Məhkəmə qərarları › İş №2(103)-8097/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8097/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8097/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-391/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1439,05 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 1469,05 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı X1 Departamentində qeydiyyatda olmaqla 23.10.2014-cü il tarixli, 18 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X1 Departamenti tərəfindən **********00000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin, tam ödəniş aparılmamışdır. Belə ki, Cavabdeh tərəfindən istifadə olunmuş təbil qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq 08.05.2020-ci il tarixə 1439,05 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”lərinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbli qazdan istifadəyə görə 1439,05 manat debitor borcu qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(003)-391/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Cavabdeh iddiaya etiraz edərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 23.10.2014- cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarından görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 1439,05 manat borc heaablanmışdır. Həmçinin saldodan görünür ki, borc 2016-cı il tarixə hesablanmışdır. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı nə iddia ərizəsində, nə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildikdən sonra apellyasiya şikayətində göstərdiyi hallara istinad etməmiş və şikayətə əlavə etdiyi sübutları təqdim etməmişdir. Həmçinin iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi iddia ərizəsinin mümkünlüyünün yoxlanılması zamanı deyil, məhz işə baxılanda cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi zaman yoxlanılır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Göründüyü kimi iddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ olsa da, tələb üçün qanunla müəyyən olunmuş üç illik iddia müddətini üzürsüz səbəbdən buraxmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-391/2021 saylı mülki iş üzrə qəbul etdiyi 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar