Məhkəmə qərarları › İş №2(103)-8042/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8042/2020

04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8042/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı əsassız qeydin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)-5418/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsi, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2” MMC-nin hüquqi ünvanı qismində göstərilməsinə dair hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatın həmin reyestrdən çıxarılması, cavabdehlərin hər birindən vurulmuş mənəvi zərərin əvəzi kimi 100000 manat məbləğində pulun tutulması, həmin vəsaitin 1/2 hissəsinin X2 Fonduna, 1/2 hissəsinin isə Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 5418/2020 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmuşdur. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 5418/2020 saylı qərardadı ilə şikayət əsassız hesab edilərək təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən aparılan hüquqi şəxslərin dövlət reyestrində cavabdeh hüquqi şəxslərin hüquqi ünvanları kimi qeyd olunmuşdur. İddiaçı cavabdeh hüquqi şəxslərlə heç bir bağlılığı yoxdur. O, cavabdeh hüquqi şəxslərin payçısı olmamış və onların idarəetmə orqanlarında iştirak etməmişdir. Digər tərəfdən, İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin adı çəkilən MMClərin hüquqi ünvanı kimi qeydə alınmasına razılıq verməmiş və bu barədə məlumatı olmamışdır. Cavabdehlərin idarəetmə orqanları heç vaxt iddiaçıya məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərməmişlər. Bu barədə iddiaçının vəkili tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə yazılı şəkildə müraciət olunmuş, müraciətə cavab olaraq İdarə tərəfindən yazılı şəkildə bildirilmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən kommersiya qurumunun dövlət qeydiyyatı zamanı hüquqi ünvanını təsdiq edən sənəd tələb olunmur. Həmçinin izah olunmuşdur ki, iddiaçıya məxsus əmlakın adıçəkilən Cəmiyyətlərin hüquqi ünvanı kimi göstərilməsi Cəmiyyət tərəfindən həmin şəxsin hüquqlarının pozulması kimi qiymətləndirildiyi təqdirdə məhkəməyə müraciət oluna bilər. Bundan sonra iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə cavabdehlər müvafiq əsassız qeydin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması tələbinə cavab verməli olan şəxslər deyil. Belə ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə cavabdeh hüquqi şəxslər qətnamə ilə onların üzərinə qoyulacaq öhdəliyi – hüquqi şəxslərin ünvanları ilə bağlı müvafiq qeydin reyestrdən çıxarılması öhdəliyini icra edə bilməzlər. Hazırkı tələb üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi cavabdeh qismində cəlb edilməli idi. Qeyd olunan İdarə cavabdeh qismində cəlb olunduğu təqdirdə isə, həmin tələbə inzibati məhkəmələr tərəfindən, iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə isə ümumi məhkəmələr tərəfindən baxıla bilərdi. İddia ərizəsində qeyd olunan cavabdehlərə qarşı isə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsi, 43 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2” MMC-nin hüquqi ünvanı qismində göstərilməsinə dair hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatın həmin reyestrdən çıxarılması üçün müvafiq dövlət orqanına müraciət edilməsi öhdəliyinin qoyulması ilə bağlı tələb irəli sürülə bilərdi. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(008)- 5418/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar