Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-804/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul tələbi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-2607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-ə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması firmasından ona borclu olduğu ümumilikdə 42000 manat məbləğində borc pulun və ödədiyi 216 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin may ayında “Binə bazarı” adlanan ticarət mərkəzindən qeyri-yaşayış sahəsi almaq üçün müraciət etmiş,20 may 2009-cu il tarixində Cavabdeh firmasına 43000 manat ödəniş edərək alqı-satqı etmişlər. “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan mağaza mülkiyyətinə keçirilməli idi. Lakin cavabdeh onun hüquqi savadsızlığından istifadə edərək ona icarə müqaviləsinə qol çəkdirmişdir.Daha sonra mağazanınn təmirdə olduğunu, “Yeni Bazar” ticarət obyektinin tikintikisinin başa çatmadığını bəhanə gətirərək uzun müddət mağazanın təhvil prosesini gecikdirmişdir.O mağazanın ona təhvil verilməyəcəyini anladıqdan sonra dəfələrlə ödədiyi məbləği tələb etmiş,lakin cavabdeh tərəfindən ödəniş müddəti uzadılmışdır.Sonuncu dəfə 2021-ci ilin noyabr ayında ödədiyi 43000 manat məbləğdən 1000 manat vəsait qaytarılmış, qalan məbləği isə hissə-hissə qaytaracaqlarını bildirsələr də, bu günədək ona pul qaytarmayıblar. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, tərəflər arasında “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumisahəsi 40 kv.m olan mağazanın iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının hüquqi savadsızlığından istifadə edib ona icarə müqaviləsinə imza etdirərək, iddiaçıdan 43.000 manat məbləğində pul vəsatini almış, qarşılığında isə qeyd olunan ticarət obyektini İddiaçı nəinki mülkiyyətinə keçirməmiş, icarəyə belə verməmiş, öz öhdəliklərini icra etməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində tərəfimizdən sübut qismində təqdim edilən Cavabdeh Firması tərəfindən 43.000 manat pul məbləğinin alınmasına dair cavabdehin möhürü ilə təsdiq olunmuş icarə müqaviləsi və mülki iş üzrə qeyd olunan faktı təsdiqləyən şahid ifadələri əlaqəli şəkildə şərh edilməmiş və nəticədə mülki iş üzrə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və iş materiallarına əlavə olunmuş 20 may 2009-cu il tarixli icarə müqaviləsinin əslindən görünür ki, İddiaçı tərəfindən 43 000 (qırx üç min) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmiş, bu hal müqavilədə MMC-nin rəsmi möhürü və cavabdeh şirkətin məsul şəxsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Əlavə olaraq müqavilənin birinci səhifəsində firma rəhbərliyi tərəfindən “açar pulu ödədi” və “qapı pulu ödədi”, səhifənin arxa tərəfində isə “satıldı 43.000 m” sözləri qeyd olunmuşdur. Nümayəndə vəkil həmçinin apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında 43.000 manat pulun cavabdehə verilməsini təsdiq edən yazılı sənəd-qəbzlər olduğunu, həmin qəbzləri məhkəməyə təqdim edəcəyini bildirsə də, sonrakı məhkəmə iclasında belə bir sübutunun olmadığını bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh şirkətin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət əsassızdır, rayon məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir, iddiaçının vəkili əvvəlki iclasda pulun verilməsini təsdiq edən yazılı sənəd-qəbz olduğunu bildirsə də, sonradan belə bir sübutlarının olmadığını bildirmişdir, həmçinin rayon məhkəməsində təqdim edilən şahid ifadələri də öyrədilmişdir və üst-üstə düşmürdü, həm də iddiaçı iddia olunan pulun verilməsini təsdiq edə bilmir, iddiaçının 2019-cu ildə cavabdeh şirkətin ona 1000 manat qaytardığına dair bildirdiyi də yalandır, belə bir hal olmamışdır, iddiaçı tərəf bununla bağlı da hər hansı bir sübut vermir, onlar iddiaçıya hər hansı məbləğ qaytarmamışlar, çünki iddiaçıdan iddia olunan pul vəsaiti alınmamışdır, iddiaçı hansı səbəbdən müqavilənin üstündən uzun müddət-13 il keçdikdən sonra məhkəməyə müraciət etdiyini, keçən həmin müddət ərzində nəyə görə pulunu tələb etmədiyini ağlabatan şəkildə izah edə bilmir. İddiaçının guya bununla bağlı polisə şikayət etməsi barədəki bildirdikləri də uydurmadır, çünki iddia ərizəsinə belə bir şikayət qoşulsa da, lakin həmin şikayət həqiqətdə polisə təqdim olunmamış, məhkəmədə yanlış təəssürat yaratmaq niyyəti ilə iddiaya qoşulmuşdur. Bundan başqa, iddiaçı ərizəsində bildirir ki, cavabdeh onun savadsız olmasından istifadı edib, halbuki cavabdehin əri uzun müddət polis orqanlarında yüksək vəzifələrdə işləmiş, məlum olmuşdur ki, onların pul tələbi ilə bağlı çoxsaylı başqa məhkəmə mübahisələri də var, iddiaçının vəkili icarə müqaviləsinin üzərinə sonradan yazılması məlum olmayan qeydlərə istinad edir, lakin özü də bildirir ki, həmin yazılar cavabdehin səlahiyyətli şəxsi deyil, hansısa işçisi tərəfindən yazılmışdır, ona görə də kimə məxsus olması bəlli olmayan, tarixi və imzası olmayan həmin qeydlər sübut hesab oluna bilməz. Bütün bunlar onu deməyə imkan verir ki, hazırkı iddia tələbi əsassızdır. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi:
8. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin firmasının təsisçisi K.M.Məmmədova (bundan sonra “icarədar”) və İddiaçı (bundan sonra “icarəçi”) 20 may 2009-cu il tarixli icarə müqaviləsinin əslindən məlum olur ki, müqavilənin 2.2-ci bəndinə görə icarədar “Yeni Bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə, obyektləri tikmək, 2.3-cü bəndinə görə “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan mağazanı icarəçiyə icarəyə müddətsiz verilir, müqavilənin 2.4-cü bəndinə görə icarəçi icarə haqqını vaxtıvaxtında ödəməsinə görə icarədar qarşısında məsuliyyət daşıyır, müqavilənin “icarəçinin vəzifələri” hissədə 2.2-ci bəndinə görə icarəçi də həmin mağazanı icarəyə götürür, müqavilə MMC-nin təsisçisi K.M.Məmmədova tərəfindən imzalanmış, möhür də var, İddiaçı tərəfindən imzalanmışdır. Müqavilənin birinci səhifəsində sol yuxarı hissədə “açar pulu ödədi” və “qapı pulu ödədi” sözlərinin qabağında imza var, səhifənin arxa tərəfində isə “satıldı 43.000 m” sözləri imzasız, tarixsiz qeyd olunmuşdur.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək, öz ifadəsində Mehdi ilə iş yoldaşı olduğunu,onlara dedi ki,cavabdeh şirkət obyekt satır, o da onunla getdi, obyekt pis gündə idi, orada şirkətin işçisi Solmaz adlı xanım vardı, o, obyektlərin satılması işlərinə baxırdı, onlar ona obyektin pis gündə olduğunu bildirdi, o da onlara bildirdi ki, obyekti təmir edərlər, Mehdi orada Solmaza 42000 manat verdi, amma uzun müddət keçsə də, şirkətdən heç bir cavab gəlmədi, daha sonra Mehdi onunla 2019cu ilin noyabr ayında yenidən şirkətə getdi, orada pulun geri qaytarılması məsələsində mübahisə yarandı, Mehdi dedi ki, ya obyekti təhvil verin, ya da pulu geri verin, Solmaz da məcbur qalaraq Mehdiyə 1000 manat verdi, daha sonra dedi ki, orta məbləğdə razılaşarlar, pulu geri qaytaracaqlarını bildirdi.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadə verərək, öz ifadəsində Mehdini 2000-ci ildən tanıdığını, o, polis əməkdaşı olub, tələbə yoldaşı onun rəisi olub, özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, Mehdi 2009-cu ildə onlara dedi ki, cavabdeh şirkət obyekt satır, o da onunla getdi, həmin sahəni də, mağazaları da gördü, amma bəyənmədi, həm də “Riyad” ticarət mərkəzi daha ucuz qiymətə və daha keyfiyyətli sahə təklif edirdilər, o Mehdi müəllimin ofisdəki işçiyə 42000 manat pulu verdiyini gördü, çünki o da orada olduğunu bildirdi.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadə verərək, öz ifadəsində Mehdini tanıdığını, iş yoldaşı olub, 2009-cu ilin may ayında Mehdi onlara dedi ki, cavabdeh şirkət obyekt satır, o da onunla getdi, sahəyə və oradakı mağazalara baxdı, sahənin qiymətini də orada dedilər, amma nə obyekti təhvil verdilər, nə də pulu geri qaytardılar, onların iş yoldaşının başına da cavabdeh tərəfindən eyni hadisə gəldiyini bildirdi.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində Mehdini tanıdığını qeyd etdi, iş yoldaşı olub, onlara dedi ki, obyekt götürüb, işlətmək istəyir, şirkət də obyekt satırdı, onlar da obyektə baxmaq üçün getdilər, obyektin emulsiyası vardı, amma tam hazır vəziyyətdə deyildi, Mehdi pulu şirkətə ödədi, 2019-cu ildə pulun geri ödənilmədiyini görən Mehdi onunla bir yerdə şirkətə getdi, orada pulun geri qaytarılmasında mübahisə oldu, Solmaz adlı xanım 1000 manatı geri qaytardı, qalan məbləğin də ödəniləcəyini bildirdi, 1000 manatdan başqa heç bir ödəniş edilmədiyini bildirdi.
13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək, öz ifadəsində iddiaçının həyat yoldaşı olduğunu bildirdi, özü polis əməkdaşı olmuşdur, indi pensiyaya çıxmışdır, 2009-cu ildə cavabdeh ticarət mərkəzində yer satırdı, onlar da 42000 manat 10-cu sahədə yer satın aldılar, müqavilə imzaladılar, pulu özü verdi, amma müqavilə iddiaçının adına imzalanıb, ticarət mərkəzi işləmir, ondan başqa iş yoldaşlarını da aldadıblar,o özü dövlət idarəsində işlədiyinə görə həyat yoldaşının adına aldı, ancaq bütün prosesləri o etmiş, yeri tapmaq, pulun verilməsi, müqavilənin bağlanılması, hamısını özü etmişdir, sadəcə yoldaşının adına sənədləşdirmişlər, pulu da orada, onların nümayəndəsi var idi ona verdilər, onlar elə bildi ki, bu müqavilə bağlanılması kifayətdir, ona görə də heç bir qəbz almadıqlarını bildirdi.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/398 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və həmin müqavilənin arxa hissəsində “satıldı...” əlyazması eyni şəxs tərəfindən icra olunmuşdur.
15. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu 12-ci maddələrinə əsasən bildirilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan 20 may 2009-cu il tarixli İcarə müqaviləsində ““İCARƏDAR Cavabdeh firması”” qrafasından aşağı hissədə “Təsisçisi: K.M.Məmmədova” qrafasındakı imzası ilə müqavilənin arxa tərəfində olan “...43 000 m” əlyazmasının, həmin imza və rəqəmlərin də müqavilənin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və arxa tərəfində olan “satildi ...” əlyazmalarının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
17. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
18. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
21. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
24. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 445.2-ci maddəyə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
27. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
28. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
29. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
30. 447-ci maddəyə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
31. 447.2-ci maddəyə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
32. 447.3-cü maddəyə görə aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
47. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsindən qeyd edilənlərə və işin hallarına görə tərəflər arasında podrat münasibətləri olmuşdur.
50. İddiaçı tələbində tikilməkdə olan obyektə görə cavabdehə 43.000 manat pulu ödədiyini bildirir, lakin ona obyekti hazırkı vaxta kimi təhvil vermədiyindən cavabdehə ödənilmiş pulun qaytarılmasını tələb edir. Məlum məsələdir ki, mübahisənin düzgün həlli bilavasitə iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda iddia ərizəsinə əlavə olunmuş və iddiaçının da istinad etdiyi xx.xx.2009-cu il tarixli müqavilənin məzmunundan, həm də işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə “icarə müqaviləsi” adlandırılsa da, həmin müqavilənin 2.2, 2.3 və 2.4-cü bəndlərinin məzmunundan, xüsusən də icarənin müddətsiz olması, eləcə də icarəyə verilmiş sahəyə görə icarə haqqının müəyyən olunmaması halları ilə əslində tərəflər arasında icarə deyil, podrat münasibətləri olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Yeni bazar” ticarət kompleksində 40 kv.m. mağaza inşa edərək ona təhvil verilməsi, əvəzində isə cavabdehə razılaşdırılmış muzdun ödənilməsi barədə razılıq olmuşdur. İddiaçı iddia edir ki, həmin razılaşmaya əsasən cavabdehə müqavilənin bağlandığı vaxt 43.000 manat ödəniş etmiş, lakin cavabdeh öz öhdəliklərinin yerinə yetirməmiş, 40 kv.m. mağazanı tikib ona təhvil verməmişdir, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu qaytarmamış, özündə saxlamışdır. Belə olan halda bəlli olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
51. İddiaçı MPM-in 77.1-ci maddəsinin tələblərinə görə, iddia tələbləri ilə bağlı sübutları təqdim etməlidir.
52. İddiaçı iddia tələbi ilə bağlı rayon məhkəməsinə xx.xx.2009-cu il tarixli icarə müqaviləsindən başqa şahid ifadələrini təqdim etmişdir. Qeyd olunan müqavilə ilə iddiaçının cavabdehə tələb olunan məbləğdə pul verilməsi müəyyən olunmur.
53. Kollegiya bununla bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında mülki iş materiallarında olan xx.xx.2009-cu il tarixli icarə müqaviləsində (iş vərəqi 18) Cavabdeh MMC-nin nümayəndəsi K.M.Məmmədovanın adı qarşısında olan imzanın və müqavilənin üzərindəki “açar pulu ödədi”, “qapı pulu ödədi” və həmin müqavilənin arxa hissəsində “satıldı 43 000 manat” yazılarının eyni şəxs tərəfindən icra olunub-olunmadığının müəyyən edilməsi sualı qoyulmuşdur.
54. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/398 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və həmin müqavilənin arxa hissəsində “satıldı...” əlyazması eyni şəxs tərəfindən icra olunmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu 12ci maddələrinə əsasən bildirilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan 20 may 2009-cu il tarixli İcarə müqaviləsində ““İCARƏDAR Cavabdeh firması”” qrafasından aşağı hissədə “Təsisçisi: K.M.Məmmədova” qrafasındakı imzası ilə müqavilənin arxa tərəfində olan “...43 000 m” əlyazmasının, həmin imza və rəqəmlərin də müqavilənin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və arxa tərəfində olan “satildi ...” əlyazmalarının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi və vəkili müqavilədki həmin qeydlərin cavabdehin digər işçisi tərəfindən icra edildiyini bildirmiş, lakin onun kimliyi, nəyə görə məbləğin müqavilədə göstərilməməsini, hansı səbəbdən onun sonradan və müqavilənin arxa tərəfində, həm də tarix və imza olmadan qeyd olunmasını ağlabatan şəkildə izah edə bilmədi.
55. İddiaçının təqdim etdiyi digər sübut olan şahid ifadələrinə gəldikdə isə, Məhkəmə kollegiyası həmin şahidlərin rayon məhkəməsində verdikləri ifadələrini nəzərdən keçirib bildirir ki, həmin şahidlər pulun hansı şəraitdə, dəqiq olaraq kimə verilməsi barədə konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər, həm də iddiaçı müqavilə bağlanarkən 43.000 manat ödənildiyini bildirdiyi halda, şahid, həm də iddiaçının əri M.Səlimov ifadəsində 42.000 manat verildiyini bildirmişlər. Bundan başqa, iddiaçının iddia etdiyi kimi, 2009-cu ildə cavabdehlə müqavilə bağlanılan vaxt həmin şəxslərin, həm də hamısının eyni zamanda onun yanında olmaları da ağlabatan görünmür. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlərin biri- M.Səlimov iddiaçının əri, digər şahidlər isə M.Səlimovun tabeçiliyində omuş ondan asılı olan iş yoldaşları və tələbə yoldaşı olmaqla mübahisənin məhz iddiaçının xeyrinə nəticələnməsində sair marağı olan şəxslərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı olan dəlillərinin yoxlayarkən qeyd olunan xüsusatları da nəzərə alır.
56. Beləliklə də iddiaçının təqdim etdiyi sübutlar-şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, eləcə də onların mötəbərliyi şübhə doğurduğundan, həmin ifadələr hazırkı iddia tələbini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
57. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının nümayəndəsi xx.xx.2023cü il tarixli məhkəmə iclasında 43.000 manat pulun cavabdehə verilməsini təsdiq edən yazılı sübut-qəbzlər olduğunu, növbəti iclasda həmin qəbzləri məhkəməyə təqdim edəcəyini bildirsə də, sonrakı məhkəmə iclasında belə bir sübutunun olmadığını bildirmişdir.
58. İddiaçı iddiasında 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə tələblə uzun müddət sonra, yalnız 2022-ci ildə məhkəməyə müraciət etməsinin səbəbləri barədə məsələyə aydınlıq gətirərək - cavabdehə dəfələrlə pulun verilməsi üçün müraciət etdiyini, cavabdehin müddəti hər dəfə uzatdığını, 2020-ci ildə ona 1000 manat qaytardığını, faktla bağlı Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir.
59. Bununla bağlı Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçıya cavabdeh tərəfindən hər hansı məbləğin qaytarılmadığını bildirmiş, iddiaçı da buna dair məhkəməyə hər hansı sübut verməmişdir.
60. İddiaçının Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə müraciət etməsinin təsdiqi kimi şikayətin surəti iddia ərizəsinə əlavə edisə də, bunula belə, aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, həqiqətdə həmin şikayət Qaradağ RPİ-yə təqdim edilməmişdir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
63. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
64. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
65. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
66. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza xərci 138 manat iddiaçıdan tutulmalıdır.
68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma İddiaçı alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov