Məhkəmə qərarları › İş №2(103)-810/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-810/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-810/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2(011)-5310/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 1017/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X7 və X8 qarşı, mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb olunmaqla, “müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılması və ya pulun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qismən 28.380 ABŞ dolları və 2.838 ABŞ dolları pul tələbinin rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddia tələbi qismən tələb təmin olunmuş, 17.700 ABŞ dolları və həmin pulun gecikdirilməsinə görə 1.770 ABŞ dolları, cəmi 19.470 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla X4 alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 555/2024 saylı qərarından görünür ki, cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 15 sentyabr 2023-cü il tarixli 2(103)-5319/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində dəyişdilmədən saxlanılması qərara almışdır. Eyni zamanda əvvəlki çəkişmə zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət olunmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(005)-79/2023 saylı qərardadından görünür ki, e-2(005)-1017/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək “Lexus LX570” markalı, JTJHY00W904084230 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(005)- 79/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-79/2023 saylı qərardadından cavabdeh X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-190/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh X10 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(005)-79/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(005)- 79/2023 saylı qərardadından görünür ki, maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş müvəqqəti təmin tədbirinin ləğvi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(005)- 79/2023 saylı qərardadından görünür ki, maraqlarına toxunulan şəxs İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş müvəqqəti təmin tədbirinin ləğvi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2309/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 5000 ABŞ dolları behin iki misli olan 10.000 (on min) ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınıb iddiaçı X5 verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pulun alınıb iddiaçı X5 verilməsini qət etmişdir. Hazırda İddiaçı özünün üçüncü şəxs kimi cəlb edildiyi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X6 və X8 qarşı “müqavilənin ləğv edilməsi, əmlakın iddiaçının mülkiyyətinə geri qaytarılması və ya pulun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə baxılarkən “Lexus LX570” markalı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi nəticəsində ona dəymiş zərərin cavabdehlərdən tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.000 ABŞ dolları (8.500 manat) və 141 manat beh müqaviləsi ilə ödənilmiş zərərin, qaldırılmış iddiaya görə vəkilə ödənilmiş 220 manat məbləğinin, müvəqqəti təminat tədbiri barədə qərardaddan edilmiş şikayətlərə görə ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 100 manat məbləğinin, hazırki iddianın qaldırılması üçün vəkilə ödənilmiş 320 manat olmaqla, cəmi 9.281 manat pul məbləğinin və 124 manat dövlət rüsumunun, mənəvi zərərə görə 2.000 manat məbləğinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X8 və X6 qarşı pul tələbi və avtomobilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək 28.380 ABŞ dolları və 2 illik 5 faiz dəbbə pulu-2.838 ABŞ dolları olmaqla, cəmi 31.210 ABŞ dollarına ekvivalent olaraq 53.057 manatın müştərək qaydada cavabdehlər X10 və X3 tutularaq iddiaçılara ödənilməsi və ya “Lexus LX570” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin satılmasına dair xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilərək avtomobilin iddiaçıların mülkiyyətinə qaytarılması barədə qətnamənin qəbul olunmasını xahiş etmiş, həmin mülki işin gedişində iddiaçının mülkiyyətində olan “Lexus LX570” markalı, 99-RU- 989 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə verilmiş, Nərimanov Rayon Məhkəməsinin e 16(005)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, e 2(005)-1017/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək “Lexus LX570” markalı, JTJHY00W904084230 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qərara alınmışdır. İddiaçı cavabdehlərin əsassız iddiaları səbəbindən həmin mülki işdə vəkil tutmuş, bu səbəbdən pul ödəməli olmaqla yanaşı həmin dövrdə ailə ehtiyacları üçün avtomobilini satmaqla bağlı bağladığı beh müqaviləsinə görə aldığı pul qarşılığında avtomobili sənədləşdirə bilmədiyindən avtomobili satmaqla bağlı beh müqaviləsi bağladığı şəxsin iddiaçını məhkəməyə verməsi səbəbindən məhkəmə qətnaməsi ilə ona iki qat pul qaytarmalı olmuşdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2309/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 5.000 ABŞ dolları behin iki misli olan 10.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı alınıb iddiaçı X5 verilməsi, ödənilmiş dövlət rüsumunun ona aid edilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pulun alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Cavabdehlərə ailə ehtiyacları səbəbindən avtomobili təcili satmalı olduğunu və həbs səbəbindən sata bilmədiyindən, həbs qərardadından şikayətlərin təmin edilmədiyindən yalnız özlərinin həbs qərardadını ləğv edə biləcəyindən həbsin götürülməsini xahiş etsə də, xahişini yerinə yetirməmiş və iddiaçıya xeyli maddi və mənəvi zərər vermişdirlər. Belə ki, iş üzrə yekun məhkəmə qətnaməsi ilə iddiaçının avtomobilinin alqı-satqısı ləğv edilməməklə yanaşı, nə ondan, nə də avtomobilini aldığı adamdan pul tutulmamışdır. Cavabdehlərin iddia ərizəsindən və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən də göründüyü kimi cavabdehlərin bütün iddiaları Zaur Xıdırovun onları aldadaraq qəzalı avtomobil satması və həmin alqı-satqı ilə bağlı yaranmış narazılıq olduğu halda onlar əsassız olaraq iddiaçının avtomobilini bir ilə yaxın müddətdə satmağına və mülkiyyət hüququnu həyata keçirməyə əsassız mane olmuş və bu səbəbdən ona xeyli maddi və mənəvi zərər vurmuşdurlar. Belə ki, iddiaçı həm həmin mülki işin gedişində vəkilə pul ödəməli olmuş, həm ailə ehtiyacları üçün avtomobilin satılmasına görə bağladığı beh müqaviləsinə görə iki qat pul ödəməli olmuş, həm dövlət rüsumları ödəməli olmuş, həm də bu səbəbdən xeyli stress çəkməklə mənəvi zərərə uğramışdır. Onların iddiaçıya vurduqları zərər aşağıdakılardır: 1. 5000 ABŞ dolları aldığı behə görə əlavə qaytardığı zərəri və 141 manat iddiaçıya ödədiyi dövlət rüsumunu, 2. Cavabdehlərin qaldırdıqları iddiaya görə Nərimanov Rayon və Bakı Apellyasiya məhkəməsində təmsil olunmağı üçün vəkilə ödədiyi 220 manat, 3. Müvəqqəti təminat tədbiri barədə qərardaddan etdiyi şikayətlərə görə ödədiyi dövlət rüsumlarının əvəzi kimi 100 manat, 4. Hazırki iddianın qaldırılması üçün vəkilə ödədiyi 320 manat və 120 manat dövlət rüsumu olmaqla ümumilikdə 9.401 manat maddi zərər və 2.000 manat mənəvi zərər. İddiaçı onu da qeyd edir ki, bu hadisələr zamanı onun səhhətində xeyli problem yaranmasından əlavə, ailəsində baş vermiş qəzaya görə qarşı tərəfə vurduqları zərərləri ödəmək üçün vacib pul lazım olduğundan mülkiyyətində olan avtomobili sata bilməmiş xeyli sarsıntı keçirməklə yanaşı xeyli borca və maddi zərərə uğramışdır. Cavabdehlər isə bu zərərləri ödəməkdən imtina etdiyindən o, Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin zərərlərin məhkəmə qaydasında alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2(011)- 5310/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, Nərimanov Rayon Məhkəməsində baxılan mülki iş üzrə mübahisənin predmeti olan “Lexus LX570” markalı avtomobilin satılmasına dair müqavilənin etibarsızlığı və həmin avtomobilin geri qaytarılmasına dair iddia tələbləri irəli sürülmüş və buna müvafiq olaraq müvəqqəti təminat tədbiri görülmüşdür. Müvəqqəti təminat tədbirinin məhkəmə tərəfindən tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən mübahisə müddətində mübahisə predmetinin qorunub saxlanılması və iddianın təmin edildiyi təqdirdə maraqlı şəxslərin hüquqlarının pozulmasının aradan qaldırılmasından ötrü müvəqqəti təminat tədbiri qismində mübahisəli əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlərin törətdikləri qanun pozuntusuna (pozuntularına) görə iddiaçıya maddi və mənəvi zərərin vurulması öz təsdiqini tapmadığından, məhkəmə hesab etmişdir ki, iddia tələbləri həm maddi, həm də mənəvi zərərin vurulması hissələrində təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş bütün sübutlarla cavabdehlərin iddiaçıya vurduğu maddi və mənəvi zərər tam sübuta yetirildiyi halda məhkəmənin iddianı rədd etmək barədə gəldiyi nəticəsi tam qanunsuz, əsassız və qərəzlidir. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edildiyi halda iddiaçı ona dəymiş zərəri istəməkdə tam haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qətnamələrdən də göründüyü kimi, heç bir halda iddiaçı nə İddiaçı onu aldatdığını, nə də İddiaçı avtomobili aldığı digər cavabdehin onu aldatmadığı halda qeyd edilən avtomobilin iddiaçıya satıldığı vaxt guya aldadıldığına istinad etməklə ondan pul tələb etmiş, formal olaraq ötəri avtomobilə dair alqı-satqı müqaviləsinin də ləğvini xahiş etmişdir. Belə ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X7 və X8 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb olunmaqla, 28380 ABŞ dolları və 2 illik 5 faiz dəbbə pulu- 2838,00 ABŞ dolları olmaqla, cəmi 31210 ABŞ dollarına ekvivalent olaraq 53057 Azərbaycan manatının müştərək qaydada cavabdehlər X10 və X3 tutularaq iddiaçılara ödənilməsi və ya “Lexus LX570” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin satılmasına dair xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilərək avtomobilin iddiaçıların mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qətnamədən də, həmin iş üzrə iddiaçıların iddiasından da göründüyü kimi onlar yalnız avtomobili alarkən aldadıldığını iddia etmiş və əsas məqsədləri pul və maddi zərər, dəbbə pulu və s. tələbi olmuşdur. Bununla yanaşı iddia tərtib edilərkən belə avtomobilin ayrı-ayrı şəxslərə satıldığı iddiaçılara məlum olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı həm cavabdehdə həm də digər şəxslərdə olan əmlakın üzərinə həbs qoydura bilir ki, məhz bu həbsin əsassız qoyulması nəticəsində də vurulmuş zərərin ödənməsini tələb etmək haqlı olduğu halda məhkəmə qanunsuz olaraq iddianı rədd etmiş və bunu yalnız qeyd edilən mülki iş üzrə iddianın sırf ona yönəlmədiyi və üçüncü şəxs olması ilə əlaqələndirmişdir. Halbuki MPM-in tələbində qanunsuz, əsassız həbsin nəticəsində mülkiyyətçiyə dəymiş zərəri tələb edə bilmək hüququ tam təsbit edilmişdir ki, hazırki iş üzrə də mülkiyyətçinin öz mülkiyyətində olan əmlakı sata bilməməsinə görə vurulmuş zərər işin bütün sübutları ilə tam təsdiq edilmişdir. Göründüyü kimi, iş üzrə cavabdehlərin iddiaçıya vurduğu zərər tam sübuta yetirildiyi, cavabdehlərin avtomobilin İddiaçı satılması ilə və ya digər şəxsə satılması ilə bağlı heç bir qanunsuz alqısatqı olduğunu sübut edə bilməməsinə, iddialarının bütün əsasını pul tələbi təşkil etdiyini apellyasiya məhkəməsində pulun tutulmasından sonra Ali Məhkəməyə kassasiya şikayəti verməmələri də tam sübut etdiyi halda məhkəmə bu kimi hallara əhəmiyyət belə verməmiş, bu ziddiyətləri araşdırmamış, yalnız iddiaçının üçüncü şəxs olduğu əsası ilə iddianı rədd etmişdir. Halbuki iddiaçı qeyd edilən avtomobilin satılmasına məcbur olduğuna görə dəfələrlə ərizə və şikayət verməklə cavabdehlərin həbsin götürülməsini xahiş etsə də, apellyasiya məhkəməsinin qətnaməsində şikayət vermədikləri halda belə həbsi götürtməmişlər. Çünki pul tələbi təmin edildikdə və avtomobilin mülkiyyətçisi olmayan şəxsdən pul tutulmadığı halda həbsin saxlanılması da məhz cavabdehlərin öz qanunsuz əməllərinin davamıdır. Pul tutulan şəxsin pulu ödəmədiyi təqdirdə belə heç bir halda avtomobilə yönəldilmə olmayacağı tam aydın olsa da cavabdehlər bu həbslə iddiaçıya zərər verməkdə israrlı olmuş, məhkəmə isə bu hallara əhəmiyyət belə verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsində baxılan mülki iş üzrə mübahisənin predmeti olan “Lexus LX570” markalı avtomobilin satılmasına dair müqavilənin ləğvi, həmin avtomobilin geri qaytarılmasına dair iddia tələbləri irəli sürülmüş və buna müvafiq olaraq müvəqqəti təminat tədbiri görülmüş, e-2(005)-1017/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alanadək “Lexus LX570” markalı, JTJHY00W904084230 ban nömrəli, ******* mühərrik nömrəli 2012-ci il buraxılışlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin əsassız iddiaları səbəbindən həmin mülki işdə vəkil tutmuş, bu səbəbdən pul ödəməli olmaqla yanaşı həmin dövrdə ailə ehtiyacları üçün avtomobilini satmaqla bağlı bağladığı beh müqaviləsinə görə aldığı pul qarşılığında avtomobili sənədləşdirə bilmədiyindən avtomobili satmaqla bağlı beh müqaviləsi bağladığı şəxsin iddiaçını məhkəməyə verməsi səbəbindən məhkəmə qətnaməsi ilə ona iki qat pul qaytarmalı olmasını göstərsə də, iş materiallarından görünür ki, qeyd edilən iş üzrə yekun nəticə olaraq 17.700 ABŞ dolları və həmin pulun gecikdirilməsinə görə 1.770 ABŞ dolları, cəmi 19.470 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla X4 alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası məhkəmə tərəfindən mübahisə müddətində mübahisə predmetinin qorunub saxlanılması və iddianın təmin edildiyi təqdirdə maraqlı şəxslərin hüquqlarının pozulmasının aradan qaldırılmasından ötrü müvəqqəti təminat tədbiri qismində mübahisəli əmlakın özgəninkiləşdirilməsi qadağan edilməsinin qanunsuz olması iş materialları ilə öz təsdiqini tapmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yanaşı hesab edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbləri həm maddi, həm də mənəvi zərərin vurulması hissələrində təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, istinad olunan maddələrin tələbləri baxımından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, e-2(011)- 5310/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar