Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-811/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:maddi ziyanın ödənilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzil İddiaçı, həmin binanın 19 saylı mənzili isə Cavabdeh mülkiyyətində və faktiki istifadəsindədir. İddiaçı qonşu mənzildən onun mənzilinə su axıdıldığını iddia edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 nömrəli mənzildən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin yataq otağına suyun axıdılması nəticəsində mənzilin tavanına vurulan 500 manat dəyərində maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, 2000 manat dəyərində maddi zərərin əvəzinin ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 29-də yerləşən 19 nömrəli mənzildə qüsurlu su və kanalizasiya xətlərinin təmir edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xamıyev Mirtağı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh iddiaçının üst qonşusudur və Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh məxsus 19 saylı mənzilin mətbəxi iddiaçının mənzilinin yataq otağının üzərindədir və həmin mətbəxdən iddiaçının evinə su axır. İddiaçı cavabdehə müraciət edərək şikayətini bildirsə də, sonuncu iddiaçının bu müraciətlərini nəzərə almamış, nəticədə maddi zərər daha da atrmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-1031/2024) iddia qismən təmin olunaraq, cavabdehdən mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 1023 (bir min iyirmi üç) manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17-ci mənzilinə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 19-cu mənzilindən su axıdılması nəticəsində zərər dəymişdir. İddiaçı vurulmuş zərərin 2000 manat məbləğində olduğunu iddia etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində zərərin məbləği 1023,0 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1023,0 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməlidir.
7. Məhkəmə iddia tələbinin Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 29-də yerləşən 19 nömrəli mənzildə qüsurlu su və kanalizasiya xətlərinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən mənzilinin su və kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırıldığına görə, qeyd edilən tələbin təmin edilməsi üçün faktiki əsaslar da aradan qalxmışdır. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən sübutları düzgün qiymətləndirməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzilinə su axıdılmasına istinad edərək ona dəymiş maddi zərərin ödənilməsini tələb edir. Cavabdeh iddianı etiraf etmir.
21. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 17 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və sairə) qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıldığı və nəticədə 17 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğunu müəyyən etmişdir. 19 saylı mənzil təmirli olunduğundan, su kanalizasiya xətlərin gözlər görünən hissələrinin üzərində qüsur olmadığından, 17 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 17 saylı mənzilə su sızması 19 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayon, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta baza qiymətinə uyğun dəyəri təqribən 1023,0 manat məbləğində müəyyən olunmuşdur.
22. Birinci instansiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qəbul edərək və işin araşdırılan və müəyyən edilən hallarına əsaslanaraq vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1023 manat pul vəsaitinin tutulmasını qət etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddianı etiraf etməsə də, ekspert rəyi ilə cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su sızması nəticəsində sonuncuya ziyan dəydiyi faktı müəyyən olunmuşdur.
25. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
27. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığı təsdiq olunmuşdur.
28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları tam araşdırılmış, ziyanın yaranma səbəbini və həcmini müəyyənləşdirmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert rəyinə əsasən 17 saylı mənzildə mövcud olan qüsurların 19 saylı mənzildən su sızma nəticəsində əmələ gəlməsi, həmin qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta baza qiymətinə uyğun dəyərinin təqribən 1023,0 manat məbləğində olduğu müəyyən olunmuşdur.
29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur.
30. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.
31. Qeyd edilənlərə əsasən Kollegiya iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
32. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
33. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.