Məhkəmə qərarları › İş №2(103)-8064/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8064/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8064/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Seyit X7 nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdeh X2 nümayəndələri (vəkilləri) X3 iştirakları ilə Seyit X8 Cavabdeh, “X16” MMC-nə və X4 qarşı “üzləşmə aktının və müqavilənin etibarsız hesab edilməsi və müəssisənin xalis mənfəətinin yarısının xeyrinə tutulması” barədə ilkin, Cavabdeh Seyit X9 qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Seyit X10 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Seyit X10 Cavabdeh və “X16” MMC-nə (MMC) qarşı iddia ərizəsi, sonradan isə X5 da cavabdeh qismində göstərdiyi iddia tələblərinin dəqiqləşdirilməsi (iddia ərizəsinə əlavə) barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC və X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli üzləşmə aktının və xx xxxx 2019-cu il tarixli 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, MMC tərəfindən X4 ödənilmiş 492 000 manat pul vəsaitinin X1 alınaraq MMC-nin xəzinəsinə qaytarılması, 2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin MMC-nin direktoru Cavabdeh barəsində xüsusi qərardad qəbul olunaraq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.1999-cu il tarixdə tam xarici investora məxsus "xxx” Yapı malzameleri LTD müəssisəsini təsis etmiş, xx.xx.2002-ci ildə müəssisənin adı dəyişdirilərək "X16” MMC ilə əvəz edilmiş, Cavabdeh 2004-cü ildən ona məxsus digər şirkətin, yəni “xxxx” X13” MMC-nin mühasibatlıq işlərini aparmışdır. Cavabdeh ona İsmayıllıda ucuz torpaq sahəsinin alınmasının mümkünlüyünü və orada tikiləcək yüksəkmərtəbəli binanın inşasının yaxşı gəlir gətirəcəyini bildirdiyindən Cavabdeh xx.xx.2007-ci il tarixdən "X16” MMC-nin direktoru vəzifəsinə təyin etmiş və həmin dövrdən bütün idarəçiliyi ona həvalə etmiş, "xxxx” X13 MMC-nin balansında olan texnika və avadanlıqları inşaatda istifadə olunması üçün "X16”nin sərəncamına vermiş, o cümlədən öz hesabına "X16” MMC-nin adına 2 ədəd yeni "Mersedes” markalı yük maşınları almışdır. Aralarında olan şifahi razılaşmaya uyğun olaraq Cavabdeh direktor olmaqla yanaşı mühasibatlıq işlərini özünəməxsus firmada aparmalı, o isə tikintinin mühəndislik işlərini aparmalı idi. Daha sonra Cavabdeh nizamnamə fonduna 30 faiz məbləğində əmlak qoymaqla Cəmiyyətə təsisçi olmaq istədiyini bildirmiş, buna baxmayaraq o, Cavabdeh Cəmiyyətin 50 faiz nizamnamə payına yiyələnməsinə razılıq vermişdir. xx.xx.2008-ci il tarixdə "X16.” MMC-nin ümumi yığıncağı keçirilmiş, yığıncağın qərarı ilə Cavabdeh "X16” MMC-nin 50 faiz pay hüquqlu təsisçisi olmuş və Cəmiyyətin qanuni təmsilçiliyi ona həvalə edilmişdir. Özünə məxsus “xxxx” X13 MMC-nin balansında olan beton zavodu İsmayıllı rayonunda quraşdırılaraq tikintiyə beton verməklə yanaşı, kənar şəxslərə də beton satışını həyata keçirməyə başlamış, eyni zamanda “xxxx” Memarlıq Mühendislik LTD MMC-nin balansında olan digər texnika və avadanlıqlar tikintidə istifadə olunmaqla yanaşı, digər şəxslərə icarəyə verilmişdir. Beton zavod həmin regionda yeganə zavod olduğuna görə kifayət qədər gəlirlə işləməyə başlamış, lakin bütün bu proseslər Cavabdeh tərəfidən idarə edilməklə, ona bu barədə hər hansı bir hesabat verilməmişdir. Təsisçi kimi Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsini gözləmiş, bu barədə Cavabdeh dəfələrlə bildirsə də, sonuncu hər dəfə müxtəlif bəhanələrlə mənfəətin bölüşdürülməsindən, bu barədə ona hesabat verməkdən yayınmışdır. Tərəfindən müəssisənin illik maliyyə hesabatının auditor yoxlanışının aparılması üçün auditor cəlb edilmiş, lakin Cəmiyyətin mühasibatlıq əməliyyatlarının qeydə və uçota alındığı mühasibatlıq sənədləri və hesabatları auditə təqdim edilmədiyindən audit tapşırığının icra edilməsi mümkün olmamışdır. Bundan sonra xx.xx.2007-ci il tarixdən başlayaraq “X16” MMC-nin fəaliyyəti ilə əlaqədar olan bütün sənədlərin təsdiqlənmiş surətlərinin təqdim etməyi xahiş etmiş, lakin Cavabdeh yenə də bunu etməkdən imtina etmişdir. MMC-nin 2007-2019-cu illər ərzində qazanmış olduğu mənfəətin məbləği 6 467 200 (altı milyon dörd yüz altmış yeddin min iki yüz) manat təşkil edir. Cavabdeh isə Seyit X9 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək ondan 1 944 092 manat və 7474,24 ABŞ dolları vəsaitin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını belə əsaslandırmışdır ki, Cəmiyyətin nizamnaməsi 2014-cü ildə yenilənərək təsdiqləndikdən sonra X15 cəmiyyətin fəaliyyəti ilə bağlı maraqlanmamış, İsmayıllı rayonu, M.F.Axundov küçəsində üç bloklu çoxmərtəbəli yaşayış evlərinin tikintisində heç bir vəsait cəlb etməmiş, 2007-ci ildən 2019-cu ilə qədər əldə olunmuş xalis mənfəətin 50 faizinin tələb etməsinə baxmayaraq, cəmiyyətə həmin ərəfələrdə cəlb olunan vəsaitin 50 faizini ödəməmişdir; buna görə də onun Cəmiyyətə 3 862 773,62 manat və 14 948 ABŞ dolları məbləğində borcu yaranmışdır və bu borc məbləği ondan öz xeyrinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Seyit X10 apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmasını və ilkin iddianın təmin edilməsini; Cavabdeh şikayət verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətləri ilkin və qarşılıqlı iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı arqumentləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Seyit X7 nümayəndəsi (vəkili) Vəkil2, habelə Cavabdeh və X2 nümayəndələri (vəkilləri) Ziyamin Güləhmədov hər biri müdafiə etdikləri şəxslərin apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh “X16” MMC nümayəndəsini məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətlər təmin edilməməli, müvafiq qərardadla birinci instansiya məhkəməsinin qətnaməsinin Seyit X8“2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv edildiyi və həmin iddia tələbləri üzrə icraata xitam verildiyi nəzərə alınmaqla, qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə təsisçisi İddiaçı olan və xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “xxx” Yapı Malzemeleri MMC-nin adı xx xxxx 2002-ci il tarixdə dəyişdirilərək müəssisə “X16” MMC adlandırılmış, xx.xx.2008-ci il tarixdə müəssisənin ümumi yığıncağının qərarı ilə Cavabdeh nizamnamə fonduna fondun 50 faizi məbləğində əmlak qoymaqla müəssisəyə təsisçi kimi daxil edilmişdir; iş materiallarından görünür ki, hazırda müəssisənin təsisçiləri Cavabdeh (50%) və Seyit X10 (50%), qanuni təmsilçisi Cavabdehdur. İşin, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli auditor hesabatı ilə müəyyən olunan halına görə, “X16” MMC və X6 arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxs MMC-nə ümumilikdə 600 000 manat borc vermiş (hər müqavilə üzrə 200 000 manat), alınmış borc məbləğləri xx.xx.2014-cü il, xx.xx.2014cü il və xx.xx.2014-cü il tarixlərdə MMC-nin xəzinəsinə mədaxil edilmiş, xx.xx.2014-cü il tarixdə 363 490 manat, xx.xx.2017-ci il tarixdə 12 470 manat, xx.xx.2018-ci il tarixdə 40 000 manat, xx.xx.2018-ci il tarixdə 36 540 manat, xx.xx.2018-ci il tarixdə 39 500 manat MMC-nin xəzinəsindən nağd şəkildə Ülvi Dünyamalıyevə qaytarılmış, xx.xx.2019-cu il tarixli qaimə-fakturaya əsasən 21 000 manat dəyərində beton hazırlanması üçün avadanlıqlar borc əvəzində Ülvi Dünyamalıyevə verilmiş, xx.xx.2019-cu il tarixinə MMC-nin Ülvü Dünyamalıyevə 87 000 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktından da aydın olur ki, “X16” MMC və X6 arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli müqavilələr əsasında adı çəkilən şəxsdən alınmış 600 000 manat borcun 492 000 manatı pul vəsaiti şəklində, 108 000 manatı isə əmlak şəklində (“Mercedes-Benz Axor” yük maşını - 72 000 manat, Beton hazırlanması üçün avadanlıq – 21 000 manat, “Man yük” maşını – 15 000 manat) qaytarılmışdır. İlkin iddiaçı məhz sözügedən üzləşmə aktının və beton hazırlanması üçün avadanlığın Ülvi Dünyamalıyevə borc əvəzi verilməsinə dair xx xxxx 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməli olduğunu irəli sürmüş, tələbini üzləşmə aktında göstərilən əmlakların real dəyərindən çox aşağı qiymətə satıldığı (borcla əvəzləşdirildiyi), həmin əmlaklardan bəzilərinin nizamanamə fonduna pay şəklində qoyulması səbəbilə onların direktor tərəfindən satılmasının qanunsuz olması, Ülvi Dünyamalıyevdən alındığı irəli sürülən borc məbləğlərinin vergi hesabatlarında əksini tapmadığı arqumentləri ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, ilkin iddiaçının həmin tələbləri mahiyyət etibarilə müqavilələrin etibarsızlığı ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən üzləşmə aktının və alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh “X16” MMC-nin 50% payla təsisçisi, eyni zamanda direktorudur (qanuni nümayəndəsidir) və həm sözügedən üzləşmə aktı, həm də müvafiq müqavilə MMC-nin adından onun tərəfindən imzalanmışdır. “X16” MMC-nin surəti iş materiallarına əlavə edilmiş nizamnaməsinin 4.5-ci bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Direktor cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, cəmiyyətin adından əqdlər bağlayır, ümumi yığıncağın və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Mülki Məcəllənin 49.1-ci-49.3-cü maddələrinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Məcəllənin 49.5-ci maddəsinə görə isə, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Göründüyü kimi, ilkin iddiaçının mübahisələndirdiyi üzləşmə aktı və müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmışdır; həmin əqdlərin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Ülvi Dünyamalıyevə satılan (borc əvəzi verilən) əmlakların bəzilərinin nizamnamə fonduna pay şəklində qoyulması səbəbilə onların direktor tərəfindən satılmasının qanunsuz olması barədə ilkin iddiaçının arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 91.2-ci maddəsinə görə, məhdud məsuliyyətlicəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; 91.3.6-cı maddəsinə görə isə, yalnız Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 90.8-ci maddəsinə əsasən,məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə və cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər; “X16” MMC-nin nizamnamə kapitalının azaldılmış olduğu isə müəyyən olunmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddiaçının müvafiq əqdlərin etibarsız hesab edilməsi tələbi əsaslı deyildir və birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə qanuni olmuşdur Kollegiya onu da qeyd edir ki, “X16” MMC-nin 50% payla təsisçisi olan İddiaçı üzləşmə aktında göstərilən əmlakların real dəyərindən aşağı qiymətə satıldığını (borcla əvəzləşdirildiyini) iddia edirsə, qanunvericiliyin yuxarıda sadalanan müddəalarının ona verdiyi hüquqdan istifadə edərək Cavabdeh qarşı müvafiq iddia tələbi irəli sürə bilər. Kollegiya, birinci instansiya məhkəməsinin ilkin iddiaçının “MMC tərəfindən X4 ödənilmiş 492 000 manat pul vəsaitinin həmin şəxsdən alınaraq MMC-nin xəzinəsinə qaytarılması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən şəxslə borc müqavilələri bağlandığı audit rəyi ilə də müəyyən edilmiş, göstərilən məbləğ isə borcun qaytarılması məqsədilə ona ödənilmişdir. Qarşılıqlı iddia tələbi üzrə isə kollegiya geniş əsaslandırma aparılmasına zərurət görmür; çünkü qarşılıqlı iddiaçı öz tələbinin araşdırılmasına imkan verəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 90.6-cı maddəsinə görə,məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir; “X16” MMC-nin ümumi yığıncağının belə bir qərarının olduğu və İddiaçı nizamnamə kapitalının artırılması məqsədilə yığıncaq qərarı əsasında üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi isə müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh tələbi onun adından irəli sürülməklə öz xeyrinə pul tutulması barədədir; halbuki, əgər cəmiyyətin nizamnamə kapitalı artırılmışdırsa və təsisçilərdən biri olan İddiaçı əlavə pay haqqını nizamnamə fonduna ödəməmişsə, bu halda müvafiq tələb cəmiyyət tərəfindən cəmiyyətin mənafeyi naminə irəli sürülə bilər. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorların irəli sürdükləri faktiki hallar, onların müvafiq iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi Seyit X8 “X16” MMC və X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli üzləşmə aktının və xx xxxx 2019-cu il tarixli 19/07-05 saylı müqavilənin etibarsız hesab edilməsi, MMC tərəfindən X4 ödənilmiş 492 000 manat pul vəsaitinin X1 alınaraq MMC-nin xəzinəsinə qaytarılması” barədə ilkin iddia tələbinin, həmçinin Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Müvafiq qərardadla apellyasiya şikayətlərinin qismən təmin olunaraq qətnamənin Seyit X8“2007-ci ildən 2019-cu ilə qədər MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin, o cümlədən 3 ədəd yaşayış binasının tikintisindən əldə edilmiş 3 176 000 manatın, beton zavodun fəaliyyəti ilə əlaqədar əldə edilmiş 1 440 000 manatın, ağır texnikanın icarəsindən əldə edilmiş 270 000 manatın, avtonəqliyyat vasitələrinin icarəsindən əldə edilmiş 756 000 manatın, daşınmaz əmlakın icarəsindən əldə edilmiş 210 000 manatın, MMC tərəfindən görülmüş podrat işlərindən əldə edilmiş 500 000 manatın, ümumilikdə isə 6 467 200 manat məbləğində xalis mənfəətin 50 faizinin, yəni 3 233 600 (üç milyon iki yüz otuz üç min altı yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi” tələblərinin təmin edilməməsi hissəsində ləğv edildiyi və həmin tələb üzrə icraata xitam verildiyi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar