evin təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə haları(qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Əgər bir il əvvəl qaynaq vasitəsilə qanunsuz qoşulma kəsilərək aradan qaldırılmışdırsa, mütləq ki, bunun da hansısa izi qalmamış olmazdı. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. Əksinə iddiaçının göstərdikləri qeyd olunduğu kimi iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə təkzib edilir. İkincisi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2017-ci ilin əvvəllərindən başlayaraq bu aktların tərtib olunduğu iddia olunur. Ancaq iddiaçı əgər 2017-2019-cu illərdə bu qanunsuz qoşulmaları görürdüsə bu vaxta qədər onlarla bağlı tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavbdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Üçüncüsü, işdən, o cümlədən iddiaçının nümayəndəsinin izahatından bəlli olur ki, 752.50 manat qalıq borcu 2013-cü ildə yaranması əsası ilə tələb edilir. Lakin Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə, yəni vaxtarışı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Demək bu hissədə iddia əsaslı olsa belə, öhdəliklər üzrə müddət keçdiyindən şikayət bu hissədə də təmin edilə bilməz. Dördüncüsü, iddia tələbinin sərfiyyat borcuna görə tələb edilən 175.50 manat hissəsi üzrə isə birinci instansiya məhkəməsinin iş üzrə qənaəti düzgün olmamışdır. Çünki, bu məbləğin sərfiyyat borcu olması iddia ərizəsində də göstərilmişdir. Ancaq məhkəmə bu hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də qətnamə bu hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və iddia bu hissə üzrə təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)-773/2021 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin 175.50 (yüz yetmiş beş manat, əlli qəpik) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, Cavabdeh 175.50 (yüz yetmiş beş manat, əlli qəpik) manat alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, mübahisələndirilən, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 773/2021 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin 175.50 (yüz yetmiş beş manat, əlli qəpik) manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh 175.50 (yüz yetmiş beş manat, əlli qəpik) manat alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Mübahisələndirilən, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8033/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8033/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver