Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8108/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh15 MTK və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-191/2020 saylı, 04 may 2021-ci il tarixli qərardadından Cavabdeh15 MTK-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh15 MTK və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-191/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh15 MTK-nin direktoru Cavabdeh11 22.04.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəmsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh15 MTK-nin direktoru Cavabdeh11 apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iş üzrə Cavabdeh15 MTK-nin direktoru Cavabdeh11 məhkəməyə ərizə ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)- 191/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh15 MTK-nin nümayəndəsinin şikayəti Məhkəmənin 07 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-191/2020 saylı qətnaməni Cavabdeh15 MTK 02 noyabr 2020-ci il tarixdə rəsmi əldə etmiş və 11.02.2021-ci il tarıxdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-191/2020 saylı, 04 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8108/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8108/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver