Məhkəmə qərarları › İş №2(103)-8120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8120/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8120/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh2, onun nümayəndəsi (vəkili) X5, digər Cavabdeh1 və nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək cavabdehlərdən müştərək qaydada 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-3003/21) iddia tələbi qismən təmin edilərək Cavabdeh2 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL- *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı 99-LL294 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış 99LL291 dövlət nişanlı Mitsubishi Pajero markalı, 99LL296 dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, 99LL294 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL295 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X22, X22 Prado və Mitsubishi Pajero 14.12.2018-ci il tarixdə X7 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. 05.05.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmişdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik.” Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və 07.05.2019-cu il tarixdə Cavabdeh2 ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqı-satqısına dair müqavilələr 07.05.2019cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqvailələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə 08.04.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun tərəfindən heç vaxt aldadılmamışdır. Ümumiyyətlə, iddia tələbində göstərilən avtomaşınlar formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, həmin avtomaşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyindən onun və Cavabdeh2 pul vəsaitinə alınmışdır. Bu zaman İddiaçı tərəfindən hər hansı bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Həmin maşınların sonradan təmiri də onun tərəfindən verilmiş pul vəsaitləri hesabına həyata keçirilmişdir. Sonradan İddiaçı adına olan beş avtomabili alqısatqı edərək Cavabdeh2 adına rəsmiləşdirmişlər. Həmin vaxt beş ədəd avtomabillərin dəyəri olan 96 000 manat İddiaçı vermədik. Çünki İddiaçı adına avtomobillər formal alınmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbində göstərilən avtomaşınların dəyəri alqı-satqı müqavilələrindən öncə onun tərəfindən ödənilmişdir. Avtomobillərin onun adına keçirilməsi ilə bağlı İddiaçı heç bir pul ödəməmişdir. O, Azərbaycan Respublikasında olmadığından maşınlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyindən alındıqdan sonra formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Odur ki, o, Azərbaycana qayıtdıqdan sonra onunla iddiaçı arasında alqı-satqı müqavilələri bağlanaraq avtomaşınlar onun adına keçirilmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayında Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin o zaman onun aldadılması və alqı-satqı müqavilələri bağlanarkən maşınların dəyərinin ödənilməməsi barədə şikayət etməmişdir. Ümumiyyətlə, iddiaçının bu iddiasının verilməsinin əsas səbəbi cavabdehlər tərəfindən iddiaçıya qarşı pul tələbinə dair iddiaya maneəçilik törətməkdir. Belə ki, hələ İddiaçı tərəfindən hazırkı iddia məhkəməyə verilməmişdən əvvəl iddiaçı Cavabdeh1 cavabdehlər X3 və İddiaçı Sövdəyər oğluna qarşı hazırki iş üzrə mübahisələndirilən avtomobillərə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi icraata qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə heç bir hüquqi əsas olmadan 07 may 2019-cu il tarixli müqavilələrə əsaslanaraq cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Belə ki, həmin müqavilələrə baxış keçirilən zaman hər bir müqavilənin 2-ci bəndinin də məzmunundan görünür ki, “nəqliyyat vasitələri 20000 (20000, 20000, 18000, 18000) manata satılıb və bu məbləği satıcı alıcıdan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş X8, X1, X4, X11, X12 və X9 öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Bu sübutlar məhkəmə tərəfindən mötəbər sayılmış və Ali Məhkəməyə qədər bu sübutların mötəbərliyi öz təsdiqini tapmışdır. Tam şəkildə sübut olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu hər hansı pul ödənişi və ya yerinə yetirilməli digər öhdəliyi yoxdur. Bunlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Müqavilələr, şahid ifadələri və digər bütün sübutlarla iddiaçının iddiasının təmin edilməsi üçün əsaslar olmadığı görünür. Cavabdeh2 və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Digər Cavabdeh1 və nümayəndəsi (vəkili) T.Azayev də Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İddiaçı və vəkili apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirilmişdir. Qətnamə iddianın rədd olunan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 07.05.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı 13.04.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi alqı-satqı müqavilələri üzrə ödənilməli olan 96 000 manatın, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manatın və hüquqi yardıma görə ödənilmiş 310 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədədir. Birinci instansiya məhkəməsində izahat verərkən Cavabdeh1 iddianı qəbul etməmiş və göstərmişdir ki, mübahisələndirilən avtomobillər onun və digər Cavabdeh2 vəsaiti hesabına əldə olunmuş, iddiaçı tərəfindən hər hansı vəsait ödənilməmiş, avtomobillər iddiaçının adına formal olaraq rəsmiləşdirilmiş, elə buna görə də alqı-satqı zamanı müqavilələrdə göstərilən məbləğlər iddiaçıya ödənilməmişdir. Digər Cavabdeh2 da iddianı qəbul etməmiş və avtomobillərin dəyərinin onun tərəfindən ödənildiyini, iddiaçı tərəfindən hər hansı vəsait ödənilmədiyini, avtomobillərin onun adına formal olaraq rəsmiləşdirildiyini, bu səbəbdən də alqı-satqı vaxtı iddiaçıya müqavilə məbləğlərinin ödənilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi 07.05.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən avtomobillərin Cavabdeh2 tərəfindən əldə edildiyini və Cavabdeh2 müqavilə məbləğlərini təşkil edən 96 000 manat pul vəsaitinin iddiaçıya ödənilməməsini təsdiq etdiyini nəzərə alaraq iddianı Cavabdeh2 aid hissədə təmin etmiş, digər Cavabdeh1 aid hissədə isə onun müqavilə tərəfi olmadığı və iddiaçı tərəfindən ona pul verilməsinin kifayət qədər əsaslandırılmadığı qeyd olunaraq iddia rədd olunmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avtomobilləri Cavabdeh2 mülkiyyətinə versə də, sonuncu həmin avtomobillərin dəyərini ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci və s. maddələri ilə əsaslandırmışdır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 mübahisələndirmişdir və apellyasiya baxışının predmetini yalnız ona aid hissə təşkil edir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bir sıra halların, o cümlədən alqı-satqı müqavilələrində iddiaçının müqavilə məbləğlərini almasına dair qeydin olmasının, iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddiasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasının nəzərə alınmaması və sübutların düzgün qiymətləndirilməməsi barədədir. Məhkəmə kollegiyası həmin dəlilləri aşağıdakılara görə əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir (i.v.72). Apellyasiya baxışı zamanı Cavabdeh2 avtomobillərin dəyərini əvvəlcədən ödəməsinə aydınlıq gətirərkən bildirdi ki, o, alınacaq avtomobillərə görə Cavabdeh1 cəmi 10 000 manat pul vermişdir. Göründüyü kimi, Cavabdeh2 avtomobillərə görə nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı məbləğ ödəməmişdir. Cavabdeh2 Cavabdeh1 pul verməsinə gəldikdə isə onun hazırkı iş üzrə İddiaçı aidiyyəti yoxdur. O, Cavabdeh1 verdiyi məbləği geri tələb etmək hüququnu özündə saxlayır. Alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə 22.02.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın dəyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilini də əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbinə əsasən hazırkı işdə iddiaçı mübahisələndirdiyi avtomobillərin ona məxsusluğunu və alqı-satqı zamanı onların dəyərinin həqiqətən də ödənilmədiyini sübut etməlidir. Avtomobillərin iddiaçının mülkiyyətində olması X19 verdiyi müvafiq sənədlərlə, eləcə də alqı-satqı müqavilələri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keçdiyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10 000 mamat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya baxışının predmeti olan hissədə sübuta yetirsə də, cavabdeh (apelyator) həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar