Məhkəmə qərarları › İş №2(103)-812/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-812/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-812/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh ASCnin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar, cavabdeh ASC-yə qarşı birgə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 vurulmuş maddi zərərin əvəzi olaraq 1.600 manat, mənəvi zərərin əvəzi olaraq 2.000 manat, İddiaçı2 vurulmuş maddi zərərin əvəzi olaraq 1.600 manat, mənəvi zərərin əvəzi olaraq 2.000 manat, İddiaçı3 vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat, mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Siyəzən rayonun Yenikənd kəndinin sakinləridir və həyətyani sahədə mal-qara saxlayırlar. İddiaçılara məxsus malqara həmişə olduğu kimi, xx.xx.2019-cu il tarixdə kəndin yaxınlığında otlaqda olmuşdur. Saat 11:45 radələrində iddiaçılara məlum olmuşdur ki, heyvanlar otarılan zaman elektrik cərəyanına düşmüş və tələf olmuşlar. Hadisə yerinə getdikdə iddiaçılar, kəndin yaxınlığından dayaq sütunları vasitəsi ilə keçən elektrik xəttinin qırılaraq yerdə olmasını və 3 heyvanın, yəni hər bir iddiaçıya məxsus bir iri buynuzlu mal-qaranın tələf olduğunu görmüşlər. İddiaçılar bu barədə X2 Təchizatı və Satışı İdarəsinin Siyəzən Elektrik Şəbəkəsinə və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kəndi üzrə İcra Nümayəndəliyinə dərhal məlumat vermişlər. Bundan sonra X1 işçiləri hadisə yerinə gələrək qırılmış elektrik xəttini zərərsizləşdirmiş və hadisənin nəticəsinin şahidi olmuşlar. Odur ki, vurulan ziyanın mövcudluğu, o cümlədən heyvanların tələf olması xx.xx.2019-cu il tarixdə beş nəfərin iştirakı ilə tərtib edilmiş və Siyəzən RİH başçısının Yenikənd kəndi üzrə icra nümayəndəsinin imzası ilə təsdiq edilmiş akt ilə təsdiq olunur. İddiaçıların hesablamalarına görə, mal-qaranın tələf olması nəticəsində iddiaçılardan İddiaçı1 və İddiaçı2, hər birinə 1.600 manat, İddiaçı3 isə 1.000 manat məbləğində maddi zərər dəymişdir ki, cavabdeh ASC həmin zərəri iddiaçılara ödəməlidir. Bundan başqa iddiaçılar hesab edirlər ki, onlara vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh ASC-dən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə, hər birinə 2.000 manat, İddiaçı3 xeyrinə isə 1.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh ASC-dən İddiaçı1 vurulmuş maddi zərərin əvəzi olaraq 1.600 manat, İddiaçı2 vurulmuş maddi zərərin əvəzi olaraq 1.600 manat, İddiaçı3 vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul tutulmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh ASC qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi barədə hissəsinin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin qətnaməsi səhvdir; həmin hissədə Rayon Məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır; Rayon Məhkəməsi nəzərə almamışdır ki, baş vermiş hadisədə ASC-nin heç bir təqsiri yoxdur. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının yeri və vaxtı barədə xəbərdar olunmuş digər iddiaçılar, həmçinin cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələblərinin bir qismi təmin edilməsə də, iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Siyəzən RİH başçısının Yenikənd kəndi üzrə icra nümayəndəsi tərəfindən təsdiq edilmiş və Yenikənd kəndinin 5 nəfər sakini tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, mal-qara otlayan örüş sahəsindən keçən yüksək gərginlikli elektrik xətti nəzarətsiz qalması nəticəsində həmin əraziyə qırılıb düşməsi səbəbindən İddiaçı1 məxsus bir baş iribuynuzlu inək (dəyəri 1.600 manat), İddiaçı2 məxsus bir baş iribuynuzlu inək (dəyəri 1.600 manat) və İddiaçı3 məxsus bir baş iribuynuzlu inək (dəyəri 1.000 manat) tələf olmuşdur. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qətnamədən narazı qalmış cavabdeh ASC apellyasiya şikayətində bildirir ki, baş vermiş hadisədə ASC-nin təqsiri yoxdur. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili birmənalı olaraq əsassızdır. Belə ki, iddiaçılara məxsus 3 baş iri buynuzlu mal-qaranın örüş sahəsindən keçən yüksək gərginlikli elektrik xəttinin qırılıb əraziyə düşməsi nəticəsində tələf olması işin müəyyən edilmiş halıdır və yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli akt ilə təsdiq edilməklə yanaşı, ASC tərəfindən də, mübahisələndirilmir. Bunu və elektrik xətlərinin işlək, istismara yaralı və ətrafdakılar üçün təhlükəsiz vəziyyətdə saxlanılması ASC-nin vəzifəsinə daxil olmasını nəzərə alan Məhkəmə hesab edir ki, baş vermiş hadisədə onun təqsirinin olmamasını bildirən ASC, hadisənin başqa şəxsin və qarşısı alınmayan təsirin nəticəsində baş verməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmək vəzifəsini daşıyır, lakin ASC bu kimi sübutları təqdim etməmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən olunur ki, qanunvericilik ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (yüksək gərginlikli elektrik enerjisindən istifadə) nəticəsində vurulan zərərə görə hüquqi və fiziki şəxslərin məsuliyyətini nəzərdə tutur. Həmin şəxslər o vaxt məsuliyyətdən azad edilə bilərlər ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Lakin hazırki iş üzrə cavabdeh ASC bu hallarla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar