Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8086/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(004)- 1277/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1680 manat maddi zərərin və 30.40 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və "Xalq Sığorta” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(004)-1277/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən dəymiş ziyana görə 1356 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materialında olan “REAL MOTORS LTD” tərəfindən verilən qüsur aktından görünür ki, aktda imza, möhür yoxdur. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə avtomobilin təmirinə görə ödənişi təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “REAL MOTORS LTD” tərəfindən verilmiş qüsur aktında məbləğlər, olduğu kimi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyinə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “X3”in təqdim etdiyi qüsur aktından görünürki, hadisə nəticəsində “SEAT Leon”markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomobilə 230 manat məbləğində zərər dəymişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının iddia ərizəsinin təmin edilmiş hissədə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, “Seat Leon” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 28.11.2019-cu il tarixdə Cavabdeh1 etibarnamə əsasında özünün idarə etdiyi “Mercedes Benz C240” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək iddiaçının avtomobili ilə toqquşmuşdur. Buna dair 29.11.2019-cu il tarixli AP0137433 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29.11.2019-cu il tarixli inzibati xəta vermə haqqında qərar ilə Cavabdeh1 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat cərimə edilmişdir. “Real Motors LTD” tərəfindən tərtib olunmuş qüsur aktından müəyyən olunur ki, iddiaçının avtomobilinin iş haqqı daxil olmaqla 1680 manat məbləğində hissələrin dəyişdirilməsi müəyyən olunmuşdur. “X3” tərəfindən tərtib olunmuş, 10.09.2020-ci il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, avtomobilin təmiri üçün çəkilməli olan xərc 230 manat manatdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, iş materiallarında olan “Real Motors” LTD-nin 04.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Seat Leon” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1356 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsində İddiaçı məxsus Seat Leon minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları ilə öz təsdiqini tapır, avtomobilin Xalq Sığorta ASC təfəindən sığortalı olması onun nümayəndəsi tərəfindən mübahisələndirilmir və məhkəmə ekspert rəyi ilə müəyyən edilən ziyanı daha mötəbər hesab edir. Həmçinin məhkəmənin mövqeyinə görə, Cavabdeh1 avtomobilinin sığortaçısı Xalq Sığorta” ASC olduğuna görə digər cavabdeh K.M.Quliyvə münasibətdə iddia rədd edilməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən dövlət orqanlarına və sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə maddi ziyan vurulmuşdur. Cavabdeh1 idarə etdiyi “Mercedes Benz C240” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsitəsi "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Hazırkı iş üzrə mübahisə iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsidir. Bununla bağlı məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Real Motors” LTD-nin 04.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Seat Leon” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1356 manat təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(004)-1277/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8086/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8086/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver