Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8093/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 19.06.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən Yasamal rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 11.06.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 19.06.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə nikahı Yasamal Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 19.06.2014-cü il təvəllüdlü X3 ananın yanında qalması və 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə qətnaməsilə müəyyən olunmuş aliment uşağın heç bir tələbatını ödəmir. Hal-hazırda uşaq böyüdükcə onun tələbatı da artmaqda davam edir, daha çox vəsait tələb olunur. Cavabdehin maddi imkanı yaxşıdır. Eyni zamanda bir ata kimi övladının tələbatlarını ödəmək onun vəzifəsidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 28.09.2015ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə 19.06.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçı ilə birgə nikahlarından doğulmuş 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh olaraq Cavabdeh bir uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat pul sabit məbləğində almentin İddiaçı xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunur ki, guya onun qazancı yaxşıdır. Halbuki, onun nikahın pozulması vaxtdan bu günə qədər qazancında və yaxud gəlirlərində heç bir dəyişikliklər olmamışdır və hal-hazırda da, heç bir yerdə işləmir. Qətnamədə qeyd olunan 175 manat pul məbləği həddindən artıq çoxdur. Faktiki olaraq həmin məbləği ödəmək iqtidarında deyil. İddiaçı özü işləyir qazancı və gəliri normaldır. Lakin buna baxmayaraq bu günə qədər övladına maddi, mənəvi köməklilər etmiş, imkanı daxilində ona baxmışdır. Hazırda övladı üçün 120 manat məbləğində aliment ödəyə bilər. Ona görə də, hesab edir ki, qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, pandemiya ilə əlaqədar olaraq işlədiyi şirkət fəaliyyətini dayandırmışdır, hal-hazırda işsizdir. Hazırki vəziyyətdə qətnamə ilə müəyyən edilmişalimentin məbləğini ödəyə bilməyəcək, lakin ayda 120 manat alimentin ödənilməsi mümkündür. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsində 11.06.2013-cü il tarixdə, 655 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında qalması müəyyən edilmiş, 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan AR Səyiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-tədqiqat pediatriya İnstitu tərəfindən verilmiş 4 nömrəli, 18.05.2021-ci il tarixli arayışa əsasən İddiaçı klinikada konsultativ poliklinika şöbəsində tibb bacısı vəzifəsində çalışır və aylıq əmək haqqı 319 manat təşkil edir. Beləliklə hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Yasamal Rayon Məhkəməsi 28.09.2015-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 175 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladlanın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8093/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8093/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver