Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8105/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: borc pulun tutulması tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 saxlanc (sandıqxana) yerini 1500 manata İddiaçı satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2000 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlt rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayının 15-də cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, 9 “F” saylı 0,0241 ha ölçüsündə torpaq sahəsini ona 41000 manata alqı-satqı müqaviləsinə əsasında qanunla müəyyən edilmiş qaydada satmışlar. Onun hazırda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquq qeydə alınmışdır. Hazırda o torpaq sahəsində, 3 otaq və mətbəxdən ibarət ev tikmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsasları olmadan onun ev tikməyinə, yəni mülkiyyət hüququnu həyata keçirilməsinə imkan vermirlər. O tikir, onlar isə evin ətrafındakı hasarı sökürlər. Bundan başqa Cavabdeh2 ona təklif elədi ki, özlərinə məxsus əl otağını da satır. O razılaşdı 2021-ci ilin iyun ayının 10-da Binə qəsəbəsində cavabdehin tibb bacısı işlədiyi Poliklinikada 3-cü mərtəbədə 1500 manat pul aldı, özü və yazılı qəbz verməklə imza atdı. Hazırda o, əl otağını ona vermir və pulunu da qaytarmır, digər cavabdeh isə üstəlik ona baçaq nümayış etdirməklə hədə-qorxu gəlir, hətta onu bıçaqla vurmaq istəmiş, həmin anda evdə işləyən usta onun əlindən bıçağı almışdır. Bu hadisə ilə bağlı Xəzər rayonu, 3-cü Polis Bölməsində araşdırma aparılır. Bundan əlavə cabadehlər hasarı sökməklə, darvazanı, qumu aparmaqla ona 500 manat maddi ziyan vurmuşlar. Beləliklə, o cavabdehlərdən 2000 manat pul tələb edir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, torpaq sahəsini Elxan adlı şəxs vasitəsi ilə tapmışdıq. Belə ki, Elxan demişdir ki, bacısı 45000 manata torpaq sahəsi satır, onlar torpaqğa baxdıqdan sonra həmin torpaqğın 41000 manata satılması ilə bağlı razılıq əldə edilmişdir. Həmçinin mülki iş üzrə digər Cavabdeh2 saxlanc yerinin 1500 manata satılmış və Abutalıb tərəfindən tikiliyə görə 1500 manat ödənilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın qismən təmin edilməsi, 1500 (bir min beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manatın, ümumilikdə 1540 (bir min beş yüz qırx) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aradan qaldırılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 152.1, 157.4, 386.1, 1091, 1092.1, 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin sentyabr ayında özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi 9F saylı 0,0241 ha ölçüsündə torpaq sahəsini iddiaçıya 45000 manata satmağı təklif etmiş, iddiaçı söhbət əsnasında bildirmişdir ki, onun 41000 manat pulu vardır. Aralarında olan razılığa əsasən əgər o, 41000 manat pulu birdəfəlik ödədiyi halda cavabdeh ondan qalan 4000 manat pulu tələb etməyəcək. İddiaçı cavabdehin bu təklifilə razılaşmışdır. Amma alqı-satqı aparıldığı vaxtı iddiaçı ona ödəməli olan 41000 manatı hissə-hissə ödədiyi üçün yəni 8 aya ödədiyi üçün cavabdeh iddiaçıya bildirmişdir ki, iddiaçı ona 4000 manat pulu da ödəməlidir. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Arada 3-4 ay keçmiş iddiaçı ona heç nə demədən həyat yoldaşının işlədiyi 29 saylı xəstəxanaya gedərək həyat yoldaşına 1000 manat pul vermişdir. Həyat yoldaşı ona zəng edərək bildirmişdir ki, 1000 manat pul almışdır. O həyat yoldaşına bildirmişdir ki, 1000 manat pulu saxlanc yer kimi istifadə etdiyi yerə görə yoldaşına verir. Bldirmişdir ki iddiaçının verdiyi 1000 manat pul ümumi məbləğə aid olacaqdır. Yəni iddiaçı 41000 manat yox 45000 manat verməlidir. Belə ki, iddiaçı ona pulu birdəfəlik ödəmədiyin üçün o, torpaq sahəni 41000 manata deyil 45000 manata satır. Hazırda iddiaçının ona 3000 manat borcu qalmışdır. Əlavə tikiliyə görə əlavə pul ödənilsə satar. İddiaçı bu təklif ilə razılaşmasına baxmayaraq həyat yoldaşına verdiyi 1000 manat pulu və yazdığı saxta kağız parçasına istinad edərək onları məhkəməyə vermişdir. Hesab edir ki, iddia əsassızdır. Onların heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsində ətraflı şəkildə izahat versə də məhkəmə qətnaməsində izahatı öz əksini tapmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh1 apellyasiya şikayətinin tələblərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 14 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
13. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 1091 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Maddə 1092.2 əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda müəyyən edilir ki, qətnamə iddia tələbinin cavabdehlərindən 1500 (bir min beş yüz) manat pulun tutulması hissəsində mübahisələndirilmişdir. Həmçinin iddia tələbi təmin olunmayan hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin cavabdehlərindən 1500 (bir min beş yüz) manat pulun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində və iddia tələbinin iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasının təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, aralarında olan razılığa əsasən əgər iddiaçı 41000 manat pulu birdəfəlik ödədiyi halda cavabdeh ondan qalan 4000 manat pulu tələb etməyəcək. İddiaçı cavabdehin bu təklifilə razılaşmışdır. Amma alqı-satqı aparıldığı vaxtı iddiaçı ona ödəməli olan 41000 manatı hissə-hissə ödədiyi üçün yəni 8 aya ödədiyi üçün cavabdeh iddiaçıya bildirmişdir ki, iddiaçı ona 4000 manat pulu da ödəməlidir. İddiaçının verdiyi 1000 manat pul ümumi məbləğə aiddir. Hazırda iddiaçının ona 3000 manat borcu qalmışdır.
29. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya şikayətindən qeyd edilən halın sübut edilməsi cavabdehin üzərinə düşür. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
30. Hazırki işdən isə göründüyü kimi, Cavabdeh1 özü tərəfindən birinci instansiya məhkəməsində və apellyasiya şikayətində etiraf edilmişdir ki, torpaq sahəsini ilkin olaraq 41000 manat olmaqla razılaşdırılmış və satılmışdır, qiymətin 45000 manata razılaşdırılması isə işin halları ilə müəyyən edilmir və bu barədə cavabdeh tərəfindən əsaslı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən və cavabdehin apellyasiya icraatı zamanı vermiş olduğu izahatdan görünür ki, Cavabdeh2 saxlanc yerini 1500 manata İddiaçı satmış və əldə olunan pul vəsaitini həyat yoldaşı, yəni iş üzrə digər Cavabdeh1 vermişdir.
31. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 1500 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır.
32. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-543/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.