Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8100/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın Qaz emalı zavodunun Cavabdeh MMC-nin rəhbəri X2 qarşı “pozulmuş əmlak hüquqlarının bərpa edilməsi və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(003)-2247/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın Qaz emalı zavodu Cavabdeh MMC-nin rəhbəri X2 qarşı pozulmuş əmlak hüquqlarının bərpa edilməsi və zərərin ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı SOCAR-ın Qaz emalı zavodu iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək iddia predmeti üzrə (Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki daşınmaz əmlak 161 saylı mağaza) müəyyən hərəkətlərinin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(003)-2247/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(003)-2247/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(003)-2247/2021 saylı qərardadından iddiaçının verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı SOCAR-ın Qaz emalı zavodunun apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayət SOCAR-ın Qaz emalı zavodunun baş mühəndisi C.Pirməmmədov tərəfindən imzalanmış, lakin iş materiallarında onun şikayəti imzalamaq səlahiyyətini təsdiq edən hər hansı hüquqi akt (daxili əmr, etibarnamə və s.) aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Bundan başqa məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanması məsələsi və işin məhkəmə aidiyyatı məsələsi araşdırılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddia ərizəsi SOCAR-ın Qaz emalı zavodu baş mühəndis C.Pirməmmədov tərəfindən imzalansa da, onun iddia ərizəsini imzalamağa səlahiyyətinin olub-olmaması iş materiallarından müəyyən edilir. Həmçinin, mübahisənin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin mülki və ya kommersiya xarakterli olmasını nəzərə alaraq, işin məhkəmə aidiyyəti məsələsi müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(003)-2247/2021 saylı qərardadından iddiaçı SOCAR-ın Qaz emalı zavodu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8100/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8100/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver