Məhkəmə qərarları › İş №2(103)-8065/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8065/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8065/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçının nümayəndəsi X16, Cavabdeh, Üçüncü şəxs X3 vəkili-nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı (Əliyev X15 və X11 üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı (Əliyev X15 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 191567,45 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh ibtidai istintaq və məhkəmə istintaqı zamanında ittiham olunmuşdur ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, analığı X3 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan sonuncunun qardaşı oğlu Əliyev X12 adına 17 mart 2015-ci il tarixli müqavilə ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialında 6 ay müddətinə 6.6 faiz dərəcəsi ilə depozitə 100.000 ABŞ dolları pul vəsaitinin qoyulduğunu bildiyindən, həmin məbləğdə pulu ələ keçirmək qərarına gələrək, saxta etibarnamənin əsasında 22 iyun 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü (sədrlik edən F.Qəniyev) ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək üzərində 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 yanvar 2017-i il tarixli,2(006)- 466/2017 saylı qətnaməsinə əsasən X5 məxsus olan 100.000 ABŞ dolları depozit vəsaitini müqavilə üzrə Əliyev X15 tərəfindən banka depozitə qoyulması səbəbindən sonuncunun iddiasının təmin edilərək İddiaçı ASC-dən 103.550 ABŞ dolları və 3000 manat pulun alınaraq M.S.Əliyevə ödənilməsi qət edilmişdir. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək yuxarıda qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, Cavabdeh analığına məxsus olan sonuncunun qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100.000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə bank həmin vəsaiti Mirismayıl Əliyevə ödənilməsi göstərilsə də əslində Gülrux Əliyevaya ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7% icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X23 müxbir hesabından köçürülmüşdür. Nəsimi rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən Cavabdeh banka vurmuş olduğu 191.567,45 manat maddi zərərin (7 % icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi M.Əliyevə (faktiki olaraq G.Əliyevaya) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, 191567 (yüz doxsan bir min beş yüz altmış yeddi) manat 45 (qırx beş) qəpik məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASCyə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(103)3966/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(011)- 6559/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3840/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarına əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3966/2020 nömrəli iş üzrə 20 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs Əliyev X15 arasında 17.03.2015-ci il tarixli klassik əmanət müqaviləsi bağlanmış,əmanətçi 100.000 ABŞ dolları məbləğində pulu banka 6 ay müddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. 22.06.2015-ci il tarixdə həmin pul vəsaiti Əliyev X12 adından verilmiş və sonradan müəyyən edilmiş saxta etibarnamə əsasında iddiaçının “Səbail” filialı tərəfindən verilmiş qəbzlə X10 məxaric edilmişdir. Üçüncü şəxs Əliyev X15 iddiaçıya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsilə onun iddiası qismən təmin edilərək "xxxx"ASC-dən 100.000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmişdir. Məhkəmə qətnaməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı,12.03.2017-ci il tarixli hökmünə istinad edilmişdir. Həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmün qısa məzmunu ondan ibarətdir ki, N.X1 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 16/17 ünvanında yerləşən Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan 100.000 ABŞ dolları məbləğində pulun Gülrux Əliyevanın bacısı oğlu X28 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X7 adından X28 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair saxta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dollar, məbləğində pulun götürülməsinə nail olmaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Lakin yuxarda qeyd olunan qanunu qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həmin 100000 ABŞ dolları tərəfindən X5 tam şəkildə ödənilmiş və vurulmuş ziyan məbləğinin tam şəkildə ödənilməsi cavabdehin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən tərəf kimi cavabdehin hüquqları pozulmuş, onun iştirakı olmadan işə baxılmış, yalnız qarşı tərəfin izahatı əsas götürülməklə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul olunmuşdur. İddiaçının onun barəsində olan cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən edilmiş 100.000 ABŞ dollarının ödənilməsi haqda məlumatı olmuş, bununla əlaqədar olaraq 2018-ci ilin yanvar ayında cavabdeh Azərbaycan Beynəlxalq Bankına dəvət edildikdə, özü də onlara həmin 100.000 ABŞ dollarını G.Əliyevaya tam şəkildə ödədiyini bildirmişdir. Lakin, hazırki iddia ərizəsinə əsasən iddiaçının 100.000 ABŞ dollarını G.Əliyevaya ödədiyi halda təkrar olaraq ondan tələb etməsi qanunsuz və əsassızdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X26 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər üçüncü şəxs Əliyev X15 məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs X24 Paşa oğlu arasında 17.03.2015-ci il tarixli klassik əmanət (depozit)müqaviləsi bağlanmış, əmanətçi 100.000 ABŞ dolları məbləğində pulu banka 6 ay müddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. 22.06.2015-ci il tarixdə həmin pul vəsaiti Əliyev X12 adından verilmiş və sonradan müəyyən edilmiş saxta etibarnamə əsasında iddiaçının “Səbail” filialı tərəfindən verilmiş qəbzlə X10 məxaric edilmişdir. Üçüncü şəxs Əliyev X15 iddiaçıya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsilə onun iddiası qismən təmin edilərək "xxxx" ASC-dən 100.000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103.550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmişdir. İddiaçının Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2017 saylı, 21.06.2017-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8584/2017 saylı, 19.12.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Nəsimi rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. 08.06.2018-ci il tarixdə məhkəmə qətnaməsi icra olunaraq, icra xərci ilə birlikdə 191.567,45 manat pul vəsaiti iddiaçının hesabından tutularaq Nəsimi İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Həmçinin, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, cavabdeh analığı (üçüncü şəxs) X3 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan 100.000 ABŞ dolları məbləğində pulun Gülrux Əliyevanın bacısı oğlu X28 adına iddiaçının “Səbail” filialında açılmış depozit hesabına qoyulduğunu bildiyindən, qohumu (yeznəsi) X7 adından X28 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair saxta etibarnamə hazırlayaraq (özünə məxsus skaner aparatından istifadə etməklə) iddiaçının Səbail filialının xəzinəsindən Zaur İbrahimovun vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux Əliyevaya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Cavabdeh Gülrux Əliyevaya məxsus 70000 ABŞ dolları məbləğində vəsaitini onun adına depozitə qoyduqdan sonra, sonuncunun məlumatı olmadan 19 noyabr 2010-cu il tarixli etibarnamə əsasında həmin məbləği girov qoymaqla göstərilən bank filialından 07 iyun 2013-cü il tarixdə Gülrux Əliyevanın adına 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 42900 manata bərabər 55000 ABŞ dolları məbləğində kreditin rəsmiləşdirilməsinə nail olub, həmin məbləği filialın xəzinəsindən nağd şəkildə götürməklə sonuncuya məxsus xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehin əməli nəticəsində iddiaçı ondan 191.567,45 manat pulun tutulmasına məruz qalmaqla, maddi ziyan çəkmişdir. İddiaçıya maddi ziyan dəyməsində cavabdehin təqsiri qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş, iddiaçının maddi ziyan çəkməsi cavabdehin qanunazidd əməli nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmiş prosessual pozuntulara yol vermişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iki dəlil göstərmiş, məhkəmənin işə baxarkən onun iştirakını təmin etmədiyini və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə tərəfindən X6 dəymiş ziyanın tam şəkildə ödənildiyini və ziyanın tam şəkildə ödənilməsinin cəzasını yüngülləşdirən hal kimi nəzərə alındığını, həmin pulun yenidən ondan tutulmasının qanunsuz olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin yalnız məhkəmə iclasında iştirakınının təmin edilməməsi ilə bağlı dəlilinə qiymət vermiş, şikayətin digər dəlilinə hüquqi qiymət verməmiş, şikayətin həmin hissəsini nə üçün təmin etmədiyni əsaslandırmamışdır. İşdən görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş məhkəmə qərarlarına istinad etmiş, cavabdehin əməlləri nəticəsində X28 xeyrinə 191567,45 manat pulun tutulması ilə iddiaçı bankın maddi ziyan çəkməsini, iddiaçı banka maddi ziyan dəyməsində Cavabdeh təqsirli olmasının qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilməsini işin mübahisələndirilməyən halları kimi qiymətləndirmişlər. Lakin apellyasiya şikayətindən görünür ki, cavabdeh istinad edilən cinayət işinə baxılan zaman Gülrux Əliyevanın zərərçəkmiş şəxs kimi tanınması, hökmlə həmin pulun X29 deyil, Gülrux Əliyevaya məxsus olmasının müəyyən edilməsini, həmin pulun vurulmuş ziyan kimi onun tərəfindən Gülrux Əliyevaya tam ödənildiyini, bu faktın işə baxan məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirildiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı hər hansı bir araşdırma aparmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmünün yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilib dəyişdrilməməsini müəyyən etməmiş, cavabdehin irəli sürdüyü dəlillərin əsaslılığını yoxlamamış, həmin halların hazırki işə baxan zaman hadisənin və şəxsin hadisəyə aidiyyatının müəyyən edilməsi hissədə preyudisial xarakter daşımasını nəzərə almamışdır. Baxılan işdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı bankdan 191567,45 manat pulun X28 xeyrinə tutulması işin mübahisələndirilməyən halıdır. Həmin pulun iddiaçı bankdan tutulmasına əsas olmuş hadisə cavabdehin cinayət əməli olmuşdur. Lakin cavabdeh həmin cinayətin predmeti olan pulun zərəçəkmiş Gülrux Əliyevaya ödənilməsini qeyd etmişdir. Belə olan halda həmin pulun yenidən cavabdehdən tələb edilə bilməsinin mümkünlüyününə məhkəmələr düzgün qiymət verməmiş, həmin pulun cavabdeh tərəfindən qanuni qüvvəsəni almış məhkəmə qətnaməsi nəticəsində bankdan tutulmasında cavabdehin təqsirinin olub-olmamasına, banka dəymiş ziyanla cavabdehin əməli arasında səbəbli əlaqənin olub-olmamasına hüquqi qiymət verməmişlər.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmünün çıxarılmasına əsas təşkil edən cinayət işi cavabdehin, analığı (üçüncü şəxs) X8 məxsus, həmin dövrün məzənnəsinə uyğun 42900 manata bərabər 55000 ABŞ dollarının və sonuncunun qardaşı oğlu X2 məxsus, həmin dövrün məzənnəsinə uyğun 104.700 manata bərabər 100.000 ABŞ dolları məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsi ittihamı əsasında başlanmış, cinayət işinin icraatı dövründə onun zərərçəkmişə (Gülrux Əliyevaya) qaytardığı pul məhz sözügedən vəsaitlərin manat ekvivalenti olsa da, sonradan Mirısmayıl Əliyevin İddiaçı ASC-nə qarşı qaldırdığı iddia əsasında 191567,45 manat pul həmin bankdan adı çəkilən şəxsin xeyrinə tutulmuşdur. Başqa sözlə bank, Gülrux Əliyevaya məxus pul vəsaitini dələduzluq əməlini törətmiş Cavabdeh ödədikdən sonra həmin vəsaitin 191567,45 manat hissəsini məhkəmə qətnaməsi əsasında təkrarən Mirismayıl Əliyevə qaytarmaq məcburiyyətində qalmaqla qeyd olunan məbləğdə maddi ziyana məruz qalmışdır və həmin zərərin Nazim X9ytardığı zərər məbləği ilə eyniləşdirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Bundan başqa kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına (iddia ərizəsində və apellyasiya şikayətində göstərilən ünvan) məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2019 saylı, 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar