Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8116/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1429/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7208,59 manat əsas, 1253,35 manat faiz, cəmi 8461,69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə borc alana kredit xətti ayırır və ssuda hesabı açır, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08.04.2021-ci il tarixə "xxxx" KB ASC-yə 7208,59 manat əsas, 1253,35 manat faiz, cəmi 8461,94 manat 30 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1429/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 7208,59 manat əsas borc, 1253,35 faiz borcu olmaqla, cəmi 8461,94 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir (Kamran Əsədov).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1429/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilib faiz borcunu azaldılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə bağlanmış 07.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı iddia ərizəsində əsas borc 7208.59 manat göstərmiş, həmin əsas borca 1253,35 manat faiz hesablanmışdır. Cavabdeh şikayətində indiyə kimi banka kifayət qədər pul ödədiyini və həmin pulun xeyli hissəsi də faiz borcuna hesablandığını, həmçinin məhkəmədə faiz borcunun müqdarının cox olması halı araşdırılmadığını qeyd etmişdir . Tərəflərin izahatları:
6. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. İş materiallarında olan 07.08.2019-cu il tarixli, 559nkXRD/19 saylı kredit və X4 surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 23 % ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir.
11. 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.04.2021-ci il tarixə "xxxx" KB ASC-yə 7208,59 manat əsas borcu, 1253,35 manat faiz borcu olmaqla, cəmi 8461,94 manat borcu vardır. Hüquqi dəyərləndirmə:
12. Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
18. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Kollegiya hesab edir ki, 07.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana 24 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürməsi işin mübahisələndirilməyən halını təşkil edir.
21. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 08.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" KB ASC-yə 08.04.2021-ci il tarixə "xxxx" KB ASC-yə 7208,59 manat əsas borcu, 1253,35 manat faiz borcu olmaqla, cəmi 8461,94 manat borcu vardır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da qeyd edilən müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
22. Banka kifayət qədər pul ödədiyini və həmin pulun xeyli hissəsinin də faiz borcuna hesablandığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh faiz borcunun artıq hesablanması faktını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında bu halı təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir.
23. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktublarından görünür ki, "xxxx" KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir
24. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh 7208,59 manat əsas borcu, 1253,35 manat faiz borcu olmaqla, cəmi 8461,94 manat borcu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsindən ibarət olan birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1429/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.