Məhkəmə qərarları › İş №2(103)-8096/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8096/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8096/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1359/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ilə ərizə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün 200 manat müəyyən edilməsi, eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar sərf etdiyi 120 manat pulun və hər ay müalicə xərci olaraq alimentin məbləğindən əlavə 100 manat pul vəsaitinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış nikah Səbail Rayon Məhkəməsinin 2(009)-3462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda uşağın yaşının və xərclərinin artması ilə əlaqədar olaraq aliment uşaqların saxlanılmasına çatmır, yaşayış minimumdan aşağıdır. Övladı Zeynəb göz xəstəliyi olan asteqmatizm və ambliopiyadan əziyyət çəkir. Müalicə xərclərini ödəmək üçün maddi vəsaiti yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1359/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1667/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcminin artırılaraq, hər uşaq üçün 170 manat (2 uşağa görə cəmi 340 manat) sabit pul məbləğində müəyyən edilməsi, həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi və əlavə xərclərlə bağlı hər uşaq üçün 170 manat (2 uşağa görə cəmi 340 manat) sabit pul məbləğində alimentdən əlavə olaraq xx.xx.2005-ci il təvəllüdlü X3 müalicəsi üçün hər ay 50 manat məbləğində alimentin Cavabdeh tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, övladı xx.xx.2005ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar sərf etdiyi 120 manat pulun cavabdehdən tutulub, ona verilməsi xahiş etmiş, həmin pulun sərf edilməsinə dair sübutlar təqdim etmişdir. Məhkəmə qətnaməsində bu tələbə heç bir münasibət bildirməmişdir. Heç bir yerdə işləmir və həmin məbləği də borc alaraq övladının müayinə və müalicəsinə sərf etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək, qətnaməni yalnız Zeynəb Hüseynovanın müayinə və müalicəsinə sərf etdiyi 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində mübahisələndirdiyini bildirdi. İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni yalnız əlavə xərc – uşağın müayinə və müalicəsinə sərf etdiyi 120 manat pula aid hissəsində mübahisələndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilərək, qətnamə qismən – iddianın təmin edilməyən xx.xx.2005-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar iddiaçının sərf etdiyi 120 manat pulun tələb edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Səbail Rayon Məhkəməsinin 2(009)-3462/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, məhkəmə tərəfindən həm çəkilmiş əlavə xərc, həm də çəkilməsi zəruri olan əlavə xərc valideynlərdən tutula bilər. İş materiallarında olan AMT klinikanın arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 mürəkkəb miopik astigmatizm, ambliopiya xəstəliyi mövcuddur və bununla əlaqədar mütəmadi kontrol baxış və müalicə olunmalıdır. Təqdim olunmuş sənədlərdən, həmçinin qəbzlərdən də görünür ki, onun müayinə və müalicəsinə 120 manat pul xərclənmişdir. Birinci instansiya məhkəməsi X3 müalicə olunmasını nəzərə alaraq 50 manat əlavə xərc tutulması qənaətinə gəlsə də, iddiaçı tərəfindən uşağın müalicəsi üçün çəkilmiş olan xərci nəzərə almamış və bu hissədə iddianı təmin etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslı olmamaqla işin həqiqi hallarına uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış - iddiaçının Zeynəb Hüseynovanın müayinə və müalicəsinə sərf etdiyi 120 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməklə, mübahisəli pul məbləği iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1359/2020 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən xx.xx.2005-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar iddiaçının sərf etdiyi 120 manat pulun tələb edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 müayinə və müalicəsi ilə əlaqədar sərf edilmiş 120 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar