Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8088/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Plotnikova Vera Petrovnanın nümayəndəsi və vəkili Ağayev Fuad Arif oğlunun iştirakı ilə, İddiaçı Plotnikova Vera Petrovnanın cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı notariat ofisi)qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1498/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Fuad Ağayev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Plotnikova Vera Petrovna cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdehlər tərəfindən onun mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması: boşaldılmış mənzillərin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanılmış və Bakı şəhəri 13 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 422.660 manat, mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiya iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki, 57 nömrəli evin 42 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Onun mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixdə verdiyi ÖM 223936 No-li qeydiyyat vəsiqəsi ilə təsdiq olunub. Onun mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər Kabinetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən onun mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir neçə il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilib. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkiblər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimlə şübhə yaratmayıb. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əli Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından xx.xx.2019-cu il tarixli, 764s nömrəli sərəncamı imzalayır. Həmin sərəncamın mətni ilə o, və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarında başlayaraq onun mənzili yerləşən yaşayış binasına başda Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayıl (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərinəvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildiriblər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətdədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən onun mənzillərini satmasını tələb ediblər. Sakinlər 3cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış yerlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 409 No-li “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 764s nömrəli “Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, ərizəçinin mənzili olan bina guya qəza vəziyyətdədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanması 2-ci cavabdehə həvalə edilib. xx.xx.2020-ci il tarixdə 58 No-li MİS-nin mühəndisi ultimativ şəkildə bildirib ki, o, ailəsi ilə birgə məcburi qaydada mənzilindən çıxarılacaq, çünki bina qəzalıdır və sökülməlidir. Bu zaman sonuncu ondan mülkiyyət hüququna dair sənədi və texniki pasportu tələb edib. xx.xx.2020-ci il tarixdə o, və oğlu Azərbaycan Respublikasının Prezidenti və Virinci Vitse-Prezidentinin adına teleqram göndərərək, düşdükləri vəziyyəti təsvir ediblər. 28 mart tarixdə Z.İsmayılov və onunla gələn şəxslər zorla onun mənzilinə daxil olmaqla cəhd göstəriblər. Martın 28dən mayın 1-nə qədər o, dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinə kömək üçün müraciət edib. Onun və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə onun evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin söküləcəyi ilə hədələyiblər. Onun tələblərinə baxmayaraq 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o, qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin o, və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti COVİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. xx.xx.2020-ci il tarixdə binaya sahə müvəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin mənzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. xx.xx.2020-ci il tarixdə onun evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən heç biri cavabdehlərlə razılığa gəlməmişdir. Aprelin 11-nə onun binası dağıdılma məqsədi ilə hasara alınıb. Aprelin 18-də 1-ci cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, onların cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1-ci cavabdehə, ondan isə baxılması üçün 2-ci cavabdehə göndərilib. Artıq aprel ayında onun binasına gələn su xətti cavabdehlər tərəfindən zədələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su, elektrik enerjisi,qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. “xxxxxxx MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən onun mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 217.431 manat olub. Aprelin 28-də 2-ci cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq kateqorik şəkildə onun 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Ona deyiblər ki, o, mənzilin satılmasına dair müqavilə bağlamasa, gecə vaxtı oğlu ilə birgə mənzilindən çıxarılacaq və ona əşyalarını götürmək imkanı belə verilməyəcək. Beləliklə, onun mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi, onun və oğlunun sağlamlığı və həyatı məmur özbaşınalığı səbəbindən real təhlükə altına alınıb. Cavabdehləri onun və başqa sakinlərin hüquqlarının mövcudluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binanı tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. Həmin vaxta binada cəmi 2 mənzil mülkiyyətçisi olub. xx.xx.2020-ci il tarixdə o, cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən suiistifadəsi, hədələrinin təsiri altında, mənzilini - yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN-İ ******* No-li daşınmaz əmlakın (mənzilinin) alğı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Göründüyü kimi, cavabdehlərin qanunsuz fəaliyyəti nəticəsində o, və ailəsi xeyli çətinlik və məşəqqətlərlə üzləşməsi olub. O, iradəsinə zidd olaraq, hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə nəticəsində özü və oğlunun həyatı və sağlamlığı üçün real təhlükə nəticəsində müqavilə bağlamağa məcbur olub. 22 ildən çoxdur ki, o, ailəsi ilə həmin mənzildə yaşayır. Beləliklə, qanunla nəzərdə tutulmuş 10% miqdarında kompensasiya ona verilməlidir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər, yəni birgə iddiaçılar, istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. O, hüquqi baxımından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (217.431 manat) 20%-ni 43.486,2 manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-i 21.743,1 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ona (217.431+43.486,2+21.743,1) 282.660,3 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, onun evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini o, 140.000 manat qiymətləndirir. Beləliklə, dəymiş maddi ziyana görə ona 422,660 manat ödənilməlidir. O, dəymiş maddi zərərin miqdarını 422.660 manat, mənəvi zərəri isə 100.000 manata uyğun hesab edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1498/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi və vəkili onun ləğv və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəməyə nümayəndələrini göndərmədiklərindən, işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 223036 №-li çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsində yerləşən 57 saylı evin 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə Plotnikova Vera Petrovnanın mülkiyyətində olmuşdur. İş üzrə Bakı şəhər 13 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Plotnikova Vera Petrovna mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsində yerləşən 57 saylı evin yaşayış sahəsi 43,51 kv.m., ümumi sahəsi 59,41 kv.m. (faktiki 75,0 kv.m.) olan 3 otaqlı 42 saylı mənzilini Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə 188.350 manata satmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Muradov Ruslan Nizami oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s saylı sərəncamına əsasən qeyd olunan binalardan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd olunan sərəncamın icrasını təmin edilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2019-cu il tarixli, 409 saylı sərəncam qəbul edilərək köçürmə komissiyası yaradılmış və hal-hazırda komissiya tərəfindən qəzalı vəziyyətdə olan yaşayış binalarda yaşayan sakinlərə ayrılmış vəsaitə uyğun olaraq kompensasiya ödənilməklə köçürmə işlərinə başlamışdır. İş üzrə “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən Plotnikova Vera Petrovnanın sifarişinə əsasən tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, ev 57 ünvanında yerləşən 3 otaqlı 42 saylı mənzilin xx.xx.2020-ci il tarixinə hesablanmış bazar qiyməti 217.431 manat və ya 1 kv.m. bazar dəyəri 3314 manat təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi, 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan qeyd olunan binalardan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, Plotnikova Vera Petrovna ilə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 ünvanda yerləşən, yaşayış sahəsi 43,41 kv.m., ümumi sahəsi 59,41 kv.m. (faktiki 75,0 kv.m.) olan 3 otaqlı 42 saylı mənzilinə dair xx.xx.2020-ci il tarixdə alqısatqı müqaviləsi bağlanılmış və həmin müqavilə Bakı şəhər 13 saylı notariat ofisində təsdiq olunmuşdur. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Kollegiya iddianın“maddi ziyanın tutulması” barədə hissəsinə dair aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçı maddi ziyanın nədən ibarət olmasını və cavabdehlərin hansı qanunsuz hərəkətlərindən irəli gəlməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmiş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddia tələbini “maddi ziyanın tutulması” hissəsində təmin etməmişdir. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1498/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8088/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8088/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver