Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-806/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-890/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" İKB (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 26%-lə 63.700 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən Cavabdeh "xxxx" İKB-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 51.697 ABŞ dolları, 97 sent əsas, 25.207 ABŞ dolları, 13 sent faiz, 1.840 ABŞ dolları, 91 sent cərimə olmaqla, cəmi 78.746 ABŞ dolları, 01 sent (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borc və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 78.746 ABŞ dolları, 01 sent məbləğində pulun "xxxx" İKB-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh ilə "xxxx" İKB arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
3. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 6 açıq hərracda ilkin satış qiyməti 135.000 manat müəyyən edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə icraata başlanılmış, Cavabdeh məxsus fərdi yaşayış evinin hərracda satılması barədə "xxxx" MMC-yə sifariş verilmiş, yekun olaraq “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 54/01-1 saylı protokola əsasən İddiaçı ASC ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili xx.xx.2020-ci il tarixində 86.062,5 manata əldə etmişdir.
5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə (hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 63 700 ABŞ dollar məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 8.563 ABŞ dolları borcu vardır. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinin təmin etməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh borcu xəbərdarlıq məktubunu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfindən borc məbləğinin borcludan tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq və Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacağı bildirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8.563 ABŞ dollar məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 8.563 ABŞ dollar borcun və 133,67 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da sözügedən müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 890/2023 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC (Nikoyl İKB) Cavabdeh qarşı kredit borcu, ona hesablanmış faiz və cərimə borcunun tutulması, tutmanın ipotekaya yönəltməsi ilə bağlı məhkəməyə müraciət etmiş, həmin zaman əldən çıxmış fayda ilə bağlı hər hansı bir iddia tələbi olmamış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9798/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə borc məbləğinin tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Həmin iddia tələbi irəli sürülərkən əsas, faiz və cərimə borcu hesablanmış və cəmi borc məbləğinin tutulması qət edilmişdir.
10. Hazırda iddiaçı borclunun (cavabdehin) xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən onun banka əldən çıxmış fayda (borca hesablanmış 5 %) olaraq 8.563 ABŞ dolları borcu olduğuna görə illik 5 faizlə hesablanmış borc faizinin tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edir.
11. Məhkəmə qeyd etmişdir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də göründüyü kimi, Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehdən pul məbləğinin tutulması artıq qət edilmişdir. Belə olan halda müqavilə üzrə hər hansı gecikdirilmiş illik 5 faiz ödənilməsinin tələb edilməsi yolverilməzdir.
12. İkincisi, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına istinad edərək məhkəmə qətnaməsi ilə artıq tutulmuş pul məbləğinin borclu tərəfindən icra edilməməsinə əsaslanaraq, həmin müddət üçün də illik 5 faiz tutulmasını tələb edir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, borclu tərəfindən qəbul edilmiş qətnamənin icrası gecikdirildiyi üçün, ödənilməmiş qalıq pul məbləğinin indeksasiyası barədə məhkəmə nəzarəti qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilərdi ki, bu daha məqsədə müvafiq hesab olunardı.
14. Həmçinin, məhkəmə iddianı təmin etməyərkən onu da nəzərə almışdır ki, müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının əsas və faiz borcu hissəsində iddiası təmin edilməklə həmin dövr üçün cavabdehdən cərimə borcunun da tutulması qət edilmiş, tutmanın məbləğinin ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, ipoteka predmetinə yönəldilmişdir.
15. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsi çıxarılarkən cavabdehdən əsas və faiz borcla yanaşı, icranı gecikdirdiyi üçün cərimə borcu da artıq tutulmuşdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, 448.1, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3225/2023 nömrəli qətnaməsi ilə (hakimlər N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və E.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 63.700 ABŞ dolları məbləğində kredit verib. Kredit 36 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən edilib. Kredit qaytarılmadığına görə iddiaçı məhkəməyə müraciət edib. Başqa mülki iş üzrə Yasamal RM-nin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət olunub ki, əsas borc kimi 51.697,97 ABŞ dolları, faiz borcu kimi 25.207,13 ABŞ dolları, cərimə kimi 1.840,91 ABŞ dolları, cəmi 78.746,01 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal RM-nin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə borca aid hissədə dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb.
22. İddiaçı iddia edir ki, xx.xx.2019-cu ildən (Ali Məhkəmənin qərarının qəbul edildiyi tarixdən) xx.xx.2022-ci ilədək olan dövr üçün qətnamədə göstərilən borcun (78.746,01 ABŞ dollarının) qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış fayda 8.563 ABŞ dolları təşkil edir. Cavabdeh həmin borcu ödəməlidir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq ödəmir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edir. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur.
23. Lakin bu maddənin göstərişi tətbiq edilərkən işin halları nəzərə alınmalıdır. Hazırkı işin halları həmin maddənin göstərişini tətbiq etməyə imkan vermir. Belə ki, birinci, kredit yüksək faizlə (26 faizlə) verilib, nəticədə isə bank kredit alanın hesabına yüksək gəlir əldə edib. Bundan başqa, kredit xx.xx.2015-ci ildə xarici valyutada (ABŞ dolları ilə) verilib. Bundan sonra manatın 2 dəfə devalvasiyası baş verib. xx.xx.2015-ci ildə baş vermiş birinci devalvasiya nəticəsində manat dollar qarşısında 34 faiz, xx.xx.2015-ci ildə baş vermiş ikinci devalvasiya nəticəsində isə 47 faiz dəyərdən düşüb. Manatın devalvasiyası dollar ilə kredit alanların maliyyə vəziyyətinə mənfi, dollar ilə kredit verənlərin maliyyə vəziyyətinə isə müsbət təsir edib. Belə vəziyyətdə kredit alanın üzərinə əlavə olaraq 8.563 ABŞ dolları pul öhdəliyinin qoyulması Mülki Məcəllənin 5.3-cü maddəsinin göstərişinə uyğun sayılmır. Həmin maddəyə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Kassasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-3474/2023 nömrəli qərarı ilə (hakimlər Ə.M.Xıdırovun məruzəsi ilə, E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3225/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
26. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməyib və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiqində səhvə yol verib.
27. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. Belə olan təqdirdə məhkəmələr tərəfindən iddiaçının tələbinin kredit borcunun tutulması ilə əlaqədar başqa mülki iş üzrə Ali Məhkəmənin qərar qəbul etdiyi tarixdən sonrakı vaxtları əhatə etdiyi nəzərə alınaraq, cavabdehin (borclunun) pul məbləğinin ödənilməsini gecikdirib-gecikdirməməsi, gecikdiribsə, iddia tələbinə müvafiq olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan pulun məbləğinin əsaslı olubolmaması kimi hallar araşdırılıb hüquqi qiymət verilməli idi. Birinci instansiya məhkəməsi belə araşdırma aparmamış, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-806/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1580 nömrəli rəyinə əsasən iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış, arayış məlumatları və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərən tarixə) 32.008,18 USD: əsas borc üzrə 23.444,89 USD; əldən çıxmış fayda (illik 5%-lə) 8.563,29 USD. Qeyd edilmşdir ki, hazırki ekspertiza zamanı hesaban çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 603,97 USD məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarixə) aparıldığından 603,97 USD məbləğində ödəniş nəzərə alınmadı.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-806/2024 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4454 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış, arayış məlumatları və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas borc üzrə (51.697,97 ABŞ dolları) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 08 dekabr 2022-ci il tarixə (sualda göstərilən tarixə): əsas borc üzrə 0,00, faiz borcu üzrə 21.603,98 USD, əldən çıxmış fayda (illik 5%-lə) 4149.43 USD. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 603,97 USD məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2022ci il tarixədək (sualda göstərilən tarixə) aparıldığından 603,97 USD məbləğində ödəniş nəzərə alınmadı.
Proses iştirakçılarının izahatları
33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
39. Hazırkı işdə iddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
42. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişləri nəzərə alaraq aşağıdakıları qeyd edir.
43. İşin hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh əsas borc kimi 51.697,97 ABŞ dolları, faiz borcu kimi 25.207,13 ABŞ dolları, cərimə kimi 1.840,91 ABŞ dolları, cəmi 78.746,01 ABŞ dollarının iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması qət edilmişdir.
44. Hazırda iddiaçı həmin iş üzrə Ali Məhkəmənin qərarının qəbul edildiyi tarixdən - xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan dövr üçün qətnamədə göstərilən borcun (78.746,01 ABŞ dollarının) qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olaraq 8.563 ABŞ dolları məbləğində pul vəsaiti tələb edir.
45. Göründüyü kimi, iddiaçının tələbi kredit borcunun tutulması ilə əlaqədar başqa mülki iş üzrə Ali Məhkəmənin qərar qəbul etdiyi tarixdən (xx.xx.2019-cu il) sonrakı vaxtları əhatə edir.
46. Təkrar apellyasiya araşdırması zamanı sorğu edilərək icra işi materiallarının surəti əldə edilmiş və müəyyən edilmişdir ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili xx.xx.2020-ci il tarixində İddiaçı ASC tərəfindən 86.062.5 manata əldə etmişdir.
47. Araşdırma zamanı əsas borc məbləğinə münasibətdə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla (cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla) əldən çıxmış faydanın hesablanması zərurəti yarandığından iş üzrə məhkəməmühasibatlıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4454 nömrəli rəyinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya olan əsas borc üzrə (51.697,97 ABŞ dolları) əldən çıxmış faydanın (illik 5%-lə) 4149.43 USD olduğu müəyyən edilmişdir.
48. Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinə əsassən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
49. Kollegiya hesab edir ki, ekspert rəyi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əsas borc məbləğinə münasibətdə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği 4.149,43 USD müəyyən edildiyindən, iddia qismən təmin edilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-890/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.149.43 ABŞ dolları manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-890/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.149.43 ABŞ dolları vəsaiti (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 61 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 45 manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.