Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-808/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qızına qarşı iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2859/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2018-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh Keşlə qəsəbəsində yaşayan İddiaçı xx.xx.2018-ci il tarixdə 4.000 manat məbləğində pul vəsaiti götürmüş və həmin vəsaiti 2020-ci ilin iyul ayında qaytarmağı öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.000 manat, əldən çıxmış fayda kimi 1.160 manat, hüquqi yardıma görə nümayəndə - vəkilə ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 72 manat olmaqla, cəmi 5.531 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə tanışlığı 2017-ci ilin sonlarında rəfiqəsi vasitəsi ilə olmuşdur. Qısa müddət tanışlıqdan sonra 2018ci ilin mart ayının əvvəllərində cavabdeh ona müraciət edərək borc pul istəmişdir. İddiaçı cavabdehlə olan səmimi münasibətləri və ortaq tanışlarının olmasını nəzərə alıb 2018-ci ilin mart ayının 22-də ona 4.000 manat məbləğində borc pul vermişdir. Qeyd edilən məbləğdə pulu almasına dair cavabdeh yazılı qəbz vermişdir. Təqdim edilən qəbzdə cavabdeh qeyd etmişdir ki, götürdüyü 4.000 manat pulu 2020-ci ilin iyul ayında qaytaracaq. Cavabdeh verdiyi qəbzdə qeyd etdiyi müddətin çoxdan keçməsinə baxmayaraq, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, götürdüyü 4.000 manat məbləğində pul borcundan heç nə qaytarmamışdır. Üzərinə götürdüyü öhdəliyini yerinə yetirmək barədə tələbi cavabdehə bilavasitə, istərsə də telefon danışıqları zamanı bildirsə də, cavabdehin borcunu tezliklə qaytarmasına dair verdiyi vədə baxmayaraq, sonradan vədinə əməl etməyərək borcunu qaytarmamışdır. 4.000 manat borc pul almasına və borcu tezliklə qaytarmasına dair cavabdehin öz xətti ilə yazılmış qəbzi və telefon səs yazıları mövcuddur. Cavabdeh müddət ərzində borcunu qaytarmaması iddiaçıya vurulmuş zərərlə nəticələnmişdir və hesab edir ki, borcla bərabər cavabdehin vurduğu zərər də məhkəmə qaydasında tutulub iddiaçıya verilməlidir. Cavabdeh verilmiş borc pulun 2020-ci ilin iyul ayında qaytarmalı olması nəzərə alındıqda əldən çıxmış fayda şəklində qeyd olunan 4.000 manat məbləğdə borc pula 4 il ərzində hesablanan faizlər nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə pul vəsaiti tutulmalıdır. Cavabdehin 4.000 manat borcu olduğunu və həmin məbləğdə borcu 4 il ərzində gecikdirdiyini və Mərkəzi Bankın hazırkı dövr üçün müəyyən etdiyi uçot faiz dərəcəsinin 7,25% olduğunu nəzərə almaqla əldən çıxmış faydanın 1.160 manat (4.000x7.25x4) olması məlum olur . Bundan başqa, cavabdehin borcun qaytarılması məqsədilə hüquqi yardım üçün nümayəndə - vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 71 manat məbləğində pul vəsaiti pozulmuş hüququ bərpa etmək üçün çəkilən xərclər kimi Cavabdeh tutulmalıdır. Beləliklə, Cavabdeh 4.000 manat əsas borc, 1.160 manat əldən çıxmış fayda, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsmı kimi ödənilmiş 72 manat, cəmi 5.531 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsinə dair məhkəmə qətnamə qəbul edilməlidir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə 2018-ci ilin mart ayında 4.000 manat borc verdiyini və cavabdehin götürülən pul vəsaitini 2020-ci ilin iyul ayında qaytarmağı öhdəsinə götürdüyünü iddia etsə də, iddiaçı ən geci 2023-cü ilin iyul ayınadək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2859/2024 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verdikdə, ərizənin əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddəti ötürülmüşdür.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da müqavilə tələbləri üzrə nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüş, habelə iddia müddətinin ötürülməsinin üzrlü səbəblərini əsaslandıra bilməməklə, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazılarından da görünür ki, cavabdeh iddiaçıya olan borcunu 2020-ci ildə qaytaracağı barədə götürdüyü öhdəliyini təsdiq etmişdir. Bu baxımdan hazırki mülki iş üzrə iddia müddətinin axımının 2020-ci ildən etibarən başlanıldığı bir daha təsdiq olunur.
8. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində 4.000 manat məbləğində borc üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini göstərsə də, iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair etirazını cavabdehin izahatını rəhbər tutmaqla, borc üzrə sonuncu dəfə ödənişin 2021-2022-ci illərdə edilməsi halı ilə əsaslandırmış və bununla da, iddia müddətinin axımının 2022-ci ildən etibarən hesablanmalı olmasını bildirmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə ərizənin əsaslılığı ehtimalı və iddia müddətinin ötürülmüş olması arqumenti nəzərə alınmadığı təqdirdə belə, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərini izahatı nəticəsində təkzib etməsi iddianın təmin olunmaması barədə məhkəmənin mövqeyini bir daha əsaslı etmiş olur. Çünki, iddiaçı borc üzrə heç bir ödəniş edilmədiyini bildirərək cavabdehin bu barədə mövqeyinə etiraz etsə də, yalnız iddia müddətinin tətbiq edilməsi hissəsində cavabdehin etirazındakı izahatını əsas tutmuş və iddia ərizəsində qeyd etdiyi dəlillərini təkzib etmişdir.
9. Bu baxımdan məhkəmə, mülki iş üzrə tərəflərin izahatları əsasında formalaşmış daxili inamını və qeyd olunan maddənin tələblərini rəhbər tutmaqla qeyd etmişdir ki, iddiaçının iddia müddətinin ötürülmədiyi ilə bağlı mülahizələrini (cavabdehin borc üzrə bütün ödənişi 2022- ci ildə ödəməsi barədə etirazının dəlilləri) əsas götürdükdə, iddia ərizəsində qeyd olunan dəlillərin əksinə, borcun mövcudluğu faktı təsdiq olunmadığı üçün iddia tələbinin təmin edilməməsi qənaəti hasil olur.
10. Məhkəmə, iddia ilə bağlı gəldiyi hər iki mühakiməni ümumiləşdirərək qeyd etmişdir ki, nə qədər ki cavabdehin borcu ödəməsinə dair etirazının dəlillərini təsdiq edəcək mötəbər sübutları yoxdur (borcun qaytarıldığını təsdiq edəcək sadə yazılı əlyazma), onda hesab olunmalıdır ki, iddiaçının borc olaraq verdiyi pul vəsaiti ona geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə iddia tələbini rədd edərkən, iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.
11. Göstərilənlərə və prosessual qənaət prinsipininə əsasən, iddia tələbi iddia müddəti ötürülməklə verildiyi, o cümlədən əsassız olduğu üçün məhkəmə qeyd olunan maddənin tələblərini, habelə əsas və əlavə tələblərin bir-birinə bağlılığını nəzərə almaqla, “əldən çıxmış fayda kimi 1.160 manat, hüquqi yardıma görə nümayəndə - vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin ödənilməsi” hissəsində iddia tələbinə hüquqi qiymət verilməsinə hər hansı zərurət görməmişdir. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 372.2, 373.2, 375.2, 382, 376, 385.1, 529.3, 739.1, 740.1, 740.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.2, 217.4, 217.5, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qəbz əsasında ondan götürdüyü pulu uzun müddət ərzində qaytarmamışdır. Bununla belə onunla daimi əlaqə saxlamış, hər dəfə borcun qaytarılmasına möhlət istəmiş, maddi vəziyyəti imkan verən kimi borcunu qaytaracağını bildirmişdir. Qeyd etdiklərinin sübutu kimi cavabdehin mobil telefonunun vatsap tətbiqi vasitəsi ilə gönədərdiyi səs yazısını məhkəməyə məhkəməyə təqdim etmişdir. Həmin səs yazısı 2024-cü ilin əvvəllərinə təsadüf edir. Həmin tarixdən əvvəl də cavabdeh eyni qaydada səsli mesajlar göndərmiş, görüşdüyü zaman da borcun qaytarılması üçün vaxt istəmişdir. Hər dəfə cavabdeh onu inandırmışdır ki, borcunu qaytaracaq. Bu səbəbdən o, tələblə bağlı iddia müddətinin ötürülməsini fikirləşməmişdir. İddia müddətinin buraxılmamasına dair digər sübut, iddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə cavabdehin nümayəndəsi ilə telefon danışığı zamanı borcu olduğunu etiraf etməsi və tezliklə qaytaracağı ilə bağlıdır. Belə ki, mülki iş üzrə ona hüquqi yardım göstərən nümayəndənin məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş səs yazısından açıq-aydın görünür ki, cavabdeh iddiaçıdan 4.000 manat məbləğində pul görürərək qaytaracağını vəd edir. Qeyd etdiyi kimi, 2020-ci ilin ortalarında onun Cavabdeh qarşı borc pul tələb hüququ yarandığı vaxtan etibarən o, daimi olaraq vədlər vermişdir ki, borcunu qaytaracaq. Həmçinin, ötən müddət ərzində onun cavabdehlə münasibətləri normal olmuş, onu aldadağını zənn etməmişdir. Lakin 2024-cü ilin martaprel aylarından şübhələri artdı və borc pulu qaytarmayacağına əmin oldu. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh tərəfindən hüququnun pozulduğunu 2024-cü ilin ortalarında bilmişdir. Mülki qanunvericilik iddia müddətinin axımının başlanmasını şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması ilə əlaqələndirdiyindən, belə hesab edir ki, hazırkı mübahisə üzrə iddia müddətinin axımı 2024-cü ilin əvvəllərindən başlanmışdır. Məhkəmə iddia ərizəsində qeyd edilənlərlə nümayəndənin məhkəmə iclasında səsləndirdiyi fikrləri arasında ziddiyyətin olmasını qeyd edib istinad etdiyi maddi hüquq normasını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə iclasının mülki işin materiallarına əlavə edilmiş audio-video səs yazmasından görünür ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin mövqeyinə münasibət bildirərkən məhkəmənin diqqətinə çatdırmışdır ki, iddia müddətinin keçməməsi həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə sübuta yetirilir. Cavabdeh mübahisə ilə bağlı məhkəmədə 3 fərqli mövqe nümayiş etdirmişdir. 1-ci mövqe – borcu var, ödəcəyini vəd edir. 2-ci mövqe – borc tam qaytarılmışdır. Bu fikrini məhkəməyə bildirərkən nümayəndənin və işə baxan hakimin müddətlərlə bağlı suallarını cavablandıran cavabdeh ona olan borcu 2021-2022, hətta 2023-cü ildə qaytardığını, 700 manat borcu qaldığını diqqətə çatdırmışdır. 3-cü mövqe – tələb üzrə iddia müddəti keçmişdir. Cavabdeh iddia tələbi üzrə 3 fərqli mövqe nümayiş etdirməsi borc üzrə ona heç bir məbləği ödəməməsi, məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması nəticəsinə gəlməyə heç bir əsas vermir. Cavabdehin məhkəmədəki izahatından və ona ünvanlanmış suallara cavablarından görünür ki, son dövrədək onunla borcun qaytarılmasına dair müzakirələr olmuşdur, hər dəfə onu inandırmışdır ki, borcunu qaytaracaq. Cavabdehin davranışı borc pul tələbi ilə bağlı iddia qaldırmaq hüququnun pozulmasına heç bir əsas verməmişdir. Odur ki, iddiaçının nümayəndəsinin iddia müddətləri ilə bağlı məhkəmə iclasında səsləndirdiyi fikirlə iddia ərizəsində ifadə olunan fikir arasında ziddiyyətin olmasını qeyd edən və bu ziddiyyətdən iddia müddətinin buraxılmış hesab edilməsi nəticəsinə gəlməsinə dair məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Məhkəmə işdəki aşağıdakı sübutlara düzgün qiymət verməmişdir: a) mobil telefon vasitəsi ilə, habelə vatsap tətbiqi üzərindən aparılmış səs yazılarına; b) tərəflərin məhkəmə iclasında verdikləri izahatlara. Məhkəmə sübutlara düzgün vermədiyindən sonda səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı: Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşdən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə 4.000 manat məbləğində borc vermiş, cavabdeh isə həmin məbləği 2020-ci ilin iyul ayında qaytarmağı öhdəsinə götürmüşdür.
26. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh borcla bağlı iddiaçıya ödənişlər edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçı tərəf də borc məbləğindən hər hansı ödəniş edildiyini qəbul etməmişdir.
27. Bundan başqa, iddiaçı tərəf iddia müddətinin axımının kəsilməsi ilə bağlı (cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri barədə), habelə cavabdehə öhdəliyin icrası üçün əlavə vaxt verdiyi barədə hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi danışıqlar isə 3 illik iddia müddəti keçdikdən sonra baş verdiyindən (2024-cü ildə), artıq bitmiş iddia müddətinin axımını kəsə bilməz.
28. Cavabdehin hazırkı mübahisə üzrə iddia müddətinin axımının 2024-cü ilin əvvəllərindən başlandığı ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir.
29. Tərəflər arasında borcun qaytarılması vaxtı 2020-ci ilin iyul ayı müəyyən edildiyindən iddia müddətinin axımı həmin vaxt başlamış və 2023-cü ilin iyul ayının sonunda bitmiş, iddiaçı isə hazırki tələblə məhkəməyə həmin müddət keçdikdən sonra müraciət etmişdir.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.
31. Mülki qanunvericiliyin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Belə olan halda, iddiaçının borca münasibətdə hesablanmış faiz tələbi də təmin edilə bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: