Məhkəmə qərarları › İş №2(103)-8075/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8075/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8075/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.400 manatın və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövlətlərdən estetik və digər tibb avadanlıqları gətirib Bakı şəhərində satışını həyata keçirmişdi. 2018-ci ilin oktyabr ayında «Lazer Epilyasiya» aparatının alınması ilə əlaqədar ona Cavabdeh adlışəxs müraciət etmişdir. Onlar razılaşma əldə etmişdirlər və Cavabdeh 43.000 manat dəyərində «Lazer Epilyasiya» aparatını alıb aparmışdır. Aparatı alarkən Cavabdeh pulun bir hissəsini ödəmiş, qalan hissəsini isə işləyib qazanc əldə edərək verəcəyinə söz vermişdir. Lakin, həmin vaxtdan artıq bir il keçməsinə baxmayaraq, Cavabdeh aldığı aparatla əlaqədar hələ 29.400 manat pul borclu qalmışdır. Dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar Cavabdeh müraciət etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək bunu etməmişdir. Bu səbəbdən, əlacsız qalaraq borcun ödənilməsində köməklik göstərilməsi ilə əlaqədar Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis İdarəsində araşdırma zamanı Cavabdeh həqiqətən də ona 29.400 borcunun olduğunu etiraf etmiş və yaxın vaxtlarda pulu ona ödəcəyinə söz vermişdir, lakin yenə də bunu etməmişdir. Polis araşdırmasının nəticəsi olaraq faktla əlaqədar cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 29.400 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin “cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faiz məbləğinin cavabdehdən tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. İddiaçı, cavabdehlə onun arasında yaranmış mübahisəni özünün xeyrinə olan şəkildə göstərmişdir. Cavabdeh yeni epilyasiya aparatının alınması ilə bağlı İddiaçı müraciət etmiş və bununla bağlı xx xxxxxxx 2018-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı dəyəri 43.000 ABŞ dolları olan «DL1 prem Diode Lazer” aparatını Cavabdeh satmışdır. Cavabdeh isə yeni aparat aldığını güman edərək, aparatın qiyməti ilə razılaşmışdır. Cavabdeh aldığı aparatın dəyərini təşkil edən 43.000 ABŞ dollarından ilkin olaraq 22.000 ABŞ dollarını ödəmiş, qalan 21.000 ABŞ dollarının isə aparatın istifadəsindən gəlir əldə olunduqca hissə-hissə ödəniləcəyi barədə tərəflər razılığa gəlmişlər. Daha sonra isə Cavabdeh iddiaçıya olan borcundan sonuncuya 5.000 manat məbləğində pul ödəmişdir. Bundan sonra Cavabdeh yeni aparat adı ilə aldığı «DL1 prem Diode Lazer” aparatını salonda işlətməyə başlatdırmışdır. Aparat əldə edildikdən təxminən bir ay yarım işlədikdən sonra xarab olmuşdur. Aparatın təmiri üçün salona ustalar dəvət edilmişdir. Ustalar aparata baxış keçirdikdən sonra Cavabdeh məlum olmuşdur ki, İddiaçı onu aldatmış, yeni aparat adı ilə köhnəsini, artıq uzun müddət istismarda olan aparat vermişdir. Aparat təmir edilsə də, çox qısa bir müddət sonra yenidən xarab olmuşdur. Cavabdeh da həmin aparatın köhnə olduğu üçün təmirinin artıq heç bir müsbət nəticə verməyəcəyini başa düşmüş və aparatı “xxxxxxxxxx” MMC-nin deposuna yerləşdirmişdir. Bundan sonra Cavabdeh, İddiaçı ilə əlaqə saxlamış və onun nə səbəbdən aldatdığını, aparatın köhnə olduğunu və artıq işləmədiyini bildirmişdir. Bundan sonra tərəflər razılığa gəlmişlər ki, Cavabdeh aparata görə borclu qaldığı pulun müqabilində Kənana yeni aparat alıb verəcəkdir. Razılaşmaya uyğun Cavabdeh xaricdən zavoddan yeni çıxmış lazer epilyasiya aparatı gətizdirmiş və İddiaçı vermişdir. Bununla da, onlar arasındakı söz-söhbət bitmişdir. İddiaçı alınmış aparat isə “xxxxxxxxx” MMC-nin deposunda qalmış və hazırda da oradadır. Lakin bir müddət sonra, Cavabdeh əvvəlcə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, daha sonra isə Yasamal Rayon Polis İdarəsinə çağırılmışdır. Cavabdeh Yasamal Rayon Polis idarəsinə getdikdən sonra bilmişdir ki, İddiaçı ondan borcun qaytarılmaması ilə bağlı şikayət etmişdir. Cavabdeh da polisdə bütün baş verənləri, o cümlədən Kənanın onu aldadaraq yeni aparat əvəzinə köhnə aparat satdığını, ödənilməmiş qalan borcun əvəzinə onun sifarişi ilə xaricdən yeni aparat gətizdirdiyini və bu aparatı Kənanın qəbul etdiyini təfsilatı ilə danışmışdır. Polisdə İddiaçı və Cavabdeh razılaşmışlar ki, İddiaçı tibbi avadanlıqların satışı ilə məşğul olduğu üçün o, həm onun yeni aparat adı ilə Fidana satdığı və sonradan sonuncu tərəfindən “xxxxxxxxx” MMC-nin deposunda yerləşdirilmiş «DL1 prem Diode Lazer” aparatını, həm də Cavabdeh xaricdən gətizdirərək Kənana verdiyi yeni lazer epilyasiya aparatını satacaq, əldə olunmuş pul vəsaitindən hər kəs çəkdiyi xərcə uyğun pulu götürəcəkdir. Bu razılıq barədə onlar işi araşdıran əməkdaşa bildirmiş, bu barədə sənəd tərtib edilmiş və matertiala əlavə edilmişdir. Yasamal Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Cavabdeh aparatların satılması ilə bağlı İddiaçı dəfələrlə əlaqə saxlamış, sonuncu isə müxtəlif bəhanələr gətirərək, aparatların satışına cəhd göstərməmişdir. Cavabdeh də, borcunun əvəzinə İddiaçı yeni aparat verdiyinə, Kənanın isə həmin aparatı qəbul etdiyinə görə və bununla da Kənan qarşısında icra edilməmiş öhdəliyi olmadığına görə, Kənanın bu hərəkətlərindən narahat olmamışdır. Hazırda isə Cavabdeh məlum olur ki, İddiaçı ondan 29.400 manat məbləğində pulun və cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılan məbləğin Milli Bankın faiz uçot dərəcəsinə uyğun faizinin tutulması barədə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaya baxan Xətai Rayon Məhkəməsi də işdə hər hansı mötəbər sübut olmadan iddianın qismən də olsa təmin edilməsi barədə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İşə baxmış Xətai Rayon Məhkəməsi nəzərə almamışdır ki, birincisi Cavabdeh epilyasiya aparatının alınmasından İddiaçı borclu qaldığı 21.000 ABŞ dolları manatın əvəzinə, xaricdən yeni lazer aparatı gətizdirərək Kənana Zeynalova vermiş və o həmin aparatı qəbul etmişdir. Həmin aparat hal-hazırda da İddiaçı özündədir. Göründüyü kimi, Cavabdeh iddiaçı qarşısında epilyasiya aparatınnı alğı-satqısı ilə bağlı icra edilməmiş öhdəlikləri qalmamışdır. Digər bir tərəfdən isə Yasamal Rayon Polis İdarəsində tərəflər arasındakı razılaşma İddiaçı təqsiri üzündən icra olunmamış qalmışdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, hər iki aparatın satılmasını boynuna götürən İddiaçı özü qəsdən aparatları satmaqdan yayınmışdır. Cavabdeh İddiaçı qarşısında icra edilməmiş öhdəlikləri qalmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili İ.Dünyamalılı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlərr. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında Fidan Babayeva adlı qadın ondan 43000 manat dəyərində Lazer Epilyasiya aparatı almış, həmin aparatın pulunun bir hissəsini ödəmiş, lakin qalan 32500 manat pulu isə müxtəlif bəhanələrlə aldadaraq ödəməkdən yayınmışdır. Həmçinin xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayında Ülviyyə adlı qadın müştəri satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq ona məxsus 27200 manat dəyərində Lazer Epilyasiya aparatınıələ keçirmiş və bu günə kimi ona nə pul ödəmiş, nə də aparatı geri qaytarmışdır. Araşdırma zamanı Cavabdeh izahat verərək, kredit yolu ilə Kənandan təxminən 20000 ABŞ dolları dəyərində Lazer aparatı aldığını, Mərdəkan qəsəbəsində yerləşən gözəllik salonuna icarəyə verdiyini, bir müddət sonra aparatın nasaz olduğunu, təmir üçün təxminən 7000 manat pul lazım olduğunu, Lazer aparatını təmir etdirib işlək vəziyyətə gətirə bilmədiyini, Kənana verməli olduğu pulu vaxtında ödəyə bilmədiyini göstərmişdir. Kənana 5000 manat pul ödədiyini, hesablaşmaya görə Kənana cəmi 29400 manat pul borcu qaldığını, hazırda aparatıhəmin vəziyyətdə Kənana qaytarmağa razı olduğunu, qalan pulu isə hesablaşaraq ən qısa müddət ərzində Kənana ödəyəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Kollegiya işin hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsində “DL1 prem Diode laser” cihazını 43.000 ABŞ dollarına Cavabdeh satdığını qeyd etmişdir. Lakin, işin apellyasiya instansiyasında icraatı zamanı kollegiya iclasında iştirak edən İddiaçı və Cavabdeh izahatlarına və müqavilənin surətinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh cihazın alınması prosesində iştirak etsə də, müqavilə əslində İddiaçı ilə alıcı Bəybalayev Qəmbər adlı şəxs arasında bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə müqavilənin kimlər arasında bağlanmasını araşdırmamış və nəticədə Cavabdeh hazırki hüquq münasibəti üzrə tərəf olmadığı halda ona qarşı irəli sürülən iddianı qismən təmin etmişdir. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün vəzifələr yaratmadığından, Cavabdeh hazırki mübahisə üzrə müqavilədə tərəf olmaması səbəbindən iddiaçıya münasibətdə hər hansı öhdəlik daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti Cavabdeh müqavilə üzrə tərəf olmaması səbəbindən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar