Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2022 saylı 03 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin hallarından görünür ki, MMC xx.xx.2002-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə əsasə cavabdeh ekspeditor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir (əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş). MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ticarət nümayəndəsinin vəzifə öhdəliyi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh üzərinə digər vəzəfəlrələ yanaşı aşağıdakı vəzifə öhdəlikləri qoyulmuşdur: MMC-nin məhsullarının ərazilərdə satışını təşkil etmək, birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barədə (Şirkət tərəfindən qəbul olunmuş hesabat forması blanklarında) məlumat və hesabat vermək. Lakin, iddiaçı MMC tərəfindən belə hesabat forması blanklar məhkəməyə təqdim edilməmişdir. MMC tərəfindən hər ekspeditora ödəniş üçün kod verilir. Hazırki iş üzrə cavabdehə 8339 №-li kod açılmış və onun tərəfindən realizə edilən məhsulların ödənişi marketlər və digər alığılar tərəfindən həmin koda edilirdi. MMC tərəfindən xx.xx.2020-ci il tarixli üzləşmə aktı məhkəmə təqdim edilmişdir. Həmin üzləşmə aktında 61724 manat MMC üçün «debet», cavabdeh üçün «kredit» kimi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə 8339 nömrəli koda 3435,48 manat ödəniş edilmişdir (iddia tələbi bu əsasdan əzəldılmışdır)
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (sonradan - MMC) Cavabdeh qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 53527,60 manat və ödənilmiş 260,89 manat dövlət rüsumu alınaraq “Zəhmət Ruzi “ MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Əmək Müqaviləsi bağlanılmış və cavabdeh Cəmiyyətdə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin vəzifəsi Cəmiyyətdən ət və ət məhsulları qəbul etməklə məhsulları Bakı şəhəri ərazisində yerləşən bir çox marketlərə satmaq, satışdan əldə edilmiş vəsaiti Cəmiyyətin hesabına köçürmək olmuşdur. Cavabdeh Cəmiyyətdə xx.xx.2020-ci il tarixə kimi işləmiş, həmin tarixdə isə onunla bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bıı Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış Əmək Müqaviləsinə xitam verildikdən sonra cavabdehin fəaliyyəti və qalıq borcun müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış, xx.xx.2020-ci il tarixdə “Qarşılıqlı üzləşmə Aktı” tərtib edilmişdir, həmin vaxtı borclunun 61.724 manat borcun olması müəyyən edilmişdir. Cavabdeh həmin qarşılıqlı üzləşmə aktı imzalamışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 56.963,08 manat məbləğində yekun borc qalıq qalmışdır. Bu barədə cavabdehə məlumat verilmiş, dələlərlə zəng edilmiş, ona yazılı pretenziya göndərilmiş, lakin cavabdeh Cəmiyyətə olan borcunun ödənilməsini təmin etməmişdir. Cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyanın keçirilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkün olmamışdır.
4. Tələbin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, "xxxx" MMC Cavabdeh 56963,08 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh borcunda azalmalar müşahidə edilmişdir, belə ki, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan, silinmələr və zərərlər çıxıldıqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarılmış və məlum olmuşdur ki, cavabdehin yekun borcu 53527,60 manat təşkil edir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın rədd edilməsi, ödənilmiş 260,89 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1, 194. 1, 194.2, 199, 202 və 296.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməəsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
12. Maddə 191.1 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
13. Maddə 194.1 ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
14. Maddə 194.2 ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
15. Maddə 199 işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
16. Maddə 202.1 işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
17. Maddə 296.5 işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 78.1. sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
21. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
22. Maddə 81 qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
32. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
33. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir. Kollegiya qeyd edir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Kollegiya sübutetmə yükünün məhz kimin üzərində olmasının müəyyənləşdirilməsinin zəruri olduğunu hesab edir. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan, silinmələr və zərərlər çıxıldıqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarılmış və məlum olmuşdur ki, cavabdehin yekun borcu 53527,60 manat təşkil edir.
35. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İddiaçı tərəfindən ziyanı təsdiq edən sübut kimi yalnız xx.xx.2020-ci il tarixli üzləşmə aktı təqdim edilmişdir. Lakin həmin üzləşmə aktında göstərilən məbləğ məhz cavabdeh tərəfindən borcu təsdiqləyən akt kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, borc məbləği «debet» və « kredit» kimi qeyd edilmişdir. Cavabdehin izahatına əsasən həmin məbləğ alıcılar tərəfindən geri qaytarılan məhsulun dəyəridir.
36. Yuxarıda qeyd edildiyi kimi, vəzifə təlimatına əsasən Şirkət tərəfindən qəbul olunmuş hesabat forması blanklarında hər gün hesabatlar təqdim edilməli idi. lakin, belə hesabat forması blankları MMC tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə, yəni cavabdeh artıq işləmədiyi tarixdə, iddia tələbinin azaldılmasına səbəb olan cavabdehin adına olan 8339 nömrəli koda edilmiş 3435,48 manat ödəniş bir daha həmin borcun cavabdehə aid olmamasına dəlalət edir.
37. Göründüyü kimi, hazırki, halda iddiaçı MMC cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübut edə bilməmişdir.
38. Kollegiya cavabdeh tərəfindən iddia müddətinin tədbiqi barədə ərizə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
39. Yuxarıda qeyd edildiyi kimi, üzləşmə aktı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, iddiaçı isə məhkəməyə 2 il sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
40. Göründüyü kimi, iddiaçı hazırkı tələblə müraciət etmək hüququnu da itirmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3576/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.