Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8118/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Ələkbərovun iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı mübahisə Bakı şəhəri, Səbail rayonu, 10-cu Park döngəsi, ev № 6-da yerləşən 5 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçının mülkiyyətində olub. xx.xx.2020-ci il tarixdə iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında mənzilin 173.250 manata alqı-satqısı barədə notariat qaydasında müqavilə bağlanıb. Tələb və onun həlli: İddia ərizəsində 3 tələb irəli sürülüb: 1) mənzilin yerləşdiyi binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması iddiaçının pis rəftara məruz qalmamaq hüququnun, habelə mənzil və mülkiyyət hüququnun pozulması hesab edilsin; 2) mənzilin alqı-satqısına dair xx.xx.2020-ci tarixli müqavilə etibarsız hesab edilsin; 3) maddi zərərin əvəzi kimi 399.626,1 manat, mənəvi zərərin əvəzi kimi 500.000 manat kompensasiya cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia onunla əsaslandırılıb ki, mənzilinin yerləşdiyi binanın yaxınlığında yerləşən Nazirlər Kabinetinin inzibati binasının genişləndirilməsi məqsədilə 2020-ci il yanvar ayının ortalarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları sakinlərdən mənzillərini tərk etməyi tələb ediblər, həmin binanın yerində yeni bina tikilməsi barədə Nazirlər Kabinetinin sərəncamının olduğunu bildiriblər və mənzillərin əvəzində isə hər kv.metr sahəyə görə 2.500 manat kompensasiya ödəniləcəyini bildiriblər. İcra Hakimiyyətinin nümayəndələri dəfələrlə iddiaçının mənzilinə gələrək onun və başqa mənzillərin mülkiyyətçilərinin qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi və pilləkənlərin söküləcəyi ilə hədələyiblər. xx.xx.2020-ci il tarixində binanın dağıdılmasına başlanılıb, daha sonra boşaldılmış mənzillər sökülüb, yükdaşıyan divar və konstruksiyalar zədələnib, söküntü işləri davamlı dözülməz səs-küylə müşayiət olunub, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya kəsilib. Bu barədə müxtəlif dövlət orqanlarına edilmiş çoxsaylı şikayətlər müsbət nəticə verməyib. Bütün bunların nəticəsində isə iradəsində zidd olaraq alqı-satqı müqaviləsi bağlayıb. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Ələkbərov apelyasiya şikayətənin əsassız olduğunu bildirdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: İşdə 3 tələb var. Məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: Birinci tələb: Birinci tələb ondan ibarətdir ki, mənzilin yerləşdiyi binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması iddiaçının pis rəftara məruz qalmamaq hüququnun, habelə mənzil və mülkiyyət hüququnun pozulması hesab edilməlidir. İddiaçının əsaslandırmasına görə binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması aşağıdakı hərəkətlərdə ifadə olunub: 1) binada boşaldılmış mənzillər sökülüb, 2) binanın yükdaşıyan divar və konstruksiyaları zədələnib; 3) davamlı səs-küy salınıb, 4) elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətləri bağlanıb; 5) psixoloji təzyiqlərə yol verilib və digər narahatçılıq yaradılıb. Lakin binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması təsdiq olunmur. Belə ki, iddiaçı bildirir ki, mənzilin yerləşdiyi binanın sökülməsinə başlandıqdan 13 gün sonra o, öz mənzilinə dair alqı-satqı müqaviləsi bağlayıb: müqavilə xx.xx.2020-ci il tarixə bağlanılıb, iddia ərizəsində isə qeyd olunub ki, binanın dağıdılmasına xx.xx.2020-ci il tarixdə başlanılıb. Ona görə də iddiaçı yuxarıda göstərilən 5 hərəkətin 13 gün ərzində edildiyini təsdiq edən sübutlar təqdim etməlidir. Müxtəlif dövlət orqanlarına edilmiş müraciətlər binanın yaşayış üçün yarıtmaz vəziyyətə salındığını təsdiq edən sübut sayılmır. Belə ki, müraciətlər əsaslı və əsassız ola bilir. Müraciətlərin əsaslı olduğunu onların ünvanlandığı dövlət orqanları təsdiq etməyiblər. Əgər müraciətlərə baxılması ilə əlaqədar pozuntuya yol verilmişdirsə bundan şikayət edilə bilərdi. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.0.8-ci maddəsinə görə müraciətinə baxılan vətəndaşın hüququ vardır ki, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət versin. Bundan başqa, qanunsuz hərəkətlərə məruz qalan vətəndaşların müvafiq foto və video çəkiliş aparması və mübahisə zamanı məhkəməyə təqdim etməsi məhkəmə təcrübəsində geniş yayılmış və mötəbər sübutetmə vasitələrindən biridir. Lakin iddiaçı binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınmasını təsdiq edən foto və ya video görüntülər təqdim etməyib. O cümlədən iddiaçı binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınmasının şahidi olan şəxslərin (qonşuların və s.) dindirilməsi barədə vəsatət qaldıra bilərdi, lakin iddiaçı bunu da etməyib. Bundan başqa, əgər iddiaçının mənzilinə verilən su, təbii qaz və elektrik enerjisi kəsilmişdirsə, iddiaçı sayğacın göstəricilərini və ya mənzilin su, təbii qaz və elektrik enerjisi ilə təchizatını həyata keçirən müəssisənin arayışını məhkəməyə təqdim edə bilərdi, lakin iddiaçı bunu etməyib. Göründüyü kimi, iddiaçı pis rəftara məruz qalmayıb, mənzil və mülkiyyət hüququ pozulmayıb. İkinci tələb: İkinci tələb ondan ibarətdir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İddiaçının əsaslandırmasına görə müqavilə aşağıdakı səbəblərdən etibarsız hesab olunmalıdır. 1) müqavilə hakimiyyətdən sui-istifadə nəticəsində bağlanıb; 2) müqavilə ağır vəziyyətə düşmə nəticəsində bağlanıb; 3) müqavilə məburetmə nəticəsində bağlanıb. Belə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 339-cu maddəsində müəyyən edilib. Lakin alqı-satqı müqaviləsinin hakimiyyətdən sui-istifadə, ağır vəziyyətə düşmə və ya məcburetmə nəticəsində bağlandığını təsdiq edən sübutlar yoxdur. Sübut etmə ilə bağlı birinci tələbə münasibətə yuxarıda qeyd edilənlər ikinci tələbə də aiddir. Ona görə də tələb əsassızıdır Üçüncü tələb: Üçüncü tələb ondan ibarətdir ki, maddi və mənəvi zərərin əvəzi ödənilsin. Bu tələbin həlli birinci və ikinci tələblərin həllindən asılıdır. Çünki Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrindən görünür ki, “zərər” və “mülki məsuliyyət” anlayışlarının əsasında hüquqa zidd davranış dayanır. Lakin cavabdehlərin iddiaçıya qarşı hüquqa zidd davranışa (pis rəftar, hakimiyyətdən sui-istifadə, əqd bağlamağa məcburetmə və s.) yol verdiyi müəyyən olunmur. Ona görə də zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində 3 vəsatət irəli sürülüb. Birinci vəsatət ondan ibarətdir ki, Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 764s №-li sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş bütün sənədlər tələb edilsin. Vəsatət əsassızdır. Belə ki, sərəncam inzibati aktdır, hazırkı işdə sərəncam mübahisələndirilməyib. Mülki-Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İkinci vəsatət ondan ibarətdir ki, Bakı ŞİHB-nın xx.xx.2019-cu il tarixli, 409 №-li sərəncamının qəbul edilməsinə əsas olmuş bütün inzibati icraat materialları, habelə indiyədək bağlanmış alqı-satqı müqavilələri, mülkiyyətçilərdən alınmış evlərə, mənzillərə, sahələrə görə xərclənmiş vəsait, sakinlərin başqa yerə köçürülməsi üçün cəmi ayrılmış ümumi vəsait barədə sənədlər tələb olunsun. Vəsatət əsassızıdır. Belə ki, birinci vəsatətə münasibətdə yuxarıda qeyd edilənlər hazırkı vəsatətə də aiddir. Üçüncü vəsatət ondan ibarətdir ki, DİN və FHN-nin “Qaynar xətt” əlaqə mərkəzlərinə iddiaçıdan daxil olmuş müraciətlər və bu müraciətlər əsasında görülmüş tədbirlər barədə həmin qurumlardan məlumatlar tələb olunsun. Vəsatət əsassızdır. Belə ki, əgər həmin qurumlara edilmiş müraciətlərə baxılmayıbsa, yaxud müraciətlərə baxılması nəticəsində qəbul edilmiş qərarla iddiaçı razılaşmayıbsa, belə halda o, “Vətəndaşların müraciətləri haqqında” Qanunun müddəlarına uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər. Hazırkı işdə bu məsələ ilə bağlı şikayət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8118/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8118/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver