Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-805/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-805/2025 (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4168/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2758/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-165/2023 saylı qətnaməsi əsasında xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X6 xeyrinə tutulan aliment miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X6 xeyrinə hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
3. 2024/2025-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə dair elektron çıxarışa görə X1 Dövlət Humanitar Kollecinin “Ailə və ev təhsili” ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim vəzifəsində işləməklə 1399,87 manat əmək haqqı alır.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə cavabdeh "xxxx" MMC-də ofisiant işləməklə 345 manat əmək haqqı alır.
6. Eyni zamanda müəyyən edilir ki, cavabdeh 2-ci qrup əlillik üzrə 327.21 manat pensiya alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının 200 manatdan hər ay hər uşaq üçün 350 manata, cəmi 700 manata artırılması və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə el adət-ənənəsi ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manatadək artırılmışdır. Lakin son vaxtlar dünyada gedən inflyasiya prosesləri bütün ərzaq mallarının və həmçinin xidmətlərin qiymətinin artmasına səbəb olmuşdur. Son bir il ərzində gedən inflyasiya səbəbindən ərzaq mallarının qiyməti təqribən 20-40% artmışdır. Həmçinin, böyük qızı xx.xx.2008-ci il təvəllüdlü X1 Dövlət Humanitar Kollecinə ödənişli əsaslarla qəbul olmuşdur. Belə ki, bu kollecdə təhsil almaq üçün hər il təqribən 600-800 manat ödəniş etmək məcburiyyətində qalacaqdır. Əlavə olaraq bu vəsaitə hər ay Ağdaş rayonunda yaşamaq üçün evə ödəniləcək kirayə pulu və həmçinin yol pulu və digər xərcləri də əlavə etsək təqribi hesablamalara görə ona hər ay əlavə olaraq 300-500 manat pul vəsaiti lazım olacaqdır. O, hal-hazırda işləmir və heç bir yerdən əlavə gəliri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qəbulundan artıq bir ildən çox vaxt keçmişdir və bu səbəbdən qətnamə ilə hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin miqdarının hər uşaq üçün hər ay 350 manata, cəmi 700 manata artırılmasını istəyir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2024-cü il tarixli 2(010)-4168/2024 nömrəli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2758/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Ödənilməmiş 76.40 (yetmiş altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı birgə nikahdan doğulmuş 14 noyabr 2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa görə 350 manat olmaqla, ümumilikdə 700 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etsə də, iddia tələbi qismən təmin edilməli və cari ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği tərəflərin birgə nikahdan doğulmuş uşaqlarına da şamil edilməlidir. Belə ki, iddiaçı alimentin miqdarının dəyişdirilərkən cavabdehin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan artıq vəsaitə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin alimentin miqdarının uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış miniumumundan daha çox artırılmalı olmasını uşağının ödənişli əsaslarla təhsil alması ilə əlaqədar zəruri olduğunu bildirmişdir. Məhkəmə bununla razılaşmır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17, Uşaq hüquqları haqqında” Konvensiyaya, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanuna, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləgv edilməsini, iddia tələbinin tamamilə rədd ediləsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq (dəyişdirilərək) alimentin tutulmasının Ailə məcəlləsinin 76-cı maddəsinin tələblərinə görə qazancının və başqa gəlirlərinin 1/3 hissəsində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ofisiant vəzifəsində işləyir. X8 Edilməsi ilə X18 Bildirişində qeyd edildiyi kimi aylıq əmək haqqının məbləği 345 manatdır. Bundan başqa heç bir yerdə işləmir. Səhhətində yaranmış ciddi problemlərə görə 2024-cü ilə qədər müddətsiz 2-ci qrup əlil idi. İddiaçının yazdığı yalan məzmundan ibarət, şər-böhtan xarakterli, əsassız şikayət ərizələri əsasında əlilliyi ləğv edildi. Hazırda aldığı aylıq 345 manat maaşla valideyinlərindən aldığı əlavə pullarla alimenti böyük çətinliklər içərisində ödəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Qeyd edir ki, Xətai rayonu 261 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləsə də, xx.xx.2026-cı ilədək qismən ödənişli analıq məzuniyyətindədir. Yenidən ailə qurub və bir uşağı var. Cavabdehdən olan uşaqlara ərinin baxmağı, onların maddi ehtiyyaclarının qarşılanması kimi öhdəliyi yoxdur. Nuranə Ağdaş rayonunda təhsilini davam etdirir və orada kirayə yaşayır. Cavabdeh ata olaraq uşaqların tələbatları ilə maraqlanmır. Cavabdehin gəlirləri həqiqətə uyğun deyil. Belə ki, onun işlədiyi yerdən banka təqdim edilməsi üçün aldığı xx.xx.2014-cü il tarixli arayışda əmək haqqı 450 manat göstərilmişdir.
16. Cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Göründüyü kimi tərəflərin faktiki nikah münasibətlərindən 14 noyabr 2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur.
29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2758/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 165/2023 saylı qətnaməsi əsasında xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X6 xeyrinə tutulan aliment miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı qismən təmin edərək, alimentin miqdarını hər uşağa 235 manat olmaqla, cəmi 470 manat müəyyən etmişdir.
30. Cavabdeh hazırda alimentin məbləğinin artırılmasına etiraz edir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir, apellyasiya şikayəti əsassızdır.
32. xx.xx.2008-ci il təvəllüdlü X2 X10 təhsil alması, onun Ağdaş rayonunda kirayə yaşamasını labüd edir. Bu hal isə özlüyündə xərclərin artmasını mütləq edir.
33. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin 2-ci qrup əlilliyinin ləğv edilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh apellyasiya şikayətində qeyd etsə də, bu barədə hər hansı sənəd və ya elektron portaldan çıxarış təqdim edilməmişdir.
34. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş "Trattoria L”OLİVA" restoranına aid xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, cavabdeh həmin restoranda xx.xx.2011-ci il tarixindən ofisiant vəzifəsində işləməklə 450 manat əmək haqqı alır.
35. Bu halın özü belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh 2014-cü ildə 450 manat əmək haqqı ilə işlədiyi halda, hazırki vaxtda 345 manat əmək haqqı alması ağlabatan deyil.
36. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
37. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Cavabdehin tutulmasını tələb etdiyi aliment məbləği hazırki dövrdə iki uşağın saxlanılması üçün kifayət etmir.
38. Digər tərəfdən, cavabdehin dəlilləri qəbuledilən hesab edilmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkməsi tərəfindən müəyyən edilən aliment məbləği minimal həddə müəyyən edilmişdir. Cavabdehdən daha az miqdarda aliment tutulmasına səbəb ola biləcək tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər hansı diqqətəlayiq olan digər hallar müəyyən edilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4168/2024 nömrəli iş üzrə 08 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.