Məhkəmə qərarları › İş №2(103)-8104/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8104/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8104/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 cəmi 7166.12 manat məbləğində kredit borcunun (bundan 3389.65 manat əsas, 2429.92 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1346.55 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun) tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (br.üzük sırğa dəst 750 əyyar - 1 dəst, üzük sırğa dəst mirvari 750 əyyar - 1 dəst, üzük sırğa dəst 750 əyyar - 1 dəst, br.nişan üzüyü 750 əyyar - 1 ədəd, sırğa 750 əyyar - 2 cüt, tros boyunbağı 583 əyyar - 1 ədəd, boyunbağı klon - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-1878/21) iddia qismən təmin edilərək cavabdeh X2 3389.65 manat əsas borc, 2429.92 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 1346.55 manat faiz və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 7196.12 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin 07.09.2009-cu il tarixli 02 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş əmlaklara yönəldilməsi, həmin əşyaların açıq hərracdan satılması, realizə edilmiş əşyaların dəyərindən əldə edilmiş vəsait hesabına borcun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 07 sentyabr 2009-cu il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədi ilə cavabdehə 9 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 4400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 07 iyun 2010-cu il tarixli 02 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti 07 mart 2011-ci il tarixədək, 09 mart 2011-ci il tarixli 02 saylı əlavəyə əsasən 09 dekabr 2011-ci ilədək və 30 dekabr 2011-ci il tarixli 03 saylı əlavəyə əsasən 30 dekabr 2012-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq 07.09.2009-cu tarixli girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus olan qızıl-zinət əşyaları (br.üzük sırğa dəst 750 əyyar - 1 dəst, üzük sırğa dəst mirvari 750 əyyar - 1 dəst, üzük sırğa dəst 750 əyyar - 1 dəst, br.nişan üzüyü 750 əyyar - 1 ədəd, sırğa 750 əyyar - 2 cüt, tros boyunbağı 583 əyyar - 1 ədəd, boyunbağı klon - 1 ədəd) girova qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 25 may 2017ci il tarixli və 25.09.2020-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin kredit üzrə borcu cəmi 7166.12 manat təşkil edir. Bundan 3389.65 manat əsas borc, 2429.92 faiz borcu və 1346.55 manat müqavilə müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcudur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, o, iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin dəftərxanasına ərizə ilə müraciət etsə də, həmin ərizə işə baxan məhkəməyə təqim edilməmiş və iş materiallarına əlavə olunmamışdır. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq edilməmişdir. Ona görə qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, İddiaçı ASC-nin Səbail filialı ilə X3 arasında bağlanmış 07.09.2009cu il tarixli kredit müqaviləsinə əsasən Bank kredit alana 9 ay müddətinə, illik 30 % hesabı ilə 4400 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış 07.09.2009-cu il tarixli 02 saylı girov müqaviləsinə əsasən borc alan kredit müqaviləsinin təminatı olaraq 4500 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymuşdur. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilmədiyini əsas gətirərək hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi 31 mart 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İddiaçının tələbi cavabdehdən cəmi 7166.12 manat məbləğində kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq təmin etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmənin dəftərxanasına müraciət etsə də, həmin ərizə işə baxan məhkəməyə təqdim edilməmiş və iş materiallarına əlavə olunmamışdır. Cavabdeh 03.05.2021-ci il tarixli həmin ərizənin surətini apellyasiya şikayətinə əlavə etmişdir. AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan müəyyən olunur ki, 2(003)- 1878/2021 saylı mülki iş üzrə 04.05.2021-ci il daxil olma tarixli, “qeydiyyata alındı” statuslu sənəd mövcuddur, lakin texniki cəhətdən həmin sənədə baxış keçirmək qeyri-mümkündür. Xəzər Rayon Məhkəməsi məhkəmə kollegiyasının sorğusuna əsasən “qeydiyyata alındı” statuslu sənədin iddia müddətinin tətbiqi barədə ərizə yox, məhkəmə bildirişi olduğunu bildirmişdir. Nəticə etibarilə, cavabdehin birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edib-etməməsini dəqiq müəyyən etmək mümkün olmadı. Buna baxmayaraq, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya şikayətinə əlavə olunduğunu, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmədiyini və bu baxımdan hüquqlarını müdafiə etmək imkanından məhrum olduğunu, eləcə də hazırkı iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini nəzərə alaraq hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə qəbul edilməli, mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq olunmalı və iddia tələbi göstərilən əsasla rədd edilməlidir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdeh 04 may 2021-ci il tarixli məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak etməyəcəyi barədə ərizə vermiş və məhkəmə iclası 27 may 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə mübahisələndirilən qətnamənin çıxarıldığı 27 may 2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərsə də, iş materiallarında həmin bildirişin cavabdehə rəsmi qaydada çatdırılmasını təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi 07 sentyabr 2009-cu il tarixdə bağlanmış və həmin müqavilənin müddəti sonuncu dəfə uzadıldığı 30 dekabr 2012-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti 30 dekabr 2015-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası barədə iddia tələbi ilə 31 mart 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin sonuncu dəfə 26.02.2016-cı il tarixdə ödəniş etməsini təsdiq edən hesabdan çıxarış təqdim etmişdir. Əvvəla, həmin tarixədək iddia müddəti artıq buraxılmışdı. Digər tərəfdən, 26.02.2016-cı il tarixdə ödəniş edilməsi nəzərə alınmış olsa belə, iddia müddəti yenə də 26.02.2019-cu il tarixdə bitmiş olardı. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir, lakin məlum olmayan səbəblərdən həmin ərizə üzrə qeydiyyat aparılmamış və iş materiallarına əlavə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddiamüddətitətbiqedilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar