Məhkəmə qərarları › İş №2(103)-8105/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8105/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8105/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İB-nin ilk iddia ərizəsində tələb olunub ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7.464,05 manat pul zərərin əvəzi kimi tutulsun. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 7.464,05 manat borc silinsin. Qətnamə ilə ilk və qarşılıqlı iddialar qismən təmin olunub. Qət olunub ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 328,60 manat pul tutulsun, 7.135,45 manat borc silinsin. İlk və qarşılıqlı iddiaların qalan hissəsi rədd olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə tam ləğv olunsun, ilk iddia tam təmin olunsun, qarşılıqlı iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Mübahisə cavabdehə aid olan, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 56 nömrəli evdə təbii qazdan istifadə ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşularaq qazdan qeyri-qanuni istifadə edib. İddiaçı bununla bağlı 32 akt tərtib edib, ilk akt 22.04.2016-cı il tarixində, sonuncu akt isə 30.12.2019-cu il tarixində tərtib edilib. İtirilmiş qazın dəyəri, yəni zərərin məbləği (7.464,05 manat) həmin aktlara əsasən hesablanıb. Birinci instansiya məhkəməsi düzgün olaraq ilk akta, yəni 22.04.2016-cı il tarixli akta əsasən hesablanmış məbləğin (328,60 manatı) zərərin əvəzi kimi tutulmasını, qalan aktlara əsasən hesablanmış məbləğin (7.135,45 manatın) isə silinməsini qət etmişdir. Məhkəmə hesab etmişdir ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkil ilk akta aiddir, bütün aktlar üzrə həmin fotoşəkilə istinad oluna bilməz. Bu, düzgün mövqedir. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilməyib. Həmin aktlar isə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları İddiaçı İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni 22.04.2016-cı il tarixli aktın tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin (328,60 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 7.135,45 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquq pozuntusu) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti dəfə hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin “Azərqaz” İB 5 il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaratmışdır. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar