Məhkəmə qərarları › İş №2(103)-8077/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8077/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8077/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh X5, onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1490/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1490/202 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 10000 (on min) manat və 30 (otuz) manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı X3 2018-ci ilin iyun ayından dekabr ayına kimi 5000 manat pul almışdı. Söhbət əsnasında Samid ona bildirdi ki, hər ay əsas verdiyi puldan əlavə ona verdiyi pulun faizinidə ödəməlidir. Razılaşdı və həmin götürdüyü 5000 manatı ödəmək məqsədi ilə öz maaş kartını Ziyadlı Samirə verdi. Hər ay 400-500 manat arası kartından pul çıxardırdı. 2018-ci ilin dekabr ayında hesablamağına görə iddiaçı faizlə birlikdə öz pulunu götürmüşdü. Ancaq iddiaçı pulu tam ödəmədiyi üçün ona 10000 manat faiz pulu verməli olduğunu bildirdi. Həmin ərəfələrdə iddiaçı iş yoldaşı Nəsirov Orxana faizə verdiyi pulla əlaqədar evinə anası ilə birlikdə hücum edərək mübahisələri olmuşdu və hərbi hissənin rəhbərliyinə və polisə müraciət etmişdi. Buna görə ona qarşı şikayət edə biləcəyini və ailəsində söz-söhbət olmasın deyə onunla razılaşdı. Söhbətləri belə oldu ki, hər ay 200 manat olmaqla 50 ay müddətinə pulu ödəyəcək. 2019-cu ilin yanvar ayında borcun etirafı ilə əlaqədar müqavilə bağladı. Borc müqaviləsindən sonra 2018-cı ildə verdiyi şəxsiyyət vəsiqəsini və maaş kartını aldı. Həmin vaxtları zamin qaldığı iş yoldaşı işdən çıxaraq Rusiya Federasiyasına getdiyi üçün Kapital Bank onun əvəzinə hər ay 540 manat olmaqla maaşından tuturdu. İddiaçı zəng vuraraq belə bir problem yarandığı üçün möhlət verməsini xahiş etdi. Bir söz demədən razılaşdı. 2020-ci ilin aprel- may ayında ona bəlli oldu ki, Samid onu məhkəməyə verib. Koronavirus xəstəliyi ilə əlaqədar xidmət etdiyi hərbi hissədən onları heç yerə buraxmırdılar və buna görə də məhkəmədə iştirak edə bilmədi. Onda başa düşdü ki, onu aldadaraq borc müqaviləsi bağlamışdır. Faktiki olaraq iddiaçıya heç bir borcu qalmayıb. İddiaçı 1 il ərzində maaş kartından istifadə edərək öz pulunu götürmüşdür. Pulu bankomatdan çıxaran zaman görüntülər var. Həmin görüntüləri məhkəməyə təqdim edə bilər. Bununla yanaşı, iş yoldaşlarından X6, X4 və X8 onun maaş kartının 1 il müddətində İddiaçı olmasını kartından pul çıxarmasını təsdiq edə bilərlər. Məhkəmə qətnaməsini 10.08.2020-ci il tarixdə məhkəmə katibliyindən almışdır. Qətnamə ilə tanış olanda yuxarda qeyd etdiyi kimi ona bəlli oldu ki, İddiaçı tərəfindən aldadılmışdır. Sələmə verdiyi pulu ondan 3 qat almaq istəyir. Məhkəmədə iştirak edə bilmədiyi üçün həqiqətləri məhkəmənin nəzərinə çata bilmədiyindən barəsində əsassız qətnamə çıxarılmışdır. Məhkəmə iclasında cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, borcun etirafı müqaviləsi 2018-ci ilin dekabr ayında bağlanmışdı. O, hərbiçidir, kariyerasına görə bunu etmişdi. Aralarında olan borc məbləğini artıqlaması ilə qaytarmışdır. Məhkəmə iclasında cavabdehin vəkili X7 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan 22.12.2018-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 10000 (on min) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilə ilə müəyyən edilmiş müddətdə və şərtlərlə borcverənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Borclu bu müqavilə ilə etiraf etdiyi borcu 50 (əlli) ay müddətinədək hər ay 200(iki yüz) manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının(Mülki Məcəllə mad.882) şərtlərinə həmin hissədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh mövcud borcun etirafı haqqında müqavilədə nəzərdə tutulan məbləği artıqlaması ilə iddiaçıya qaytardığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqavilələri yaxud mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi aldığı pulu qaytardığını və ya borcu qalmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən mövcud borcun etirafı haqqında müqavilə bağlansa da cavabdeh həmin müqavilə üzrə pul almadığını və ya borcu qalmadığını bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, notariat qaydasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilə üzrə borcu olmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdehin həqiqətəndə mövcud borcun etirafı haqqında müqavilədə nəzərdə tutulan məbləğdə borcu olmasaydı bu barədə hansısa formada qeydiyyat da apara bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin cavabdehin izahatı borcun qaytarıldığını bilavasitə təsdiq etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1490/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar