Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-807/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikili üçün çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində maddi zərərin əvəzinin alınaraq ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, Zəngilan rayonundan məcburi köçkündür. O, 1993-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində məskunlaşaraq yaşamışdır. 2013-cü ilin təxminən mart-aprel aylarında özünü X5 təqdim edən bir şəxs mənzili 28.000 manata aldığını iddiaçıya bildirmiş, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” anasının – iş üzrə cavabdehin adına verilmiş “Çıxarışı” iddiaçıya göstərmiş və mənzilin boşaldılmasını iddiaçıdan tələb etmişdir. Başqa yaşayış yeri olmadığından iddiaçı mənzili boşaltmamışdır. Bu səbəbdən hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı “mənzilin boşaldılması barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddiaya dair 2(006)-354/2023 saylı işə baxmış Nəsimi Rayon Məhkəmə həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə hazırkı iş üzrə iddiaçının həmin mənzildən çıxarılmasını qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə icra edilmiş və iddiaçı mənzildən çıxarılmışdır. O, mənzildən çıxarılsa da, mənzildə yaşadığı müddət ərzində mənzildə dəfələrlə etdirdiyi təmir-tikinti işlərinin əvəzi cavabdeh tərəfindən ona ödənilməmişdir. Belə ki, həyətdə qonşuların gediş-gəlişinə maneə yaratmayacaq bir ölçüdə mənzil istismar sahəsi ilə razılaşdırmaqla mənzilin yanında olan boş sahədə 7.000 manata mətbəx, 10.000 manata isə hamam tikdirmiş, əlavə 3.000 manat xərc çəkərək evin eyvanını da 8 kv.metr qabağa çəkərək böyütmüşdür. Bundan başqa, həmin mənzilin təmirinə 8.000 manat xərc çəkmiş, 1.200 manat dəyərində plastik qapı-pəncərə və 600 manata mənzilə dəmir seyf qapı qoydurmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli mənzildə 30.000 manata yaxın xərc çəkilmişdir. Amma iddiaçı yalnız tikdirdiyi hamamın xərcinin əvəzi olaraq 10.000 manatı cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, cavabdeh mənzili alan mübahisəli hamam tikilisi mövcud olmuşdur. Cavabdeh mənzili xx.xx.2013-cü il tarixdə “Alğı-satqı müqaviləsinə” əsasən X2 almışdır. Zemfira Rüstəmova isə həmin mənzili xx.xx.2013-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən X6, sonuncu isə xx.xx.2011-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən hazırki iş üzrə iddiaçının özündən almışdır. 2013-cü il tarixdə iddiaçı özü cavabdehə müraciət edərək kirayə evdə yaşamaq istədiyini bildirmiş və cavabdeh də (mübahisəli) mənzili cavabdehə kirayəyə vermişdir. İddiaçı uzun müddət ərzində həmin mənzildə yaşasa da kirayə haqqını cavabdehə ödəməmiş və bu səbəbdən də cavabdeh iddiaçıya qarşı “mənzilin boşaldılması barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Daha sonra qətnamə icra edilmiş və iddiaçı həmin mənzildən çıxarılmışdır. İddiaçı, iddia ərizəsində mənzildə hamamının öz hesabına tikildiyini və buna görə çəkilmiş 10.000 manat xərcin ödənilməsini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ən əsas məsələ isə ondan ibarətdir ki, həmin hamam tikilisi əvvəlcədən mövcud olmuşdur. Buna görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, mənzili Azər Məmmədova satan vaxt hamamı və mətbəxi Azər Məmmədova satmamış, yalnız mənzili satmışdır.
9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçı, onunla X13 arasında 2011-ci ildə bağladığı “Alğısatqı müqaviləsinə” əsasən mənzili Azər Məmmədova satmışdır. Buna baxmayaraq mənzili Azər Məmmədova təhvil verməmişdir. Buna görə də, Azər Məmmədov müvafiq iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının özünün və ailə üzvlərinin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli qətnamə ilə iddiaçının özünün və ailə üzvlərinin mənzildən çıxarılmasını qət etmişdir. Həmin qətnamənin icrası uzanmış və 2013-cü ildə Azər Məmmədova mənzili X1. Buna baxmayaraq iddiaçı həmin mənzildə yaşamağa davam etmiş və Zemfira Rüstəmova mənzili aldıqdan bir neçə gün sonra, yəni xx.xx.2013cü il tarixdə mənzili cavabdehə satmışdır. Cavabdeh mənzili aldıqdan sonra iddiaçı özü cavabdehə müraciət kirayə haqqı ödəmək şərti ilə mənzildə qalmasını xahiş etmiş və cavabdeh bu təklif ilə razılaşmışdır. Bundan sonra iddiaçı kirayə haqqı ödəməklə mənzildə yaşamağa davam etmiş, lakin sonradan kirayə haqqının ödənilməsini dayandırmışdır. Bu səbəbdən də cavabdeh iddiaçıya qarşı “mənzilin boşaldılması barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası xx.xx.2023-cü il tarixli qətnamə ilə təmin edilmişdir. Həmin qətnamə icra edilmiş və iddiaçı həmin mənzildən çıxarılmışdır. Mənzilə aid hamam tikilisi həmişə mövcud olmuşdur. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı hamamı onun tərəfindən tikildiyini və buna görə 10.000 manat xərc çəkməsini bildirsə də, bu halı təsdiq edə biləcək heç bir sübut təqdim etmir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan və məktuba ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli xx.xx.2023-cü il tarixdə (hazırkı iş üzrə iddiaçı) İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. İddiaçı, onunla X13 arasında bağlanmış və Bakı Şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-7/930 nömrə altında qeydə alınmış xx.xx.2011-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən mənzili Azər Məmmədova satmışdır. xx.xx.2011-ci il tarixdə mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Azər Məmmədovun adına qeydiyyata alınmışdır. Azər Məmmədov, onunla X7 arasında bağlanmış və Bakı Şəhəri 30 saylı DNK tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-58 nömrə altında qeydə alınmış xx.xx.2013-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən mənzili Zemfira Rüstəmovaya satmışdır. xx.xx.2013-cü il tarixdə mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Zemfira Rüstəmovanın adına qeydiyyata alınmışdır. Zemfira Rüstəmova, onunla cavabdeh arasında bağlanmış və 1 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-384 nömrə altında qeydə alınmış xx.xx.2013-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən mənzili cavabdehə satmışdır. xx.xx.2013-cü il tarixdə mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” cavabdehin adına qeydiyyata alınmış və hazırda da qeydiyyatdadır.
12. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2012 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2012-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə mübahisəli mənzilin həmin dövrdə mülkiyyətçisi olmuş X8 hazırkı iş üzrə iddiaçıya və hazırkı iş üzrə tərəf olmayan X16 və X9 qarşı irəli sürdüyü “mənzildən çıxarılma və sair tələbləri barədə” ilk iddiasının qismən təmin edilməsi, hazırkı iş üzrə iddiaçının və hazırkı iş üzrə tərəf olmayan Təranə və Səbuhi Abışovların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, hazırkı iş üzrə iddiaçının Azər Məmmədova qarşı irəli sürdüyü “mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2023 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “mənzildən çıxarılma və sair tələbləri barədə” iddiasının qismən təmin edilməsi, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. İş materiallarından müəyyən edilir ki, mübahisəli mənzil ilkin olaraq iddiaçının mülkiyyətində olmuş, o, mənzili X10 alqı-satqı yolu ilə satmış, Azər Məmmədov mənzili X4, sonuncu isə mənzili 2013-cü ildə alqı-satqı yolu ilə özgəninkiləşdirərək, Cavabdeh satmışdır.
15. Göründüyü kimi, sözügedən mənzil uzun müddətdir iddiaçının mülkiyyətində deyil. İş materiallarında tədqiq olunmuş məhkəmə qətnamələrindən müəyyən olunur ki, Azər Məmmədov iddiaçıya qarşı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbləri ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir. Daha sonra iddiaçı mənzil artıq Cavabdeh mülkiyyətində olan zaman mənzildə onun razılığı ilə kirayəçi kimi yaşamağa başlamış, 2023-cü ildə isə cavabdeh yenə də iddiaçının mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddia təmin edilmişdir.
16. İddiaçı bildirir ki, onun tərəfindən 10.000 manat pul xərclənərək mənzilin yaxınlığında yerləşən boş torpaq sahəsində hamam otağı tikilmişdir. Hazırda mənzildən çıxarıldığı üçün həmin xərcin əvəzi mənzilin mülkiyyətçisi olan cavabdehdən tutularaq ona verilməlidir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur (maddə 680.1.). Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir (maddə 680.2.). Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (maddə 1087.1.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. İddia ərizəsində iddiaçı özü bildirir ki, o, Zəngilan rayonundan məcburi köçkün kimi 1993-cü ildən mübahisəli mənzilində məskunlaşaraq yaşamışdır. Mənzildə hamam olmadığı üçün o, mənzilin yaxınlığında yerləşən boş torpaq sahəsində 10.000 manata hamam otağı tikdirmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-354/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı o, mənzildən çıxarılsa da, hamamın inşasına sərf etdiyi həmin məbləğ ona ödənilməmişdir.
20. Apellyasiya baxışı iclasında isə iddiaçı bildirdi ki, mənzili Azər Məmmədova satan vaxt hamam tikilisinin Azər Məmmədova satmamışdır.
21. Göründüyü kimi, mənzil xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən Azər Məmmədova satılan zaman hamam tikilisi artıq mövcud olmuşdur.
22. Belə olan halda iddiaçı, mənzil satılan zaman qeyd edilən hamam otağının onun tərəfindən Azər Məmmədova satılmadığını və ya həmin hamam otağının sonradan, yəni mənzilin artıq cavabdehin mülkiyyətində keçməsindən sonra inşa edildiyini sübuta yetirməlidir. Lakin o, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, hamam otağı iddiaçı tərəfindən mənzil ilə bilikdə Azər Məmmədova satılmış və iddiaçı, həmin hamam otağının dəyərini Azər Məmmədovdan almışdır.
23. Göründüyü kimi iddia əsassızdır.
24. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi
25. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
29. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.