Məhkəmə qərarları › İş №2(103)-813/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-813/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-813/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(005)- 2431/2011 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(005)- 2431/2011 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 84.872,12 (səksən dörd min səkkiz yüz yetmiş iki manat 12 qəpik) manat, faiz borcu üzrə 25.107,74 (iyirmi beş min bir yüz yeddi manat 74 qəpik) manat, ümumilikdə 109.979,86 (bir yüz doqquz min doqquz yüz yetmiş doqquz manat 86 qəpik) manat məbləğində kredit borcunun, qətnamə çıxarılan gündən borc öhdəliyi icra olunan günədək hesablanılacaq faiz və cərimə məbləğlərinin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin olunmuş məhkəmə iclasından xəbəri olmamışdır. O məhkəmə iclasından və çıxarılmış qətnamədən əyani olaraq 01.10.2019-cu il tarixədək məlumatı olmamışdır. 27.09.2019-cu il tarixdə icra məmuru onunla əlaqə saxlayarkən şifahi olaraq məlumat əldə etmişdir ki, onun barəsində qətnamə qəbul olunmuşdur. Odur ki, onun qətnamədən məlumatı olmadığı üçün və əsassız olaraq qətnamə qəbul edildiyi üçün qətnamə ləğv edilməlidir. Bundan əlavə qeyd olunan qətnamədə əsassız olaraq əsas borc və faiz borcu şişirdilmişdir. O kredit götürdüyü müddətdən sonra kifayət qədər ödənişlər etmişdir. Lakin əsassız olaraq məhkəmə qətnaməsində şişirdilmiş əsas və faiz borcu qeyd olunmuş, hələ bu azmış kimi qətnamə çıxarılan gündən borc öhdəliyi icra olunan günədək hesablanacaq faiz borcu da qət edilmişdir. O krediti tikinti və təmir işləri üçün götürmüşdü. Yüksək qədər kredit borcundan ödəniş etdikdən sonra müflis oldu və kredit borcunu tam ödəyib qurtara bilməmişdir. Onun hazırda banka cüzi borcu qalmalı idi. Çünki kifayət qədər ödənişlər etmişdir. Hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, əsas və faiz borcu düzgün hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 31.08.2009cu il tarixli, KM/FŞ 108 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 125000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi və kredit və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 27 aprel 2011-ci il tarixli pretenziya məktubu ilə cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10.08.2021-ci il tarixli 9/2422 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 31 avqust 2009-cu il tarixli, KM FŞ 108 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh 31.08.2011-ci il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" ASC-yə olan borcu 99.514,62 AZN məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 75.550,70 AZN, faiz borcu üzrə 23.963,92 AZN. Həmçinin, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 06.09.2011-ci il tarixdən 04.11.2013-cü il tarixədək ümumilikdə 14.264,75 AZN məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 14.264,75 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 85.249,87 AZN (99.514,62-14.264,75) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 61.285,95 AZN, faiz borcu üzrə 23.963,92 AZN. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, Cavabdeh 61.285,95 manat əsas borc, 23.963,92 manat faiz borcu iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır Kollegiya həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 61.285,95 manat, faiz borcu üzrə 23.963,92 manat, ümumilikdə 85.249,87 manat məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(005)- 2431/2011 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 61.285,95 manat, faiz borcu üzrə 23.963,92 manat, ümumilikdə 85.249,87 manat məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutulsun İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçı "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar