Məhkəmə qərarları › İş №2(103)-8059/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8059/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8059/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(006)-506/2018 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı2 cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 235.184 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və cəmiyyətin direktoru Cavabdeh4 2012-ci ildə iddiaçıya müraciət edərək, maliyyə çətinliyi ilə əlaqədar cəmiyyətin balansında olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanda yerləşən 16,2196 ha torpaq sahəsini satmaq istədiklərini, lakin torpağı özəlləşdirmək üçün 200.000 manatdan artıq məbləğdə pul ödəməli olduqlarını, bu məbləğdə pulun isə olmadığını bildirmişlər. Cavabdehlərlə əldə olunmuş ümumi razılığa əsasən torpaq sahəsinin özəlləşdirilməsi üçün zəruri olan pul vəsaiti iddiaçı tərəfindən ödənilməli və torpaq sahəsi cəmiyyətin adına özəlləşdirildikdən sonra satılaraq iddiaçı tərəfindən ödənilmiş vəsait geri qaytarılmalı idi. Razılığa əsasən iddiaçı 24 dekabr 2012-ci il tarixdə torpaq sahəsinin özəlləşdirilməsi üçün Cavabdeh2-nin əvəzinə Dövlət Əmlak Komitəsinin hesabına 235.184 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu hal iddia ərizəsinə əlavə etdiyi 25 fevral 2016cı il tarixli “X10”ndan da aşkar şəkildə görünür. İddiaçı ödənişi həyata keçirdikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanda yerləşən 16,2196 ha torpaq sahəsi Cavabdeh2-nin adına özəlləşdirilərək həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi satılmadığı üçün və cavabdehlər iddiaçının pulunu qaytara bilmədikləri üçün Cavabdeh2 2013-cü ilin iyun ayında mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5.866,7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyriyaşayış binalarını və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsini 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı müqavilə ilə iddiaçıya 401.000 manata satmışdır. Lakin Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli saziş etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə iddiaçı tərəfindən ödənilmiş 401.000 manatın geri qaytarılması qət edilsə də, alqı-satqıdan qabaq ödənilmiş 235.184 manatın aqibəti həll edilməmiş və bu məbləğ ümumiyyətlə araşdırma predmeti olmamışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh4 235.184 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(006)-506/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın rədd edilməsi üçün istinad etdiyi yeganə dəlil - 235.184 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilməsinin guya iş materialları ilə təsdiq edilmədiyi barədə gəldiyi nəticə tamamilə yanlış olmaqla, həmçinin prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, mübahisə tərəflərinin münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə öz qətnaməsində tərəflər arasında mövcud olmuş əvvəlki mübahisələrin həllinə dair qəbul edilmiş məhkəmə qərarına istinad etsə də, həmin qərarla müəyyən edilmiş və hazırkı iş üzrə sübut kimi qəbul edilməli olan faktı nəzərə almamışdır. Qeyd edilən hal iddiaçı tərəfindən məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bu fakta yalnız istinad etməklə kifayətlənmiş, lakin prosessual qanunvericiliyin tələblərini pozaraq, ona lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının istinad etdiyi və hazırda şikayət verilən məhkəmə qətnaməsində də öz əksini tapmış Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(051)-36/2016 saylı qətnaməsi üzrə işə sonradan apellyasiya və kassasiya qaydasında baxan məhkəmələr tərəfindən də iddiaçının 235.184 manatı Cavabdeh2-nin əvəzinə ödəməsi faktı birmənalı olaraq müəyyən edilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin 19 iyul 2017-ci il tarixli, 2(l02)-5226/17 saylı qərarının 8-ci səhifəsində məhkəmə müəyyən etmişdir ki: "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 16,2196 hektar torpaq sahəsi 235.184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır”. Göründüyü kimi, 234.184 manatın ödənilməsinə dair qəbzin Cavabdeh2-nin adına verilməsi qeyd edilsə də, həmin məbləğin Cavabdeh2-nin əvəzinə hazırkı iş üzrə İddiaçı2 tərəfindən ödənilməsi Ali Məhkəmənin qanuni qüvvədə olan qərarında da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məkkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə qətnamə qəbul edən məhkəmə isə, prosessual qanunvericiliyin imperativ tələblərini pozaraq, hazırkı mübahisənin ədalətli həll edilməsi üçün mühüm, daha doğrusu, həlledici əhəmiyyət kəsb edən, qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuş və bu səbəbdən mübahisələndirilə bilməyən və yenidən sübut edilməli olmayan faktı nəzərə almamaqla, nəticə etibarı ilə iddiaçının mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(103)-5859/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(006)- 5859/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Cavabdeh2-dən İddiaçı2 xeyrinə 235.184 (iki yüz otuz beş min yüz səksən dörd) manat məbləğində pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(102)-3019/2021 saylı Qərarı ilə Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli 2(103)-5859/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin olunmasına etiraz edərək məhkəməyə bildirmişdir ki, o, Cavabdeh2-nin səhmdarlarından biri olmuşdur. Hazırda iş üzrə qarşı tərəflər olmasına baxmayaraq, əslində Cavabdeh2-nin direktoru və təsisçılərindən biri, hazırda isə cavabdeh olan Cavabdeh4 ilə İddiaçı2 əlbir hərəkət etmiş, Cəmiyyətin digər səhmdarlarının əmlaklardan məhrum olması üçün əmlakları sataraq əldə olunan pul vəsaitlərini mənimsəmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışında proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarını hazırki iş üzrə preyudisial əhəmiyyətli qərar kimi qəbul edərkən həmin qərarın da Ali Məhkəmənin 15 iyul 2016-cı il tarixli qərarına istinad edilməsinə diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır” ifadəsini Ali Məhkəmənin 15 iyul 2016-cı il tarixli qərarına istinadən yazmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/16 saylı qərarında isə apellyasiya məhkəməsinin istinad etdiyi hər hansı hal müəyyən edilməyib, ümumiyyətlə həmin hal araşdırma predmeti olmayıb. Qərarda yalnız (6-cı vərəq, sonuncu abzas) Azərbaycan Respublikası Əmlak Komitəsi ilə ”Azərkabel” ASC arasındakı 24 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə istinadən qeyd edilib ki, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1- ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir. Göründüyü kimi, məhkəmə qətnaməsinin preyudisiyası ilə bağlı əsas yanaşma ondan ibarətdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında hər hansı sübuta istinad edilməsi, həmin sübutun aid olduğu faktın müəyyən edilməsi anlamına gəlmir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarına preyudisiya kimi istinad etsə də, Ali Məhkəmənin qeyd edilən qərarının Konstitusiya Məhkəməsinin qərarı baxımdan preyudisiya əhəmiyyətli olub-olmamasını qərarında əsaslandırmamışdır. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarına hazırki işə münasibətdə preyudisial əhəmiyyətli qərar kimi istinad etməsi əsaslı sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.” İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, İddiaçı2, Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və X7 qarşı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə məxsus olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən ümumi sahəsi 31.683,50 kvadrat metr olan qeyriyaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin real bazar dəyərinin müəyyən olunması, Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış və Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində İddiaçı2 adına aparılmış qeydin ləğv edilməsi, əldən çıxmış fayda üzrə 500000 manat, real zərər üzrə 3.168.350 manat, hüquqi yardım xərcləri üzrəö 7000 manat və ödənilmiş 30 manat, cəmi 3.675.380 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və İddiaçı2 tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi barədə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən ümumi sahəsi 31.683,50 kvadrat metr olan qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin İddiaçı2 satılmasına dair Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli saziş etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 401000 manat məbləğində pulun Cavabdeh2-dən alınaraq İddiaçı2 qaytarılması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli 2(107)- 467/2017 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarından görünür ki, cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli 2(107)-467/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddia tərəfi məhkəmə iclasında iştirak edərək işin mahiyyəti üzrə izahat verməmiş, məhkəmə mövcud materiallar əsasında işə baxıb qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutetmə yükü üzərinə düşən İddiaçı2 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin əvəzinə Mingəçevir şəhəri, H.Əliyev prospekti, 65 ünvanında yerləşən 16,2196 ha torpaq sahəsini özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına 235.184 manat məbləğində pulu ödəməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" Xidməti MMC-nin 25 fevral 2016-cı il tarixli X10na münasibətdə qeyd etmişdir ki, həmin hesabat torpaq sahəsinin özəlləşdirilməsinə görə pul vəsaitinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin əvəzınə İddiaçı2 tərəfindən ödənilməsini təsdiq etmədiyi üçün göstərilən halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. İş materiallarında olan qəbzə münasibət bildirərək məhkəmə hesab etmişdir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti 65 ünvanda yerləşən torpaq sahəsinin özəlləşdirilməsi üçün 235.184 manat məbləğində pul Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Cavabdeh2 tərəfindən ödənilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Belə ki, kollegiyanın qənaətinə görə, İddiaçı2 ilə Cavabdeh2 arasında borc münasibətlərinin mövcudluğu, iddiaçının cavabdehin əvəzinə iddiaçının Dövlət Əmlak Komitəsinin hesabına mübahisələndirdiyi 235184 manat məbləğində pul vəsaitini ödəməsi,cavabdehin iddiaçıya həqiqətən tələb olunan həmin məbləğdə borclu olması və cavabdehin borcla bağlı öhdəliklərinin yaranması iş materialları ilə sübut olunmur. İddiaçı tərəfindən apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş 02 aprel 2013-cü il tarixli arayışla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin arayış birinci instansiya məhkəməsində araşdırma zamanı sübut qismində təqdim edilməmiş, bunun üzrlü səbəbdən baş verməsini iddiaçı məhkəmə iclasında sübut edə bilməmişdir. Bundan başqa, qeyd edilən sənəd surət olduğundan və qanunvericiliyə müvafiq olaraq təsdiq edilmədiyindən, onların əslinin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı nə iddia ərizəsində, nə də ə hazırkı mübahisə üzrə əvvəl baş tutmuş məhkəmələrdə verdiyi izahatlarında belə sənədlərin mövcud olmasını bildirməmiş və onlara istinad etməmişdir. Cavabdeh3-nin məhkəməyə ünvanladığı 27 oktyabr 2013-cü il tarixli arayışda bilidirilir ki, 07 aprel 2013-cü il tarixli arayışda çıxış nömrəsi yoxdur, qeyd edilən rəhbərliklərin imzası saxtadır və həqiqəti əks etdirmir. ASC tərəfindən İddiaçı2 heç bir arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, kollegiya hesab edir ki, həmin sənədlər vaxtında təqdim edilmədiyindən və mötəbər olmadığından hazırkı mübahisənin həlli zamanı onlara istinad edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı qeyd etdiyi tələbinin əsasını təşkil edən halları sübutetmə yükünü daşıyır, sübutetmə yükü baxımından bu halları sübuta yetirmək vəzifəsi iddia edənin üzərinə düşür. İddiaçı tərəfindən isə bu halları təsdiq edən hər hansı mötəbər və əsaslı sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiyaya təqdim edilməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya iş üzrə müəyyən olunmuş halları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(102)-3019/2021 saylı Qərarındakı göstərişlərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarına hazırki işə münasibətdə preyudisial əhəmiyyətli qərar kimi istinad oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı qərarında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2-nin baş direktoru arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, 16,2196 hektar torpaq sahəsi 235184 manata səhmdar cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin məbləğ gələcək alıcı, hazırkı iş üzrə cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş və ASC-nin ona borcu kimi yazılmışdır” ifadəsi Ali Məhkəmənin 15 iyul 2016-cı il tarixli qərarına istinadən yazılmışdır. Halbuki, nə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/16 saylı qərarında, nə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2017-ci il tarixli, 2(102)-5226/17 saylı Qərarında Cavabdeh2-nin iddiaçıya 235184 manat məbləğində pul vəsaiti borclu olması, həmin borcun yaranması əsasları araşdırma predmeti olmamış, bu məsələ həmin işlərə baxılması zamanı araşdırılmamış, qiymətləndirilməmiş, sübut olunmamışdır. İddiaçı özünün də iddia ərizəsində Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli qətnaməsində və həmin qətnaməni qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarlarında 235.184 manat məbləğində pul vəsaitinin ümumiyyətlə araşdırma predmeti olmadığını etiraf etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1- ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(006)-506/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar