Məhkəmə qərarları › İş №2(103)-8131/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8131/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8131/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələblərinə dair mülki i üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, 2000 ABŞ dollarının İddiaçı4, 17000 ABŞ dollarının İddiaçı1, 10000 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı2, 10000 ABŞ dollarının İddiaçı3 xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 10.06.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmudur. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 şikayət vermə müddətinin bərpasını xahiş etmiş, məhkəmənin 03.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmayaraq apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Sonradan Cavabdeh1 təkrarən ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 01.07.2021-ci il tarixli qərardadı ilə ərizə növbəti dəfə təmin edilməyərək apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət adı ilə məhkəməyə ünvanladığı ərizə məhkəmənin 15 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində həmçinin şikayət verən şəxsin tələbi göstərilməlidir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Adı çəkilən Məcəllənin 398-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. Cavabdeh1 “şikayət” adlandırdığı ərizəsindən görünür ki, o, 01.07.2021-ci il tarixli qərardadın qanunsuzluğunu ümumiyyətlə əsaslandırmamış və qərardadla bağlı heç bir xahiş irəli sürməmiş, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməyən həmin ərizəni şikayət kimi qiymətləndirərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ərizəsi qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş və həmin məhkəmə tərəfindən qərardaddan şikayət kimi qiymətləndirilən ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar