Məhkəmə qərarları › İş №2(103)-810/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-810/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən, həmçinin cavabdeh tərəfindən ayrı-ayrıqlıda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7057,80 manat (yeddi min səksən yeddi manat səksən qəpik) əsas borc, 6700,32 manat (altı min yeddi yüz manat otuz iki qəpik) faiz borcu, 5956,29 (beş min doqquz yüz əlli altı manat iyirmi doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1046,64 (min qırx altı manat altmış dörd qəpik) manat faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 051T07170050 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə 7057,80 manat əsas, 6700,32 manat faiz, 5956,29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1046,64 manat faiz borcu yaranmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 7057,80 manat (yeddi min əlli yeddi manat səksən qəpik) əsas borcun, 1906 manat (min doqquz yüz altı) faiz borcunun, 100 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun 20 manatının tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin “gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla faiz məbləğinin tutulması” hissəsinin təmin edilməməsi əsassızdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi 5956,29 manat cəriməni azaldaraq 100 manat etməsi ilə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa həmin maddə məhkəmə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi cərimə borcunu azaltması Mülki Məcəllənin 467-ci maddəsinin pozulmasına gətirib çıxarmışdır. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola biməzdi, iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi, bu səbəbdən onun faiz borcunu tələb etməsi əsassızdır. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır, iddiaçı 5000 manatdan yuxarı əvəzləşdirmə aparmış, cavabdehin əvəzinə kredit borcunu bağlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının, həmçinin cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 051T07170050 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin xx.xx.2021-ci il tarixli, **********410 saylı məlumatından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə 7057,80 manat əsas, 6700,32 manat faiz, 5956,29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1046,64 manat faiz borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, Cavabdeh 7057,80 manat (yeddi min əlli yeddi manat səksən qəpik) əsas borc, 1906 manat (min doqquz yüz altı) faiz borcu, 100 (yüz) manat cərimə borcu tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli, 9/1812 nömrəli rəyindən görünür ki, Cavabdeh müqavilə müddətinin bitdiyi 19 iyul 2018-ci il tarixə "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 6980,54 manat, faiz borcu üzrə 1177,97 manat, müqavilə müddətinin bitdiyi 19 iyul 2018-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək olan dövrdə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1019,93 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış kredit vəsaitini cavabdehə versə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam və vaxtında icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini əsaslı hesab edir, onun qeyrimötəbər olması ilə bağlı hər hansı şübhə mövcud deyildir. Ona görə də belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixli, 051T07170050 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 19 iyul 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borc üzrə 6980,54 manat, faiz borcu 1177,97 manat məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə məbləğinin tutulmasına dair hissəyə dair düzgün və ədalətli mövqeyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ deyildir, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 350 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmişdir. Mübahisəli kredit müqaviləsinin müddəti isə xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı tələbində faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı xx.xx.2017-ci il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı cavabdehdən hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı bank ləğv prosesində olmuş olsa da, tərəflər arasında bağlanmış kredit müqaviləsi 19 iyul 2018ci il tarixədək qüvvədə olmuşdur. Həmin bankın ləğv prosesində olsa da, icranın borclu tərəfindən gecikdirilmişdir, bunun nəticəsində kreditora zərər dəymişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən “icranın gecikdirilməsi ilə bağlı illik beş faiz məbləğinin tutulması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən illik 5 faiz hesablanmaqla 1019,93 (min on doqquz manat doxsan üç qəpik) manat faiz məbləğində pul tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh tərəf məhkəməyə apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Beləliklə, iddiaçının, həmçinin cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş “əsas, faiz və cərimə borcunun tutulan məbləği” hissəsində dəyişdirilməli, iddianın təmin edilməyən “icranın gecikdirilməsi ilə bağlı illik beş faiz məbləğinin tutulması” hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(009)- 2147/2021 saylı qətnaməsi iddianın təmin edilmiş “əsas, faiz və cərimə borcunun tutulan məbləği” hissəsində dəyişdirilsin. Cavabdeh 6980,54 (altı min doqquz yüz səksən manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 1177,97 (min yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) manat məbləğində faiz borcu, 350 (üç yüz əlli) manat məbləğində cərimə, cəmi 8508,51 (səkkiz min beş yüz səkkiz manat əlli bir qəpik) manat və ödənilmiş dövlət rüsümu olan 20 (iyirmi) manat tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə iddianın təmin edilməyən “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1046,64 (min qırx altı manat altmış dörd qəpik) manat faiz borcunun tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh illik 5 % hesablanmaqla 1019,93 (min on doqquz manat doxsan üç qəpik) manat faiz məbləğində pul tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı cavabdehdən, qalan 75 (yetmiş beş) manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar